Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ aranlı – dağlı Azərbaycanın ayrılmaz hissəsidir

Giriş nitqində dövlət başçısı 26 fevral tarixinin Xocalı soyqırımının 29-cu ildönümü olduğunu xatırladaraq, bu dəhşətli vandalizm aktı haqqında xarici qonaqlara açıqlama verdi. Xocalı soyqırımı haqqında məlumatları və həqiqətləri dünyaya çatdırdı, erməni faşizmini, erməni qatillərini ifşa etdi.
Müxtəlif ölkə jurnalistlərinin çoxsaylı suallarına dəqiq və hərtərəfli cavab verən dövlət başçısı ilk növbədə Ermənistanı müharibədən sonra da beynəlxalq cinayətlər törətməkdə ittiham edərək, minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilmədiyini bildirdi. “Bu xəritələrin bizə verilməməsi dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir”,-- deyən dövlət başçısı bunun da cinayət olduğunu vurğuladı. Bütün bunlar işğaldan azad olunan ərazilərimizdə sürətli təmir-bərpa işlərinin aparılmasına, soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilmələrinə əngəl törədir.
Eləcə də, Dağlıq Qarabağın status məsələsi haqqında verilən suala çox kəskin cavab verərək ümumiyyətlə, bu məsələnin gündəlikdən çıxdığını bildirdi: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.
Bu konfrans zamanı Prezident tariximiz və gələcəyimiz üçün çox vacib digər məqamlara da toxundu. Dövlət başçısı işğaldan azad edilmiş rayonların bir qismi haqqında, o cümlədən “Şərqi Zəngəzur” terminindən istifadə məsələsinə öz fikrini bildirdi. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə Prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd etmişdi ki, vaxtilə türk dünyasının ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk ölkələri arasında coğrafi bağlantı pozulub.
Prezident, eyni zamanda, Minsk qrupunun da bu illər ərzində fəaliyyətinə toxunaraq bu qurumun otuz il davam edən danışıqlarının heç bir nəticə vermədiyini dilə gətirdi. Bu qrupun fəaliyyətinin nəticəsinin sıfıra bərabər olduğunu dedi. Eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişənin həlli istiqamətində işğalçı və işğala məruz qalana ikili standartlarla yanaşan bəzi dövlətlər və təşkilatlar reallıqdan uzaqlaşaraq, regiondakı münaqişənin müharibə yolu ilə həllinə şərait yaratdılar. Dövlət başçısı bildirdi ki, bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib, bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik.
Prezident İlham Əliyev jurnalistlərin Ermənistanın daxilində baş verənlərlə bağlı suallarına cavab olaraq, Azərbaycanın bu ölkədəki siyasi proseslərə müdaxilə etmək fikrində olmadığını qeyd etdi.
Dövlət başçısı Rusiya–Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması və bu mərkəzin nə kimi rol oynayacağı suallarına da ətraflı cavab verərək, qardaş ölkənin–Türkiyənin 44 günlük müharibədəki rolundan, dəstəyindən də danışdı. Qeyd etdi ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Mətbuat konfransında 35 media qurumunun 50-dən artıq sualını cavablandıran Prezident İlham Əliyev Ermənistanın bölgədə apardığı siyasəti ifşa etdi. 30 il ərzində bu dövlətin müxtəlif hərbi-siyasi rəhbərlərinin işğal altındakı ərazilərdə dinc sakinlərə qarşı törətdikləri soyqırımı, qırğınlara diqqəti çəkdi, onların tarixi abidələri, şəhər və rayonları yerlə-yeksan etdiklərini bildirərək, bu dövlətin faşist, varvar ruhlu olduğunu sübut etmiş oldu.
Bundan başqa, dövlət başçısı Ermənistanın, eləcə də Qarabağdakı separatçıların Azərbaycan xalqına qarşı illər boyu terror həyata keçirməsinə, mədəniyyət, tarixi-dini abidələri məhv etməsinə, işğal altında saxladığı ərazilərdə misilsiz talanlar, ekoloji fəlakət və digər müharibə cinayətləri törətməsinə baxmayaraq, yenə də birgəyaşayış tərəfdarı olduğunu bəyan etməklə, xalqımızın və dövlətimizin hər zaman sülh, əməkdaşlıq, dinc yaşayış tərəfdarı olmasının bir daha mesajını verdi.
Konfrans çərçivəsində cavablandırılan suallar dünya mətbuatının xəbər portallarının başlıqlarına çevrilərək, Azərbaycan dövlətinin nə dərəcədə güclü olduğunu sübut etdi.
Cənab İlham Əliyevin jurnalistlərin suallarına cavabları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox uğurlu siyasi addım idi. İnformasiya mübarizəsinin hər zaman mühüm olduğunu qeyd edən dövlət başçımız, artıq Azərbaycan haqqında yalan, qərəzli, uydurma faktları yayan bəzi dövlətlərin nümayəndələrinin də reallıqları görüb, onları qəbul etdiklərini xatırlatdı.
Türkiyənin Qlobal Jurnalistlər Şurası rəhbərinin cənab Prezidentə ünvanladığı suallar sırasında Dağlıq Qarabağın statusunun tam olaraq müəyyənləşdirilməsi məsələsinə aydınlıq gətirilməsi xahiş olunmuşdu. Prezidentin cavabı qətiyyətli oldu: “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, ona görə də status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır”.
Mətbuat konfransında bir sıra önəmli mesajlar verildi və bəlkə də, bir çoxlarının hələ də məlumatsız olduqları həqiqətlər işıqlandırıldı. Həmçinin Prezident vaksin məsələsinə də toxunaraq, pandemiyanın ilkin dövründən vəziyyətin nəzarətdə saxlandığını qeyd etdi: “Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmaların səviyyəsi kifayət qədər aşağıdır. Biz, həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış ilk ölkələrdənık. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra. Bu mübarizədə də Azərbaycan Prezidentinin uzaqgörənliyi sayəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuş və bununla da yoluxma sayını minimuma endirə nail bilmişik.
Ümumiyyətlə, ən başlıca amil kimi onu qeyd etmək lazımdır ki, Azərbaycanın qalibiyyəti məhz Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, möhkəm iradəsi və əzmi nəticəsində əldə olunmaqla, onun gündən-günə artan nüfuzu nəhəng dövlətləri belə ölkəmizin maraqları ilə hesablaşmağa məcbur edir.
İlham Əliyevin rəhbərliyi illərində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir və modernləşir. Onun siyasətinin ən ümdə məqsədi xalqının daha da xoş, firavan həyatını təmin etmək və Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri içərisində ön sıralara çıxarmaqdır.
Son illərdə ölkəmizin bir çox sahələrdə inkişafı, iqtisadiyyatının güclənməsi və yeni islahatlara addım atılması cənab Prezidentin ölkə naminə xidmətlərinin bariz sübutudur. Həmçinin onun dövlət strukturları arasında bürokratik maneələri aradan qaldırılması üçün apardığı islahatlar xalqın öz dövlət başçısına olan qüvənc və inamını daha da gücləndirmiş oldu.
Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqına və dövlətinə sədaqətli və layiqli xidmət prinsipidir. Və əminliklə demək olar ki, İlham Əliyevin rəhbərliyi ilə respublikamız irəliyə doğru inamla addımlayır və xoş gələcəyini təmin edir.


Siyavuş KƏRİMİ,
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor

4 Mart 2021 03:51 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə