Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Regionda sülhün bərqərar edilməsi üçün lazım olan bütün addımları atırıq

Ölkəmiz müharibədən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün səy göstərir. Nə üçün biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibədən əvvəl də yox idi, indi də yoxdur.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlət başçımızın fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra məqamlar sübut etdi ki, Azərbaycan, sözün həqiqi mənasında, müharibə yox, sülh tərəfdarıdır. Bu arqumentləri həm Prezident səsləndirdi, həm də bəzi jurnalistlər.

Rusiyanın “Zvezda” və “Bolşaya Aziya” media holdinqlərini təmsil edən jurnalist Prezident İlham Əliyevə müraciətlə qeyd etdi ki, “Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi”.

Bu fikirləri ölkəmizin və dövlət başçımızın mövqelərinin rəqibin mövqelərindən nə qədər fərqləndiyinin canlı sübutu oldu. Rusiyalı jurnalistin bu fikirlərinin dünyanın 35 ölkəsini təmsil edən mətbuat təmsilçilərinin iştirak etdiyi və sualların dörd dildə cavablandırıldığı tədbirdə səsləndirilməsi Azərbaycanın haqq yolunun təbliği baxımından olduqca böyük əhəmiyyət kəsb edirdi.

Bu məqamda Azərbaycanın sülhə can atmasının əsas göstəricilərindən olan iqtisadiyyatın durmadan inkişafının, mükəmməl ordu quruculuğunun davam etdirilməsini, düşünülmüş xarici siyasətə verilən önəmi yada salmaq kifayətdir. Çünki aqillər xatırladıblar ki, “əgər sülh istəyirsənsə, müharibəyə hazır ol.” Azərbaycan 2003-cü ilin payızından etibarən ölkəmizə və regiona sülh gətirilməsi üçün lazım olan bütün addımları atmışdır. Doğrudur, ötən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ərsəyə gəlmiş və Gürcüstanın da səmimiyyətlə dəstəklədiyi “Qafqaz evi” ideyası da bölgəmizə sülh gətirilməsinə xidmət edirdi. Ancaq Prezident İlham Əliyev bu istiqamətdə atılan addımları daha da qətiləşdirdi və nəticə göz qabağındadır.

Dövlət başçımız Ermənistanın sülhə məcbur edilməsi üçün atdığımız addımları heç zaman gizlətməyib. Elə fevralın 26-da keçirilən mətbuat konfransında da bu barədə açıq şəkildə danışdı: “Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”.

Xatırladaq ki, ermənilərin rəzil duruma düşdüyünü sübut edən faktlardan birini dilə gətirən dövlət başçımız dünya mətbuatının qarşısında dedi ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Yəni Ermənistan tərəfi açıq şəkildə sülh proseslərinə badalaq gəlməyə çalışır.

Böyük Britaniyanın “Teleqraf” qəzeti əməkdaşının “Sizcə, davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, gələcəkdə davamlı sülhün tərəfdarı olacaq?” -- sualını mətbuat konfransının bütün iştirakçıları təəccüblə qarşıladılar. Çünki Azərbaycanın sülhə xidmət etdiyi, danışıqlar prosesində daim güzəştlərə getdiyi artıq dünyada hamıya məlumdur.

İngilis jurnalistin bu məzmunlu sualı onun zaldakı həmkarlarını heyrətləndirsə də, Prezident İlham Əliyev bu suala da tövrünü pozmadan, sadə dildə və səmimiyyətlə cavab verdi: “Əlbəttə ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu, düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görmək üçün mən sizi 10 noyabr Bəyanatı ilə tanış olmağa dəvət edirəm. Mən, Rusiya Prezidenti və Ermənistanın baş naziri ona imza atmışıq. Erməni tərəfi bizə qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq. Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı bir məmuru deyil, özü bizə Füzuli, Şuşa, Cəbrayıl və digər rayonlarımızdan qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandıracağıq. Yəni, biz bunu sülh yolu ilə edə biləriksə, müharibə dayanacaq”.

Həqiqətən, Azərbaycan öz ərazilərini düşmən tapdağından azad etmək üçün daim hərbi həll yolunu seçə bilərdi. Ancaq Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamış Heydər Əliyevin siyasi kursunun bir nömrəli prioriteti məhz sülhə sadiq olmaqdır. Məhz ona görə də biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Dövlət başçımızın da dediyi kimi, bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Doğrudur, Ermənistan ən azı müəyyən bir əlamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər. Elə ona görə də Azərbaycan danışıqlarda iştirak edirdi: “Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti bizə heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi, sonra da sentyabr ayındakı təxribat -- biz təbii ki, adekvat cavab verməli olduq”.

Dövlət başçımız təkcə ingilis jurnalistə deyil, bütün bədxahlarımıza və dostlarımıza xatırlatdı ki, davamlı sülh yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə olar: “ Ancaq bunu hər kəs çox gözəl anlayır ki, biz müharibəni davam etsəydik, Ermənistan üçün nəticələr daha ağır və acınacaqlı ola bilərdi”.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra yaranmış vəziyyətin Ermənistan üçün də səmərəli olacağı fikrindədir.

Dövlət başçımız xatırladır ki, bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır: “Bu, baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Daha bir şərtimiz – sülh üçün şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addımaddım regiona gələcək”.

Azərbaycan Prezidenti hesab edir ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünki həm Bakının, həm də ölkəmizin tərəfdaşlarının fikrincə, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalı, xalqlar və dövlətlər gələcəyə baxmalıdırlar. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər. Yəni regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı qonşu dövlətlərlə bizim aramızda – təbii ki, Ermənistan istisna olmaqla -- fikir ayrılığı yoxdur.

Prezident İlham Əliyevin Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələ ilə bağlı bir çox söhbətləri, xarici işlər nazirləri, Baş nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və ölkələrimiz faktiki olaraq tam yekdil fikirdədir ki, bu imkandan maksimum səmərə ilə istifadə etməliyik.

Dövlət başçımız jurnalistlərdən birinin “gələcəkdə azərbaycanlılarla ermənilərin birgə yaşamasının mümkünlüyü” barədə verdiyi sualı cavablandırarkən də xalqımızın və şəxsən özünün nə dərəcədə sülhməramlı olduğunu sərgiləyərək dedi ki, bu, mümkündür. Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Çünki biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var.

Sadə azərbaycanlıları məmnun edən məqamlardan biri də dövlət başçımızın mətbuat konfransında Xankəndi və Xocalı barədə dediyi fikirlər oldu: “Əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma, bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar”.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

4 Mart 2021 00:03 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə