Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək

Son illərdə artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin güclənməsinə möhkəm zəmin yaradıb.

Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılan ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəldib. Bu uğurlar torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəmizi şərtləndirib. Ötən il noyabrın 10-
da imzalanan tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilən ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradıb.
Bununla bərabər, uzun müddətdir ki, qlobal bəlaya çevrilən koronavirus pandemiyası ilə aparılan səmərəli mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirib. Əvvəlki illərdə reallaşdırılan islahatlar hesabına respublikanın sosial-iqtisadi potensialı artıb, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşıb. Azərbaycanda sosial-iqtisadi quruculuq tədbirləri və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına müsbət təsir göstərib.
Hazırda müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsi qarşıda mühüm vəzifə kimi durur.
Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər Azərbaycanın əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Son illər ərzində ölkəmizdə yaradılan siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir. Bu baxımdan hazırda Azərbaycanın hər bir vətəndaşının öz potensialını reallaşdırması üçün əlverişli şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil, eləcə də iş yeri yaratmağa çalışan hər bir şəxsə dövlət tərəfindən bir sıra tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi yolu ilə dəstək verilir.
Həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 2014-cü ildən başlanan və bir neçə il davam edən qlobal maliyyə-iqtisadi böhrandan itkilərsiz çıxdığı kimi, hazırda koronavirusun yaratdığı problemləri də tədricən möhkəmlənən iqtisadi-maliyyə potensialı hesabına aradan qaldırmağa, iqtisadi sabitliyi qoruyub-saxlamağa qadirdir.
Yeri gəlmişkən, Azərbaycanın tədricən güclənən iqtisadi-maliyyə potensialı haqqında aydın təsəvvür yaratmaq üçün ötən ilin bir sıra göstəricilərinə diqqət yetirmək istərdik. Belə ki, 2020-ci ildə respublikada məcmu dövlət borcunun ÜDM-ə nisbəti dünya üzrə göstəricidən təxminən 4 dəfə az olub. Azərbaycan qarşılaşdığı xarici şoklarla mübarizədə xarici deyil, öz resurslarına əsaslanmaqla borc dayanıqlılığını qoruya bilib. Həmçinin 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirlərinin və artan xərclərinin tarazlaşdırılması üçün “fiskal fəza”dan istifadə etməklə büdcə dürüstləşdirilməsi çərçivəsində 2,3 milyard manatlıq əlavə maliyyə təminatı yaradıb.
Ötən il ölkədə pul təklifinin artması və uçot dərəcəsinin azaldılması fonunda monetar siyasətin yumşaldılması fiskal genişlənmə siyasəti ilə əlaqələndirilib. Beləliklə, fiskal və monetar siyasətin əsas hədəfi makroiqtisadi sabitlik və iqtisadi aktivlik arasında balansın qorunması olub. Pandemiya əleyhinə toplanan 3,5 milyard manatlıq vəsait hesabına iqtisadi geriləmə yumşaldılıb, makroiqtisadi sabitlik qorunub, məşğulluğa dəstək verilib, sahibkarlara kömək olunub, sosial layihələr genişləndirilib, bank kreditləri restruktrizasiya edilib. zəmanət və subsidiyalar verilib, strateji valyuta ehtiyatları demək olar ki, sabit qalıb.
Bütün bunlar onu göstərir ki, ötən il ərzində Azərbaycan hökuməti tərəfindən dünya iqtisadiyyatında gedən proseslər diqqət mərkəzində saxlanılaraq, baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər uğurla reallaşdırılıb. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanaraq, bu ssenarilərə əsasən sabitləşdirici tədbirlər paketi həyata keçirilib.
İqtisadi və sosial sahələrin inkişafı istiqamətində reallaşdırılan tədbirlərin miqyasını aydın təsəvvür etmək məqsədilə bəzi statistik göstəriciləri də diqqətə çatdırmaq istərdik. Belə ki, ötən il pandemiya və müharibə şəraitində Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunub: qeyri-neft-qaz sənayesi 11,3 faiz, neft-qaz sektoru üzrə əsas kapitala investisiyaların həcmi 8,6 faiz, xarici mənbələr üzrə əsas kapitala investisiyaların həcmi isə 21,8 faiz artıb, kənd təsərrüfatında 2 faiz artım qeydə alınıb.
Ölkənin enerji resurslarının səmərəli istifadəsi, iqtisadi azadlıqların təmin olunması, “kölgə iqtisadiyyatı” ilə mübarizə və digər sahələrdə əldə olunan uğurlar makroiqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan yaradıb. Azərbaycan artıq iqtisadi baxımdan regionun ən güclü dövləti kimi bütün dünya tərəfindən qəbul olunub.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcəkdir.
Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı da onu göstərir ki, iqtisadi siyasətin daha səmərəli, yüksək səviyyədə idarə olunması zərurətinə bu gün çox ehtiyac duyulur. Bütün bunlara görə də milli prioritetlərin 2030-cu ilədək reallaşdırılması mühüm önəm daşıyan bir addımdır.
 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

3 Mart 2021 00:33 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə