Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Status məsələsinin gündəlikdən çıxarılması ədalətli mövqedir

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da – Xocalının işğalı günündə yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkə ictimaiyyətinin böyük marağına səbəb olub. Azərbaycan Televiziyasının canlı efirində yayımlanmış tədbir paytaxt Bakıda olduğu kimi, rayonlarda, o cümlədən, mənim yaşadığım Masallıda da geniş müzakirə və təqdir olunur. Şəxsən mən Azərbaycan liderinin çox ölçülü-biçili, dəqiq və həddən artıq mənalı cavablarını dönə-dönə oxuyub qürur duydum. Prezidentimiz İkinci Qarabağ müharibəsində olduğu kimi, ermənilərin mülki Azərbaycan vətəndaşlarına qarşı törətdikləri Xocalı soyqırımının 29-cu ildönümündə də Ermənistanın işğalçılıq, terrorçuluq siyasətini cəsarətlə ifşa etdi.

Ürəyimdən xəbər verən məqamlardan biri Türkiyənin Qlobal Jurnalistlər Şurası rəhbərinin sualına dövlət başçısının cavabı oldu. Statusla bağlı fikirlərini bildirən Prezident İlham Əliyev dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb. Amma təəssüf ki, otuz il davam edən danışıqlar heç bir nəticə verməyib və Azərbaycan özü bu münaqişəni təkbaşına həll etməli olub. Eyni zamanda, son iki ildə Ermənistan baş nazirinin yersiz və çox təhlükəli bəyanatları Minsk qrupunun fəaliyyətini faktiki olaraq iflic edib. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla bu məsələ həll olunub.
Prezident qəti şəkildə bəyan etdi ki, erməni xalqını aldadıblar, başının altına yastıq qoyublar ki, status olacaq. Ermənistan və erməni xalqını bu günə salan səbəblərdən biri də məhz o yalan vədlərdir: Status “xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının rəzil duruma salınmasında öz rollarını oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.
Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan və erməni xalqları birgə yaşamalıdır, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Prezident maraqlı bir misal da çəkdi: “Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman” erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Bizim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı?.. O yaşlı kişi bizdə qaldı”.
Prezident qeyd etdi ki, bu gün Rusiya–Türkiyə Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir və onun əsas məqsədi postmüharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın. Dövlət başçısı müharibə dövründə və müharibədən sonra Türkiyə tərəfinin fəaliyyətini yüksək qiymətləndirərək dedi ki, Türkiyə müharibənin ilk günlərindən çox müsbət, sülhə və sabitliyə hesablanmış davranış göstərib, Azərbaycanın haqq işinə dəstək verib. Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin Sədri ilk günlərdən çox dəqiq açıqlamalar veriblər və bu siyasi və mənəvi dəstək həm Azərbaycanı gücləndirib, həm də bir çoxları üçün çox ciddi mesaj olub. Müharibədən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Ümumiyyətlə, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə çox müsbət rol oynayır, bizim bölgəmizdə də bu, sülh və sabitlik üçün çox önəmlidir.
 

Ələşrəf NİFTİYEV,
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü

3 Mart 2021 00:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə