Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19-dan qorunmağın yeganə yolu peyvənd olunmaqdır

Bu günlərdə dərhal, müsbət və qəti cavab verməli olduğumuz bir sualın bir sıra hallarda tərəddüdlə cavablandırılmasına təəccüblənməmək olmur. Bir ildən də artıq müddətdə səbrsizliklə gözlədiyimiz COVID –19-a qarşı çeşid-çeşid vaksinin hazırlanması və kütləvi vaksinasiyaya başlanması niyə gözlənilən sevinclə qarşılanmadı?

Kim nə deyir-desin, hay-küylü pul kurslarının enib-qalxmaları, bank müflisolmaları zamanı əhalinin axınla küçələrə tökülüşməsi mənzərəsinə, nədənsə, vaksinləşmə kampaniyası ilə bağlı rast gəlmədik. Döğrudanmı canımız cibimiz qədər qiymətli deyil?! Bəlkə, insanlar vaksinlərin gec hazırlanmasından narazı qalıblar, nədənsə küsüblər? Ya, bəlkə, vaksinlər hamı üçün əlçatan deyil? Hər halda, vaksinlər hazırlanıb, hamı üçün də əlçatandır.
Bəs niyə?.. Niyəsinin ağlagələn iki səbəb var. Əvvəla, vaksinin riskli qruplar üçün təhlükəsi barədə əsaslı-əsasız söhbətlər adamlarda təşviş və tərəddüd yaradıb. Bir də ki, biz insanlar, adətən, qiymətli olan bir şeyin pulsuz-parasız verilməsinə həmişə şübhə ilə yanaşırıq. Belə olmasaydı, bir ildən artıqdır ki, hamılıqla qəsdimizə durmuş pandemiyaya qarşı ən təsirli vasitəyə qarşı kimlərsə belə soyuq və biganə münasibət bəsləyərdimi?
Bəlkə, düşünürük ki, əzrayıla buyruqçuluq edən koronavirus bu vaxtadək bizə yaxın düşməyibsə, bundan sonra da işi olmaz. Xeyr, qətiyyən belə deyil. Ənənəvi qorunma üçlüyünü – evdə qalmaq, maska taxmaq və məsafə gözləmək kimi bezdirici və heç də hər şey olmayan mübarizə üsulunu yalnız vaksinləşmə tamamlayır.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Bölgə direktoru Hans Klüqe bugünlərdə bildirib. O qeyd edib ki, 2021-ci ildə əvvəlki ilə nisbətən pandemiya daha çox nəzarətdə saxlanıla biləcək və idarəolunan vəziyyətə gələcək: “Virus haqqında artıq çox şey bilirik. Onun mövcudiyyəti davam edəcək, amma məhdudiyyətlərə ehtiyac qalacağını düşünmürəm. Bu, yaxşı mesajdır”.
Koronavirusun mutasiyaya uğramasını da şərh edən Klüqe bunun normal olduğunu və virusun yoluxduğu insana uyğunlaşmağa çalışdığını bildirib. Lakin yoluxuculuğun sürətini təşvişverici adlandırıb. O, vaksinlərin əhəmiyyətini də vurğulayıb: “Mutant versiyalara qarşı yeni vaksinlər hazırlamağa ehtiyac görmürük. Vaksinasiya edilmiş şəxslər edilməmişlərlə birgə eyni məkanda olanda özlərinə diqqət yetirməlidirlər”.
Elə buna görə də, pis-yaxşı – bütün ölkələr üçün əlçatan olmasa da, dünyada koronavirusa qarşı vaksinasiya prosesindən keçmiş insanların sayı 200 milyonu ötüb. Vaksin olunanların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin vətəndaşları olub. Hələlik Çin, Rusiya kimi vaksin istehsalçısı olan ölkələrdə də vaksinasiya prosesi sürətli şəkildə davam etdirilir. Dünya ölkələrinin mütləq əksəriyyəti vaksinasiyaya artıq başlayıb. Bir çox ölkələr isə artıq vaksinləmə ilə bağlı ilk mərhələni tamamlayaraq prosesin ikinci mərhələsini aparırlar.
“Azərbaycan Respublikasında COVID--19 virusu əleyhinə
2021–2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Birinci mərhələdə 65 və yuxarı yaş qrupundan olanlar peyvəndə cəlb ediliblər. Fevral ayının 17-dən isə 50 yaş və daha yuxarı şəxslərin COVID–19 xəstəliyinə qarşı vaksinasiyası aparılır.
Bəzi soydaşlarımızın tərəddüd və biganəliyinə baxamayaraq, Azərbaycanda da vaksinləşmə uğurla davam edir. Lakin etiraf edək ki, Azərbaycan dövlətinin bu kampaniyanı dünyanın ən imkanlı dövlətlərində olduğundan da yaxşı təşkil etməsinə baxmayaraq, bəzi insanlar peyvənd olmağı yubadır, yaxud ondan ciddi bir səbəb olmadan imtina edir. Belələrinin hərəkəti başqalarını da, əsasız olaraq, şübhəyə salır, pandemiyanın sabahı ilə bağlı çevrəmizdə təhlükəli nöqtələrin qalmasına səbəb olur.
Anlamaq lazımdır ki, heç bir əsas olmadan peyvənddən imtina etmək açıq-aşkar koronavirusa təslim olmaq deməkdir. Peyvənd olmayan adamlar sabah yoluxa bilməklə bir-birini də yoluxdurmaqda davam etməyəcəklərmi? Bu barədə həkimlər, mütəxəsislər nə düşünürlər?
“Riskli xəstələr, ilk növbədə, peyvənd olunmalıdırlar!”
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov söyləyib. Tanınmış kardiocərrah son günlərdə pandemiya ilə bağlı ənənəvi müraciətlərinin davamı olaraq soydaşlarımızı vaksinasiya kampaniyasında fəal və qətiyyətli olmağa çağırıb. O, inamla bildirib ki, peyvənd olunmanın həm tibbi, həm də psixoloji baxımdan faydası var. Burada kütləvilik təmin edilməlidir. Ölkəmizdə 800–900 min peyvəndin hələlik 100 mininədək istifadə olunub. Bu da peyvəndə qarşı şübhənin olmasını göstərir. Vaksinasiyadan mütləq istifadə etməliyik.
Milli Məclisin deputatı bildirib ki, vaksinasiya kütləviləşdikcə Nazirlər Kabineti yanında operativ qərargah yumşalmalara gedəcək: “Belə olan halda, fəaliyyəti məhdudlaşdırılan sahələrlə bağlı müsbət qərar verilə bilər. Hətta toy mərasimlərinin keçirilməsi üçün də qərarın qəbul edilməsi mümkündür”. R.Mahmudov qeyd edib ki, qənaətbəxş nəticələr əldə edilsə də, ehtiyatlı davranmaq lazımdır: “Ümumdünya Səhiyyə Təşkilatının yeni ştammla bağlı çağırışlar edir. Bu da, təbii ki, ölkədaxili qərarlara təsirsiz ötüşmür. Biz cəmiyyət olaraq preventiv tədbirlərə diqqət etməliyik”.
Həkim bildirib ki, riski yüksək olan insanlar hamıdan əvvəl peyvənd olunmalıdır: “Bu insanlar real koronavirus ilə qarşılaşdıqları zaman ağciyər tutulması ilə birlikdə digər orqanların da bu prosesə zəncirvari qatılma və ağırlaşma ehtimalı yüksəkdir və daha çox ölümə səbəb olur. Dünyada statistik olaraq artıq sübuta yetirilib. Odur ki, cəmiyyətdə vaksinlə bağlı bilinən səhv düşüncəni düzəltmək istərdim. Yüksək təzyiq və ya ürək-damar xəstəliklərindən əziyyət çəkən, buna bağlı olaraq açıq ürək əməliyyatı olunan və stent qoyulmuş insanların birinci peyvənd olunması xüsusilə vacibdir. Bizdə isə səhv yanaşma var, həmin insanlar peyvənd olunmaqdan çəkinirlər”.
Psixoloji baxımdan çox çətin bir il keçirdiyimizi deyən həkim əlavə edib ki, koronavirus, sadəcə, səhhətimizdə deyil, sosial həyatımızda, insan haqlarında da əngəllər yaratmağa davam edir. Lakin ona qalib gəlmək öz əlimizdədir: “Ötən il maddi problemlərlə yanaşı, sosial çətinliklərlə yadda qaldı. Ümumbəşəri problemin həllində bu gün ölkələrin və qurumların verdiyi qərarlara bəhanələr ortaya qoymaq qəbul olunan yanaşma deyil. Bu, kimsənin arzuladığı vəziyyət deyil. Bu, bəşəriyyətin ortaq bəlasıdır. Odur ki, üç sadə qaydaya riayət etməklə ən azından həmrəy olduğumuzu göstərə bilərik. Bununla da dünya ilə birlikdə bu bəladan addım-addım qurtula bilərik”.
“Peyvəndləmə peyvənd olunmayanları da koronavirusdan qoruyur!”
Bunu isə Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Kö ln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib: “Koronavirusa qarşı peyvəndləmənin yeni yoluxmalara təsirləri barədə iki mühüm elmi tədqiqat aparılıb və yaxın günlərdə elmi ədəbiyyata daxil ediləcək. Tədqiqatların nəticələri bir daha peyvəndləmənin nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisidir. Bunun peyvəndləmə dövründə pandemiya ilə mübarizədə ciddi irəliləyiş olacağı gözlənilir”.
Soydaşlarımızın sözlərinə görə, dünyada qəbul olunmuş vaksinasiya strategiyasında əsas məqsədlərdən biri də peyvəndləmədən sonra yeni yoluxmaların qarşısının nə dərəcədə alındığını bilməkdir: “Məlumdur ki, peyvənd olunan insanların müəyyən qismi buna baxmayaraq virusa yoluxa bilərlər, sadəcə burada virus yükündən asılı olaraq xəstəliyi nə qədər yüngül keçirəcəklərini bilmək və digər peyvənd olunmayan insanları hansı səviyyədə yoluxdura biləcəyi məsələsi önəmlidir ki, bu da son tədqiqatlarda araşdırılıb”.
Azərbaycanlı alim qeyd edib ki, tədqiqat zamanı da peyvənd aldıqdan bir müddət sonra virusa yoluxan insanlar olub: “Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi (yoluxduruculuğu –T.A.) çox aşağı olur və digər insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmamağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.
Beləliklə, razılaşaq ki, bugünlərdə qoyulmuş qayda və nizamla peyvənd olunmağımız bir ildir ki, başımızın üstündə gerçək ölüm kabusu olaraq asılıb qalmış COVID –19 pandemiyasına qarşı hər birimizin atdığı bir güllədir.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

3 Mart 2021 01:15 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə