Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın və dövlətimizin yeni şanlı tarixi

(əvvəli qəzetin 3 mart 2021-ci tarixli sayında)
2003-cü ildə xalqımızın, seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətini uğurla davam etdirməyə başladı. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyərək, müqəddəs Qurana və Azərbaycan Respublikasının Konstitusiyasına and içən dövlət başçısı verdiyi bütün vədlərin yerinə yetirilməsi üçün gecə-gündüz çalışdı və buna nail oldu. Möhtərəm İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını, işğalçı ermənilərin qədim və müqəddəs torpaqlarımızdan çıxarılacağını, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönəcəklərini qəti əminliklə bəyan etmişdi. Prezident, müzəffər Ali Baş Komandan vədinə xilaf çıxmadı, Azərbaycanın Ermənistan hərbi birləşmələri tərəfindən zəbt olunmuş əraziləri azad edildi.
Belə bir ibrətamiz deyim var: əgər sülh istəyirsənsə, o zaman müharibəyə hazır olmalısan. Azərbaycan Respublikası torpaqlarımızın işağl altında olduğu bu onilliklər ərzində həmişə münaqişənin dinc yolla, danışıqlar vasitəsilə, diplomatik yolla həllinə tərəfdar olub və bunu əməli şəkildə sübut edib, danışıqlara sadiq olub, konstruktiv mövqe nümayiş etdirib. Sülhpərvər xarici siyasət yeridən ölkə rəhbərliyi danışıqlar heç bir nəticə vermədiyi təqdirdə işğal edilmiş ərazilərimizin azad edilməsi naminə bütün məqbul üsullardan istifadə ediləcəyini bildirmişdi: Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və bütün ərazilərimizi geri qaytaracaq! Ona görə də Azərbaycanda güclü, texniki təchizatı olan və müasir standartlara cavab verən nizami ordu formalaşdırılması prosesi prioritet əhəmiyyət kəsb edirdi. Güclü Milli Ordu quruculuğu həm ulu öndərin, həm də cənab İlham Əliyevin xüsusi önəm verdikləri mühüm vəzifə idi.
Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaşdırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın 30 ən güclü ordusundan biridir. Bu mübariz ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdi. 2016-cı ilin 4 günlük Aprel döyüşləri də, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsi də bunu sübut etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasətinə sadiq qalaraq, torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini dəfələrlə və qətiyyətlə bəyan etmişdir.
Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm cənab Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla və həm də qətiyyətlə davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın demək olar ki, bütün sahələrində görürük, təbiidir ki, hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən “Biz müdafiədə deyil, hücumda olmalıyıq” deyərək erməni işğalçılarına qarşı effektiv əks-hücumun təşkilini ordumuzun qarşısında duran mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Elə bu taktika da son illərin döyüşlərində effektiv işlədiyini sübut etmişdir. İstər 2016-cı ilin Aprel döyüşləri, istər 2018-ci ilin “Günnüt” əməliyyatı, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ermənilər öz destruktiv mövqelərinə uyğun hərəkət etmiş, atəşkəsi pozmuş, təxribat törətmiş və dövlət sərhədini pozmağa cəhd göstərmişdilər. Torpaqlarımızın 20 faizini işğal edən əks tərəf yeni-yeni ərazilərimizi də zəbt etmək həvəsi ilə hücuma keçmişdir. Bütün hallarda onların qarşısı nəinki müvəffəqiyyətlə alınmış və Ermənistan qoşunları geri oturdulmuş, üstəlik cəsur ordumuzun uğurlu əks-hücumu nəticəsində 2016 və 2018-ci illərdə bir sıra ərazilərimiz azad edilmşdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan ordusunun əks-hücumu və erməni hərbi birləşmələrinə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri həm canlı qüvvə, həm də texnika sarıdan ciddi itki verərək geri çəkilmişdilər. 4 günlük müharibə zamanı igid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirmiş və üçrəngli bayrağımızı işğalçılardan azad edilmiş həmin ərazilərimizdə dalğalandırmışdılar. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərimiz erməni hərbi birləşmələrindən azad olunmuşdu. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, “erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi”.
Hazırda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlətimizin hərtərəfli qayğısı və dəstəyi sayəsində soydaşlarımız üçün hər cür şəraiti olan evlər tikilmiş, infrastruktur formalaşdırılmış, insanlarımız bütün zəruri vasitələrlə təmin edilmişlər. Onu da qeyd edim ki, bu gün bütün azad edilmiş və ermənilər tərəfindən viran edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonda gecəli-gündüzlü quruculuq işləri gedir, dövlətimizin hərtərəfli qayğısı və diqqəti ilə regionun bütün kənd, qəsəbə və şəhərlərində intensiv şəkildə infrastruktur yenidən bərpa olunmaqdadır. Tezliklə bu ərazilərimiz yenidən əvvəlki gözəlliyinə qovuşacaq və daha da möhtəşəm olacaq, yüksək səviyyədə inkişaf etdiriləcək. Müqəddəs torpaqlarımız artıq erməni hərbçilərinin tapdağından qurtulub və yurddaşlarımız həmin bölgələrimizə yenidən qədəm qoymağa başlayıblar.
2016-cı ilin Aprel döyüşləri Böyük qayıdışın başlanğıcı oldu. Əslində, elə bu döyüşlərdən dərhal sonra həmin hərbi əməliyyatın “Böyük qayıdış”ın başlanğıcı olduğu əminliklə bəyan edilirdi.
Aprel döyüşləri qəhrəman Azərbaycan ordusunun yenilməzliyini, əsl şücaətini göstərdi!
Aprel döyüşləri Ermənistan qoşunlarının əsgərlərimiz qarşısında nə qədər aciz durumda olduğunu sübut etdi!
Aprel döyüşləri Böyük qayıdışın çox yaxında olduğuna inam yaratdı!
Aprel döyüşləri Azərbaycan xalqının bir qarış belə, torpağı ermənilərin tapdağı altında qoymayacağını göstərdi!
Cənab Prezident İlham Əliyev Aprel döyüşləri ilə bağlı demişdir: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”. Bəyan etdiyi hər kəlmənin, verdiyi hər vədin arxasında möhkəm dayanan və onu tam yerinə yetirən Ali Baş Komandan deyirdi ki, biz pilotsuz uçuş aparatlarımızdan və s. texnikadan istifadə etsək, düşmən tamamilə məhv ediləcək. Bu, söz xatirinə deyilmiş sözlər deyildi, bu, həqiqət idi, bu, Ermənistana gerçək xəbərdarlıq idi. Bu gün – Aprel döyüşlərindən 4 il sonra cənab İlham Əliyevin bu sözləri boş-boşuna demədiyinin bir daha şahidi oluruq.
2016-cı il aprelin 5-dən etibarən Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilmişdi. Dörd günlük döyüşlər zamanı ermənilər canlı qüvvə və texnika baxımından ciddi itki verdi, yüzlərlə yaraqlı isə yaralandı. Sonradan Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri dördgünlük müharibədə uğursuzluğa görə işdən qovuldular.
Ötən il noyabrın 23-də işğaldan azad edilmiş Ağdamda səfərdə olarkən müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin hər an gündəmdə prioritet məsələ olduğuna diqqəti çəkərək demişdir: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”.
Həqiqətən də ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən beynəlxalq müstəvidə böyük işlər görülürdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilmişdi, sonradan isə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müvafiq qərar və qətnamələr qəbul etmişdilər. Bu hüquqi baza Azərbaycanın siyasi müstəvidə qələbə qazanması demək idi.
İşğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazanmaq naminə düşünülmüş siyasət yeridən, bu yolla addım-addım irəliləyən müdrik Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatının güclənməsi və iqtisadi potensialımızın daha da artırılması üçün lazımi islahatlar aparırdı. İqtisadi cəhətdən müstəqil olmayan hər hansı dövlət tam siyasi müstəqillik əldə edə bilməz. Digər bir mühüm məsələ Azərbaycanın hərbi qüdrətinin artırılması idi ki, cənab Prezident bunu ən prioritet məsələlərdən hesab edirdi. Məlum olduğu kimi, ölkəmizin hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən çoxdur. Prezidentimizin vurğuladığı kimi, “bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə də bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.
Məlum olduğu kimi, humanist, sülhpərvər siyasət yeridən Azərbaycan rəhbərliyi torpaqlarımızın yalnız sülh və danışıqlar yolu ilə qaytarılacağına çalışır, hərbi əməliyyatları yalnız son çıxış yolu hesab edirdi. Cənab İlham Əliyev bəyan edirdi ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın qeyri-konstruktiv, aqressiv mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik. Ermənistanın hazırkı rəhbərliyi isə daha aqressiv bəyanatlar verərək, danışıqlara heç bir yer qoymurdu. Lakin erməni hərbi birləşmələri atəşkəs dövründə də daim təxribatlar törətməkdə, dinc sakinləri gülləbaran etməkdə davam edirdi.
Aprel döyüşlərindən cəmi 2 il sonra – 2018-ci il mayın 20-27-də Naxçıvan Muxtar Respublikasında ermənilər tərəfindən növbəti hərbi münaqişə törədildi, nəticədə, eyni adlı kəndin adı ilə adlanan “Günnüt” əməliyyatı baş verdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı işğalçılardan azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə qüdrətli Azərbaycan ordusunun nəzarəti altına keçdi. “Günnüt əməliyyatı” adlanan bu döyüşlər nəticəsində ümumi olaraq 11.000 hektar ərazi azad olundu. 2016-cı ilin Aprel zəfərinin davamı olan Günnüt döyüşlərində Qızılqaya yüksəkliyi işğalçılardan tamamilə təmizləndi. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna mübariz ordumuzun nəzarət etməsinə imkan verməsidir. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir.
2018-ci ildə Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılan “Günnüt qələbəsi” sayəsində müzəffər ordumuz Sədərək istiqamətindəki ətraf əraziləri də nəzarətə götürdü. Müdafiə məqsədilə süni təpəciklərin yaradılması, mühəndis-istehkam işlərinin möhkəmləndirilməsi, ərazilərin minalardan təmizlənərək etibarlı qorunması Sədərək rayonunun həmin ərazilərində lazımi təsərrüfat işlərinin görülməsinə şərait yaratdı. 2018-ci il iyunun 26-da ölkə başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edərkən bildirmişdir: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində – keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin”.
Ermənistanın indiki baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən bir qədər sonra ölkə rəhbərliyi daha aqressiv və məntiqsiz siyasət yeritməyə başladı. Onun siyasətçiyə yaraşmayan hərəkətləri, qeyri-ciddi davranışları, məsuliyyətsiz çıxışları Ermənistanın bugünkü kapitulyasiyasını sürətləndirdi. Belə ki, Ermənistanın əvvəlki rəhbərlərinin etmədiklərini və demədiklərini siyasətlə heç bir əlaqəsi olmayan bu baş nazir etməyə başladı. Onun Şuşada rəqs etməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentini Şuşaya keçirmək planı, Şuşada qondarma regimin inauqurasiya mərasiminin keçirilməsi və nəhayət, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatı fəqət iki ölkə arasındakı münasibətləri daha da gərginləşməyə, danışıqlar prosesini tamamilə pozmağa xidmət edirdi. Onun “Qarabağ Ermənistandır” kimi destruktiv bəyanatından sonra axı hansı danışıqlardan söhbət gedə bilərdi ki?! ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən danışıqların formatı və prinsipləri müəyyən olunmuşdu və bu, həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul edilmişdi. Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalı olduğunu bəyan edirdi. Heç bir hüquqa və məntiqə sığmayan bu sərsəm bəyanatın müəllifi olan baş nazir özü də yaxşı bilirdi ki, bu qondarma qurumu Ermənistan özü də daxil olmaqla heç bir dünya ölkəsi tanımayıb.
Bundan başqa, 2020-ci ilin iyul döyüşləri, avqust təxribatı məhz Ermənistan tərəfindən törədilmişdi. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmişdilər. İyulun 13-14-də Tovuz rayonu istiqamətində şiddətli döyüşlər zamanı ermənilərə sarsıdıcı atəş zərbələri endirildi. Ermənistan qoşunlarının 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edildi. Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmuş və ermənilərin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi. Ali Baş Komandan İlham Əliyev 2020-ci il oktyabrın 4-də “Əl-Ərəbiyyə” telekanalına müsahibə verərkən demişdir: “Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyasını kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik”.
Tovuz istiqamətində hərbi əməliyyatlar zamanı Ermənistanı heç bir dövlətin və ya təşkilatın dəstəkləməməsi işğalçı ölkənin diplomatik baxımdan növbəti uğursuzluğu oldu. Hətta Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəsmən müraciət etsə də buna heç bir cavab verilmədi. Belə ki, Ermənistanın bu təşkilata əsassız müraciəti ciddiyə alınmadı. Ermənistanın iyulun 12-də bu quruma xahiş edərək təcili olaraq KTMT-nin iclasının keçirilməsi tələbinə məhəl belə, qoyulmadı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq göstərdi ki, KTMT-nin Ermənistandan başqa bütün üzvləri Azərbaycanın dostlarıdır.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Cəbhənin bu istiqamətində yerləşən yenilməz və qəhrəman Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində əks tərəf itki verərək geri çəkilməyə məcbur edildi. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alberyan əsir götürüldü. Diversiya qrupu başçısının ifadələrinə əsasən, bu qrup Azərbaycana terror aktları törətmək üçün göndərilmişdi.
Bütün bu hadisələrlə yanaşı, Ermənistan hərbi və siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsi başlamamışdan bir müddət öncə də açıq-aşkar müharibəyə hazırlaşdıqlarını və Azərbaycanın yeni-yeni ərzilərini işğal etmək niyyətində olduqlarını bəyan etmişdi. Ermənistanın müdafiə naziri Amerika Birləşmiş Ştatlarında olarkən demişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. İkinci Qarabağ müharibəsi başlamamışdan bir neçə gün öncə – sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı bu məsələni bəyan etmişdi. O, ümumi debatlarda videoformatda çıxış edərkən bildirmişdi ki, “Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir”. Dövlət başçımız daha sonra əlavə etmişdi ki, Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını bir daha nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistan Respublikasını növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.
İkinci Qarabağ müharibəsinin başladığı gün – sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. 30 il ərzində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar masası arxasında, beynəlxalq hüquq əsasında ədalətli həll olunması üçün səylə çalışan Azərbaycan Respublikası sentyabrın 27-nə qədər məhz bu istiqamətdə fəaliyyət göstərdi. Lakin ermənilərin bütün cəbhə boyu genişmiqyaslı hücuma keçməsi, baş nazir N.Paşinyanın son vaxtlar verdiyi sərsəm bəyanatlar və Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin hərbi yolla həllindən başqa heç bir digər yolun qalmadığını sübuta yetirdi. Ermənistan silahlı qüvvələrinin hücumunun elə ilk günü, sentyabrın 27-də rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində bir sıra kəndlər erməni işğalçılarından təmizləndi: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəklikləri azad olundu.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əks-hücum əməliyyatı başladığı andan bir an belə, hadisələri diqqətdən kənarda qoymadı, gecə-gündüz cəbhə xətti ilə əlaqədə oldu, ordumuza, komandirlərə bütün lazımi göstəriş və əmrləri verdi, igid sərkərdə kimi əsgər və zabitləri öz ətrafında səfərbər etdi. O, eyni zamanda, ölkəmizin ətrafında hadisələrlə bağlı informasiya blokadasının aradan qaldırılmasında da, baş verənlər barədə obyektiv, operativ, arqumentli məlumatların yayılmasında da misilsiz rol oynadı. Məsələn, Prezidentimizin ilk müsahibələrindən biri İkinci Qarabağ müharibəsi başlayandan cəmi 2 gün sonra - sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında oldu. Azərbaycan – Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə İlham Əliyev verilişin aparıcılarının suallarına dəqiq, tutarlı və məntiqli cavabları ilə aciz durumda olan Ermənistanın baş nazirindən tamamilə fərqləndi. Aparıcıların Türkiyənin əməliyyatlarda rolu ilə bağlı sualına cavab olaraq cənab İlham Əliyev qeyd etdi ki, Türkiyə bizə mənəvi dəstək göstərir. Qardaş xalq həmişə - bütün çətin məqamlarda, taleyüklü dönəmlərdə Azərbaycanın yanındadır. Ölkəmizin başçısı demək olar ki, bütün xarici KİV-lərə müsahibələrində bu məsələyə toxundu və qəti şəkildə bildirdi ki, Türkiyənin Azərbaycanın yanında olması yalnız mənəvi məsələdir.
Türkiyə Azərbaycanı İkinci Qarabağ müharibəsində siyasi və diplomatik kontekstdə dəstəkləyir. Bu dəstəyə görə biz Türkiyə Cümhuriyyətinə, bütün qardaş türk xalqına minnətdarıq. Türkiyə bizə qardaş, dost ölkədir, münaqişənin bütün dövrlərində, həmişə bizim yanımızda olub. Türkiyə beynəlxalq aləmdə də, beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı mövqeyinn həmişə dəstəkləyib. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyıb Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. İkinci Qarabağ müharibəsi başlayan zaman parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil.
(ardı var)
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

4 Mart 2021 00:21 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə