Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda siyasi böhran: Prezidentin impiçmenti baş tutacaqmı?

Qarabağ uğrunda müharibəni uduzmuş Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə eturaz aksiyaları davam etməkdədir. Ölkənin müxtəlif siyasi qüvvələrinin təmsil olunduğu müxalifət baş naziri xəyanətdə və satqınlıqda ittiham edir. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan da bir qrup yüksək çinli zabitlə birgə müxalifətçilərə dəstək vermiş, Paşinyanın istefasını tələb etmişdir. Bundan qəzəblənən Paşinyan Qasparyanın özünü vətənə xəyanətdə ittiham edərək fevralın 25-də onun istefaya göndərilməsi barədə prezidentə təqdimat vermişdir.

Lakin Ermənistan prezidenti Armen Sarkisyan Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı baş nazirin təqdimatını təsdiq etməyib. Bu barədə “Sputnik Armeniya” Ermənistan prezidentinin administrasiyasına istinadən məlumat yaymışdı. Prezident Armen Sarkisyanın bu addımından sonra Paşinyan ölkə Konstitusiyasına istinad edərək, yenidən təqdimat göndərib. Prosedura əsasən, Sarkisyan ya təqdimata cavab verməli, ya da məsələni Konstitusiya Məhkəməsinə göndərməli idi. Lakin Nikol Paşinyan Konstitusiya Məhkəməsi hakimlərinin Qasparyanın xeyrinə qərar çıxaracağından ehtiyatlandığı üçün məsələni prezidentlə həll etməyə çalışmış, tərəfdarlarının toplaşdığı mitinqdə təqdimata müsbət reaksiya olmayacağı təqdirdə Prezidentin impiçmenti məsələsinin qoyulacağını bildirib.
Lakin bundan da bir nəticə hasil olmadıqda baş nazir martın 1-də prezidentin iş yerinə gələrək onunla görüşmüşdü. Ermənistan KİV xəbər vermişdi ki, Paşinyan görüşü tərk etdikdən sonra prezidentin ünvanına sərt ittihamlar səsləndirib və baş qərargah rəisinin təcili istefa verməsini tələb edib.
Prezidentin tələblərə məhəl qoymadığını və aralarında fikir ayrılıqlarının davam etdiyini görən Nikol Paşinyan Təhlükəsizlik Şurasının toplantısını çağırmışdı. İclasda ölkədə yaranmış ağır və böhranlı vəziyyət müzakirə olunub, daxili siyasi amillərin yaratdığı gərginlikdən çıxış yolları axtarılıb. Ancaq Ermənistan prezidenti Armen Sarkisyan və baş qərargah rəisi Onik Qasparyan toplantıya qatılmağı lazım bilməyiblər.
Bütün bunlarla yanaşı, müxalifətin tələblərinə baxmayaraq istefa vermək niyyətindən tamamilə uzaq olduğunu büruzə verən Ermənistan baş naziri yenidən Respublika meydanında mitinqə qatılıb. O, buradakı çıxışında bu ilin oktyabrında ölkədə yeni referendum keçiriləcəyinin anonsunu verib. Onun sözlərinə görə, referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq. Hökumət başçısı müxalifətin bununla bağlı müvafiq memorandumu imzalayacağı təqdirdə növbədənkənar parlament seçkilərinə getməyə hazır olduğunu da əlavə edib. Paşinyan deyib: “Gəlin seçkiyə gedək və baxaq, görək xalq kiminlədir”.
Mitinqlərdən öz məqsədləri üçün istifadə etməyə çalışan Paşinyan düşmənlərini xəyanətdə ittiham edərək bildirib ki, hazırda istefasını tələb etdiyi baş qərargah rəisi Onik Qasparyan göstərişi Ermənistanın sabiq prezidenti Serj Sarkisyandan alıb. Amma müxalifət onun dediklərinə əks-arqument gətirməkdə çətinlik çəkmir. Misal üçün, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş nazirdən mitinqdə dediklərini sübuta yetirməyi tələb edib: “Baş nazir deyir ki, Qasparyan göstərişləri Sarkisyandan alır. Qoy Paşinyan dediklərini sübut etsin, dəlil göstərsin, ya da danışmasın”.
Martın 1-də İrəvanın Baqramyan prospektində “Vətənin xilası üçün hərəkat”ın mitinqində çıxış edən ARDF təmsilçisi İşxan Saqatelyan isə deyib: “Bu dəli mitinqdə erməni, “Artsax” xalqından və diaspordan səhvlərinə görə üzr istədi. Nikol, üzrxahlıq azdır, çox az. Sən Hadrutu, Şuşanı qaytara bilməyəcəksən, sən bizim ölən oğullarımızı qaytara bilməyəcəksən, sən getməlisən!”
Daşnak lider bildirib ki, Nikol Paşinyana qarşı mübarizə davam edəcək: “Baqramyan prospekti – bizim mübarizə meydanımızdır. Bura bizim evimiz, səngərimiz, erməni xalqının döyüş meydanıdır. Martın 3-də keçiriləcək parlament iclasında hökumətlə sual-cavab olacaq. Qanuna görə, baş nazir parlament iclasında iştirak etməlidir. Həmin gün biz meydanda mitinq keçirəcəyik, saat 16.00-da bura toplaşacağıq. Sabah etiraz və itaətsizlik davam edəcək”. ARDF təmsilçisi, eyni zamanda, prezident Armen Sarkisyana dəstək məqsədilə onun iqamətgahının qarşısına yürüş etməklə bağlı çağırış edib.
Dünən müxalifətin “Vətənin xilası üçün hərəkat”ının parlament binası qarşısında keçirilən mitinqi polis və baş nazir Nikol Paşinyanın tərəfdarları ilə toqquşma olmadan başa çatıb. Müxalifət liderlərindən biri bildirib: “Biz bu gün mitinqi qurtarırıq. Gecə burada qalacağıq və Ermənistanın azad olunması məhz buradan başlanacaq”.
Mitinq üç saat davam edib. Aksiyada müxtəlif partiyaların təmsilçələri, eləcə də general Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan çıxış ediblər. Mitinq iştirakçılarının bir hissəsi gecələmək üçün parlament binası qarşısında qurulan çadırlarda qalıb. Təşkilatçılar bildiriblər ki, növbəti aksiyalar barədə əlavə məlumat veriləcək.
Hazırda Ermənistanda vəziyyət gərgin olaraq qalır. Həm müxalifətin mitinqləri, həm də baş nazirlə prezident arasında qarşıdurma pik həddə çatıb. Dünən Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası tərəfindən prezident Armen Sarkisyanın impiçment məsələsi gündəmə gətirilib. “Sputnik Armeniya”nın verdiyi məlumata görə, hakim fraksiyanın deputatı Vaqan Ovakimyan “facebook” səhifəsində yazıb ki, buna səbəb prezident Sarkisyanın Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə sərəncam layihəsini imzalamaqdan imtina etməsidir.
Ovakimyan bildirib ki, konstitusiyanın 139-cu maddəsinə əsasən, prezident baş nazirin sərəncam layihəsini etirazla geri qaytarmaq hüququna malikdir: “Ancaq, əslində, məsələ belə deyil. Prezident özbaşına sərəncam layihəsini ona təklif edən orqana qaytara bilməz. Baş nazir konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində baş qərargah rəisinin vəzifədən azad olunmasını təklif edib. Hətta insan ən emosional təxəyyüllə bu prosesdə konstitusiyaya zidd element görə bilməz. Biz, əslində, prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərindən özbaşına istifadə dövlət təhlükəsizliyini təhdid altında qoya və stabilliyi poza bilər. Buna görə də konstitusiyanın 141-ci maddəsinin kobud surətdə pozulduğunu nəzərə alaraq, prezidentin impiçment prosesinin başlanılması üçün aydın əsaslar var”.
Bütün bunlarla bərabər, Paşinyanın partiyasının impiçment tələbinin baş tutub-tutmayacağı, eləcə də hər gün davam edən mitinqlər fonunda baş nazirin öz kreslosunu necə qoruya biləcəyi məsələsi açıq qalır. Bu suallara, yəqin ki, yaxın günlərdə cavab tapılacaq.
 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

3 Mart 2021 00:31 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə