Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Ermənistanın işğalçı dövlət olduğunu bir daha dünyaya çatdırdı

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında işğalçı Ermənistana qarşı informasiya mübarizəsinin önəmini hər zaman diqqətə çatdırıb, düşmənin haqqımızda daim təhrif edilən, yalan məlumatlar, uydurma faktlar yaydığını vurğulayaraq, buna adekvat cavab verilməsinin, həqiqətlərimizin dünyaya çatdırılmasının zəruriliyini xatırladıb. Dövlətimizin başçısı son 17 ildə bu məsələni diqqətdə saxlayaraq, aparıcı telekanallara və informasiya agentliklərinə ardıcıl müsahibələr verib. Ölkə rəhbəri Vətən müharibəsi günlərində və ondan sonrakı dövrdə də səmərəli fəaliyyəti ilə informasiya müharibəsində boşluğun yaranmasının qarşısını alıb. Belə bir vəziyyət isə təbii ki, Ermənistan tərəfindən yayılan saxta xəbərlərin (fake news), necə deyərlər, ayaq açıb yeriməsinə imkan verməyib.

Beləliklə, Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan səmərəli fəaliyyəti işğalçı ölkənin uzun illər bu istiqamətdə apardığı mübarizənin tam fiaskoya uğramasını şərtləndirib.
Artıq beynəlxalq ictimaiyyət də Ermənistan mediasında yayılan xəbərlərin həqiqətdən uzaq olduğunu başa düşür, haqq-ədalətin kimin tərəfində dayandığını dərindən dərk edir.
Bu baxımdan Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını Azərbaycanın informasiya cəbhəsində düşünülmüş sistemli, eyni zamanda, fakt və dəlillərə əsaslanan səmərəli fəaliyyətinin davamı kimi qəbul etmək olar.
Dövlətimizin başçısı həmin konfransada səsləndirdiyi mesajlarla, diqqətə yönəltdiyi mühüm informasiyalarla Ermənistanın işğalçı dövlət olduğunu, illərdir ki, xalqımıza qarşı hərbi təxribatlar, terror aktları törətdiyini, şəhərlərimizi, kəndlərimizi dağıtmaqla barbarlıq nümayiş etdirdiyini bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırıb: “İşğal zamanı düşmən tərəfindən burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.
Dövlətimizin başçısı tərəfindən mətbuat konfransında səsləndirilən təkcə bu fikir beynəlxalq ictimaiyyətdə erməni faşizmi haqqında aydın təsəvvür yaradır. Dünya işğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllərdən xəbər tutur, viran qoyulan şəhər və kəndlərimizin, dağıdılan, təhqir edilən məscidlərimizin, yer üzündən silinən tarix və mədəniyyət abidələrimizin düşmənin nə qədər barbar, vəhşi olduğunu həmin mətbuat konfransında iştirak edən jurnalistlərin hazırladıqları video materiallardan görür.
Əlbəttə, bütün dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur düşmən Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədi güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar.
Lakin etiraf edək ki, hələ də işğalçı Ermənistanı beynəlxalq aləmdə dəstəkləyən qüvvələr az deyil. Bunun əsas səbəblərindən biri dünya erməniliyi və islamofob dairələrin, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malik olmaları ilə bağlıdır. Onlar Vətən müharibəsi dövründə, eləcə də indiki vaxtda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə haqq qazandırır, hətta azərbaycanlıları təcavüzkar kimi göstərməyə çalışırlar.
Belə bir şəraitdə təbii ki, Azərbaycan da sözügedən istiqamətdə öz fəaliyyətini gücləndirir. Ölkəmizin həm beynəlxalq hüquq, həm də tarixi ədalət baxımından haqqın tərəfində olduğu, əzəli torpağını işğalçıdan geri amaq məqsədilə vuruşub qalib gəldiyi üçün səsi daha gur eşidilir. Digər tərəfdən, qeyri-ənənəvi mətbuat vasitələrində, internet resurslarında yayımlanan məlumat və şərhlərdə düşmənin qəsbkar niyyəti onun öz “arqumentləri” ilə əsaslandırılır. Bu isə Ermənistanın informasiya müharibəsində zəifləməsinə, əvvəlki mövqelərini tədricən itirməsinə öz müsbət təsirini göstərir.
 

Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü

4 Mart 2021 00:48 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə