Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan- İtaliya mədəni əlaqələri qədim köklərə əsaslanır

Siyasi çəkisi və güclü iqtisadi potensialı ilə Avropa İttifaqının önəmli dövlətləri sırasında yer alan İtaliya ilə müstəqil Azərbaycan arasında münasibətlər ildən-ilə genişlənməkdədir. Bu gün Azərbaycanla “Böyük səkkizliyin”in üzvü olan İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edirlər. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təsadüfi deyildir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti məhz İtaliyadan olub.

Ötən il dekabrın 7-də İtaliya Deputatlar Palatası sədrinin müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti dinc əhalinın atəşə məruz qaldığı Ağdam və Gəncə şəhərlərində olmuşdur. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul etmiş və görüşdəki çıxışında demişdir: “Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi”.
Azərbaycanın İtaliya ilə münasibətləri təkcə iqtisadi sahələri deyil, həm də mədəniyyət sferasında uğurla davam etdirilir. Prezident İlham Əliyev bu barədə demişdir: “Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir”.
İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Qədim tarixə malik olan Azərbaycan–İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf etmişdir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevın və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Dövlət başçımızın İtaliyaya səfəri çərçivəsində bu ölkənin paytaxtındakı məşhur Villa Borghese parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etməsi mədəni əlaqələrimizin tarixinə dəyərli töhfədir.
Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Həmin sərəncama uyğun olaraq, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
Prezident İlham Əliyev ötən ilin dekabrında İtaliyaya dövlət səfərində verdiyi bəyanatda deyilir: “Biz bu gün, cənab Prezidentin (İtaliya Prezidenti nəzərdə tutulur—red.) dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur.”
Prezidentimizin səfəri zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalandı. Bu, onu göstərir ki, Azərbaycanla İtaliya arasında mədəni əməkdaşlığın geniş perspektivləri var.
Azərbaycan üçün zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi İtaliya həmişə mühüm maraq kəsb edib. Mədəniyyət tarixçiləri qeyd edirlər ki, Azərbaycanda incəsənətin müxtəlif istiqamətlərinin təşəkkülü və formalaşmasında antik Roma mədəniyyətinin təsirini inkar etmək olmaz.
Ədəbiyyatşünas Samir Tağıyevin qeyd etdiyinə görə, M. F. Axundzadənin komediyaları fransız və ingilis dilləri ilə yanaşı, italyan dilində də nəşr olunub. İtaliyanın Neapol kitabxanasından əldə olunmuş materiallar göstərir ki,
M. F. Axundzadənin komediyalarının italyan nəşrləri bir neçə mənbədə öz əksini tapmışdır.
Azərbaycan musiqisinə professional Avropa dəyərlərinin inteqrasiya edilməsi də məhz mərkəzi İtaliya olan opera sənəti ilə bağlı olmuşdur. Mütəxəssislərin fikrinə görə, görkəmli bəstəkar Ü. Hacıbəylinin opera yaradıcılığı İtaliya opera sənətinin əsas xüsusiyyətləri ilə sıx bağlıdır. Azərbaycanın ilk vokal ifaçılarının, məhz bu ölkədə təhsil almaları da bu əlaqələrə misal ola bilər. Məsələn, istedadlı vokal ifaçısı Şövkət Məmmədovanın dünyanın ən məşhur musiqi təhsil ocağı sayılan Milanda oxuması mədəni əlaqələrimizin bariz nümunəsidir.
Milanda təhsil alan digər vokal ifaçı, Azərbaycanın görkəmli müğənnisi Bülbül idi. O, sovet hakimiyyətinin ilk çağlarında vokal texnikasını daha da təkmilləşdirmək üçün 1924 və 1927-ci illərdə İtaliyaya göndərilmişdi. Sonrakı illərdə Azərbaycan–İtaliya mədəni əlaqələri sistemində bu ənənə daha da inkişaf etdirilmişdir. Böyük müğənnimiz Müslüm Maqomayev də İtaliyada vokal təhsili almışdı.
Rəssamlıq sahəsində də əlaqələr yaranmışdı. İtaliya rəssamlıq sənətinə kütləvi marağın oyadılmasında R.Mustafayev adına Milli İncəsənət Muzeyinin fəaliyyəti diqqətəlayiqdir. Belə ki, muzeyin yarandığı ilk vaxtlarda italyan sənətkarlarının əsərlərinin nümayişinə xüsusi diqqət yetirilmişdir. Hazırda muzeydə İtaliya zalı fəaliyyət göstərir.
Rəssamlarımızın əsərləri dəfələrlə Romada və İtaliyanın digər şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. Elə Xalq rəssamı Sakit Məmmədovun əsərləri də bu yaxınlarda Romada keçirilən sərgidə əsas eksponatlardan idi.
Azərbaycanda İtaliya filmlərinə maraq böyükdür. Müxtəlif vaxtlarda İtaliyada Azərbaycan filmləri, eyni zamanda, Azərbaycanda İtaliya filmləri festivalları keçirilmişdir. Bu festivallar İtaliya və Azərbaycan kino sənətinin keçmişini, bugününü və gələcəyini təbliğ etmək mənasında böyük əhəmiyyət kəsb edir.
Əlbəttə, Azərbaycan–İtaliya mədəni əlaqələri bunlarla yekunlaşmır. Bu əlaqələr inkişaf edir, təkmilləşir və xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında əhəmiyyətli rol oynayır.
 


M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Mart 2021 00:36 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə