Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Revanşist qüvvələrə xatırlatma: gələcəkləri varsa, görəcəkləri də var

“Dövlət başçısının xarici və yerli KİV mənsubları üçün 4 saatdan çox davam edən mətbuat konfransında sualların hər birinə dəqiq və ətraflı cavab verməsi, xüsusilə Qarabağ ətrafında olan mövzularla bağlı suallara qətiyyətli fikirlər bildirməsi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində əvəzsiz iş oldu”.
Bunu Ana Vətən Partiyası sədrinin müavini, siyasi şərhçi Arzuman Abdulkərimov deyib. O, bildirib ki, biz haqlı olmuşuq, haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da güvənəcəyik:

“Üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycanı həm daxildə, həm xaricdə sevməyən ünsürlər, anti-Azərbaycan qüvvələr Xocalı, Xankəndi və Xocavənd rayonu ətrafında manipulyasiyalar etməyə başladılar. Kampaniya apardılar ki, bu müharibə yarımçıq hesab olunmalıdır, çünki burada artıq bu üç rayonla bağlı məsələlər qeyri-müəyyəndir. Amma o müqavilə imzalananda da nəzərdə tutulmuşdu ki, noyabrın 10-dan sonra proseslər siyasi və diplomatik münasibətlər səviyyəsində yoluna qoyulacaqdır. Biz təbii olaraq Ali Baş Komandana güvənərək bilirik ki, bu məsələ də öz həllini tapacaq. Dövlət başçımızın da dediyi kimi, bu məsələdə səbr və təmkin nümayiş etdirilməlidir.
Bəzi mənbələrdən də məlumatlar sızdırılır ki, Azərbaycanın yüksək rütbəli dövlət işçiləri, güc strukturunun təmsilçiləri Xankəndidə Araikin dindirilməsi məsələsinə nail ola biliblər. Hər halda, bu dindirilmə Araiki sığallamaq, tumarlamaq məqsədi daşımır. Rusiya sülhməramlıları ilə bağlı dövlət başçısı yenə də öz fikrini açıq bildirdi ki, bəli, müəyyən narazılıqlar var. Amma ümumilikdə proses normal gedir. Əgər hanısısa bir narazılıqlar olacaqsa, Azərbaycan tərəfi buna da öz qəti fikrini bildirəcək. Yəni buradan belə nəticə çıxır ki, proses davam edir. Ola bilər ki, danışıqların bəzi mərhələləri ictimaiyyət üçün açıqlanmır. Düşünürəm ki, bu məsələdə də bütün danışıqlar prosesi açıqlanmaya bilər. Çünki dövlətin apardığı danışıqlarda müəyyən nüanslar var ki, indiki məqamda cəmiyyət üçün onun açıqlanması işin ziyanına olar. Çünki uzun zaman Qarabağ danışıqları gedən dövrdə həm iqtidarın opponentləri, həm xaricdəki bəzi qüvvələr maksimum çalışırdılar ki, o danışıqların detallarını bilsinlər. Sadəcə, biz Ali Baş Komandana güvənirdik ki, orada Azərbayan dövlətinin əleyhinə olan hər hansı bir müqaviləyə, bəyanata imza atıla bilməz. Elə 44 günlük müharibənin nəticəsi olaraq da o qənaətə gəlmişik ki, biz haqlı olaraq dövlət başçısına güvənmişik və bundan sonra da güvənəcəyik.
Bilməliyik ki, sonda bu məsələ də Azərbaycan dövlətinin xeyrinə öz həllini tapacaqdır və həmin ərazilərdə xalqımızın bütün konstitusion hüquqları işləyəcək. Azərbaycan bayrağı dalğalandırılacaq. Yəni, bundan o tərəfə yol yoxdur. Yox, əgər bu gün Ermənistanda hansısa revanşist qüvvələr, əli Azərbaycan xalqının qanına batmış şəxslər hakimiyyətə gələrsə, bu, Azərbaycan dövləti üçün də bir fürsət olacaq ki, elə birdəfəlik o qüvvələr darmadağın edilsin. Bu revanşist qüvvələr Azərbaycana qarşı növbəti dəfə işğalçılıq siyasəti yürüdərlərsə, nəinki bundan əvvəl işğaldan azad olunmuş torpaqlara belə gözlərinin ucları ilə baxa bilməzlər, eyni zamanda, Ermənistan dövlətinin ərazi bütövlüyü təhlükə altına düşə bilər.
Çünki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşdırılıb və bizim istənilən zaman haqqımız var ki, öz tarixi torpaqlarımıza gedə bilək. Azərbaycan Ordusu da buna qadirdir. Revanşist qüvvələrə ən yaxşı cavab bu olacaqdır: Əgər revanş götürmək istəyirlərsə, gələcəkləri varsa, görəcəkləri də var.
 

Anar TURAN,
“Xalq qəzeti”

3 Mart 2021 00:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə