Ən son xəbərlər
“Əl Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, Misirin təşəbbüsü ilə videokonfrans formatında keçirilən II Asuan Forumunda Afrika ölkələrinin dövlət və hökumət başçıları qitədə pandemiya, sosial-iqtisadi vəziyyət və silahlı münaqişələrin qarşısının alınması məsələlərini müzakirə ediblər.
Bildirilir ki, forumda çıxış edən Misir Prezidenti Əbdülfəttah əlSisi koronavirus pandemiyası ilə mübarizədə, habelə onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasında BMT-nin strukturları ilə daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin terrorizmi, qeyri-leqal miqrasiya və silahlı münaqişələri Afrika qitəsinin ən aktual problemləri kimi xarakterizə edib.
Qeyd olunur ki, forumda çıxış edən Cənubi Sudan, Ruanda, Qabon, Seneqal prezidentləri Salva Kiir, Pol Kaqame, Əli Bongo Ondimba, Maki Sal və başqaları Afrika qitəsində vəziyyətin acınacaqlı olduğunu, bəzi ölkələrdə əhalinin aclıq təhlükəsi ilə üzləşdiyini, Sudan, Efiopiya, Konqo, Somalidə terrorçuların fəallaşdığını bildiriblər. Məlumat üçün deyək ki, Afrika ölkələri liderlərinin müzakirələri martın beşinədək davam edəcək və forumun yekun bəyannaməsi qəbul olunacaq.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə