Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda qlobal çağırışlara adekvat cavablar axtarıldı

Bu gün dövlətin qüdrəti təkcə onun malik olduğu hərbi-iqtisadi gücündən ibarət deyil. Dövlətin gücü həm də onun bəşəri dəyərlərə nümayiş etdirdiyi hörmət, müxtəlif mədəniyyətlərə malik xalqlar arasında harmoniyanın və anlayışın formalaşmasına, eləcə də dinlərarası dialoqun güclənməsinə verdiyi töhfə ilə də ölçülür. Azərbaycan məhz belə ölkələrdəndir. 


Dövlət müstəqilliyinin gənc olmasına baxmayaraq, Azərbaycan bəşəriyyətin illərdir “barıt çəlləyi”nə çevrilən köhnəlmiş qlobal problemlərinin müzakirəsini və həll edilməsi yollarını gündəmdə saxlamaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Şərq-Qərb dünyagörüşlü “Odlar yurdu”nun mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqun mərkəzinə çevrilməsi, əlbəttə ki, Azərbaycan xalqının etimadını doğruldan Prezident İlham Əliyevin böyük qələbəsidir.
Ümumiyyətlə, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. 
Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. 
Bakı Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerə çevrilmişdir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair ətraflı dialoqlar və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Belə mühüm tədbirin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.
Foruma böyük sayda nüfuzlu şəxslərin qatılması tədbirə olan marağın ildən-ilə artdığını göstərir. Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev nitqində bildirmişdi: “Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar forumun işinə çox böyük töhfə verəcəklər”.
Prezident İlham Əliyev nitqində müasir dünyada müşahidə edilən nailiyyətlərin və problemlərin olduğunu bildirmiş və Azərbaycanın bu sahələrə çox böyük önəm verdiyini vurğulamışdır: “Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dövlət başçısı ölkəmizdə dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumunun və altı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrildiyinin göstəricisi kimi qiymətləndirmişdir.
Prezident İlham Əliyev nitqində “Bakı prosesi” barədə də danışmışdır. Xatırladaq ki, “Bakı prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. 2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam dövlətinin nazirləri dəvət edilmişdi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olunmuşdu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi qəbul edilmişdi. Prezident İlham Əliyev çıxışında “Bakı prosesi”nin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmış, o cümlədən BMT-nin bu prosesə çox yüksək qiymət verdiyini vurğulamışdır. 
Qeyd etmək yerinə düşər ki, bu il “Bakı Prosesi”nin 10 illiyi tamam olur. 12 iyun 2018-ci ildə Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyimizin təşkilatçılığı ilə “Bakı prosesi”nin 10 illik yubileyi qeyd olunmuşdu. 
“VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Bakı prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı 3-cü plenar sessiyada səsləndirilən fikirlər və təşəbbüslər “Bakı prosesi”nin daha geniş praktiki müstəvilərdə müzakirəsini aktullaşdıracaq. Belə ki, İspaniyanın Pompeu Fabra Universitetinin professoru Riçard Sapata Barreronun sözlərinə görə, elm adamları “Bakı prosesi”nə elmi qiymət verməlidirlər: “Biz öz qapılarımızı alimlər və tədqiqatlar üçün açmalı və yeni təşəbbüslərin irəli sürülməsinə imkan yaratmalıyıq. Elə edilməlidir ki, “Bakı prosesi”ndə səslənən ideyalar hamıya məlum olsun. “Bakı prosesi” ideyaların konsepsiyalaşdırılması üçün çox yaxşı fürsətdir”.
Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilmişdir. Sülhpərvər və beynəlxalq hüquq normalarına uyğun siyasət yürütməsi ilə həmişə fərqlənmiş Azərbaycan daim tolerantlıq məsələsində nümunə olmuş, konfessiyaların, millətlərin isti ocağına çevrilməyi bacarmışdır. Bu reallıq SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş ölkəmizdə dönməz xarakter almışdır. Prezident İlham Əliyev nitqində Azərbaycanın yüksək tolerantlıq ənənələrinə malik olduğunu belə açıqlamışdır: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur”. 
Ölkəmizdə dini, milli zəmində heç zaman qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, Azərbaycanın böyük sərvəti hesab edilir. Bu gün Azərbaycanda yaşanan sabitliyin, vətəndaş həmrəyliyinin, milli həmrəyliyin bəşəri dəyərlərə əsaslandığını xatırladan Prezident İlham Əliyev dövlətimizin çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulduğunu vurğulamış və ölkəmizin dünyada multikulturalizmin ünvanlarından birinə çevrildiyini və bu şərəfli statusun artıq dünya birliyi tərəfindən tanındığını diqqətə çatdırmışdır. 

VI Bakı Beynəlxalq Humanitar Forumunun ayrı-ayrı dövlətlərdən gələn, həyata baxışları müxtəlif olan insanların fikir mübadiləsi üçün gözəl meydan olduğunu açıqlayan siyasi müşahidəçilər bildirirlər ki, forumda nəinki qarşılıqlı anlaşmaya, həmçinin cəmiyyətin gələcək inkişafının əsaslana biləcəyi vahid mexanizm, yaxud dəyərlər siyahısı hazırlamağa da imkan verilir. Liderlərin fikrini dinləmək imkanının da əldə edildiyini vurğulayan mütəxəssislər bildirirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin forumda səsləndirdiyi fikirlər və tezislər dünyada baş verən hadisələri dərk etmək baxımından çox aktualdır. 
Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets açılış mərasimindəki çıxışında xüsusilə vurğulamışdır ki, forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə, ölkə rəhbərliyinin xidmətidir. 
BMT Baş katibinin müavini Rəşid Xalikov da nitqində ölkəmizin qlobal səviyyədə humanitar yardım göstərən nəzakətli addımlarını alqışlayaraq nəzərə çatdırmışdır ki,  Azərbaycan BMT-nin müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə humanitar yardımı milyonlarla dollar səviyyəsində artırmışdır. 
BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə bürosunun rəhbərinin müavini Rastislav Vrbenski belə mühüm məsələlərin müzakirə olunduğu forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmiş və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müvafiq sənədlərə daxil etməsinin böyük uğur olduğunu və ölkəmizin artıq ikinci icmalı təqdim etməyə hazırlaşdığını xüsusi vurğulamışdır. R.Vrbenski respublikamızın bu baxımdan öncül ölkələrdən olduğunu deyərək, Bakı prinsiplərinin artıq formalaşdığını diqqətə çatdırmışdır. O, DİM-ə nail olunması istiqamətində dinamikanın yüksək olduğunu qeyd etmiş, bu baxımdan maliyyələşmə üsullarının da mühüm rol oynadığını vurğulamışdır. 
Forumun sonunda qəbul edilən bəyannamədə kəskinləşən münaqişələr, zorakı ekstremizm, terrorçuluq və bununla əlaqədar humanitar böhranlar, insanların məcburi yerdəyişmələri qətiyyətlə pislənilmişdir. Bununla yanaşı, forum iştirakçıları mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası səmərəli dialoqa nail olmaq istiqamətində qazanılmış nailiyyətlərə baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük və multikulturalizm siyasətinin nailiyyətlərinin və imkanlarının nəzərə alınmaması hallarının olduğunu vurğulamışlar. Bəyannamədə insan inkişafı, gender bərabərliyi prinsipi, həssas vəziyyətdəki insanların hüquqlarının təmin olunması əsas prioritetlər arasında qeyd olunur. Bununla yanaşı, forum iştirakçıları humanitar əməkdaşlığın daha da inkişafı baxımdan media və informasiya texnologiyalarının da böyük əhəmiyyət daşıdığını təsdiqləmişlər. Sənəddə həmçinin başa çatan forumun beynəlxalq humanitar əməkdaşlığın daha da genişlənməsi və inkişafına mühüm töhfə olduğu vurğulanır. 
Beləliklə, VI Bakı Beynəlxalq Humanitar Forumunun iqtisadi inkişaf və humanitar sahədə dünyada liderlik mövqeyində olan Azərbaycanda keçirilməsi ölkəmizin yüksək statusunu bir daha təsdiqlədi. Bundan başqa, dünyanın müxtəlif ölkələrindən olan insanları bir araya gətirən forumda aparılan müzakirələrin, Prezident İlham Əliyevin dediyi kimi, ümumi işimizə gözəl töhfə verəcəyi şübhə doğurmur. 

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

 

27 Oktyabr 2018 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə