Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalib Azərbaycanın səsi dünyada gur eşidilir və rəğbətlə qarşılanır

“Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 33 illik qanlı-qadalı Qarabağ münaqişəsini qalibiyyətli Vətən müharibəsi ilə tarixin arxivinə atmış müstəqil Azərbaycan dövlətinin bölgədə yaratdığı geosiyasi reallıqlar dünya informasiya məkanında bütün aydınlığı və əhatəliliyi ilə əks-səda verdi. Dövlətimizin başçısı 4 saatdan artıq, 4 xarici dildə 50-dək sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandırmaqla ölkəmizin beynəlxalq aləmdə siyasi-diplomatik mövqeyini daha da möhkəmləndirdi.”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev beynəlxalq aləmdə geniş əks-səda doğurmuş, böyük maraq və rəğbətlə qarşılanmış bu mətbuat konfransı barədə mediaya açıqlamasının davamında bildirib:
– 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın ən aparıcı media qurumlarına, demək olar ki, hər gün müsahibələr vermiş, Qarabağ savaşında ölkəmizin ədalətli mövqeyinə geniş və mötəbər beynəlxalq informasiya dəstəyi qazandırmışdı. Müharibə günlərində bu açıqlamları ilə dövlətimizin başçısının müstəqil dövlətin pozulmuş ərazi bütövlüyünü təmin etmək hüququnun aliliyini dünyaya müstəsna bir məharətlə qəbul etdirdiyinin şahidi olmuşduq. Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli, bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbir, qətiyyət, soyuqqanlılıq nümayiş etdirərək, necə deyərlər, onlara tarix, hüquq dərsi keçmişdi.
Beynəlxalq auditoriya Qafqaz regionunda baş verən mürəkkəb ictimai-siyasi hadisələr barədə ən obyektiv açıqlamaları artıq Azərbaycan liderinin dilindən eşidib onun mötəbərliyini yəqin etdiyindən Prezident İlham Əliyevin Qarabağ savaşının bölgədə yaratdığı yeni durum barədə son açıqlamalarını da böyük maraq və rəğbətlə qarşıadı. Tarixdə, bir qayda olaraq, sonda ədalət zəfər çaldığına görə qalib Azərbaycanın dövlət başçısının söylədikləri də hazırkı dövrdə haqqın təsdiqi kimi səslənir.
Millət vəkili bildirib ki, əslində, bu mətbuat konfransı həm də Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu:
– Prezident İlham Əliyevin bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Xarici jurnalistlərin verdikləri sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı qalib ölkə və dünya siyasətinə təsir edə biləcək dövlət kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair suallar üstünlük təşkil edirdi.
Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana birləşdirmək kimi çəfəng və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir.
Prezident İlham Əliyev mətbuat konfransında bir daha xatırlatdı ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanatın icrasında hər hansı əskiklik, ləngimə olarsa, Ermənistan daha da ağır duruma düşəcək.
Azərbaycan Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən bu məqama tam aydınlıq gətirməklə II Qarabağ savaşının nəticələri ilə bağlı ölkəmizin mövqeylərini daha da möhkəmləndirdi və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğuladı. Bir çox xarici jurnalistin sualları səsləndirməzdən öncə Prezident İlham Əliyevə müraciətlərində ifadə olunan açıq rəğbət onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul etdiklərindən xəbər verirdi.
AHİK sədri Xocalı soyqırımının ildönümü günü keçirilən mətbuat konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı faciəsi ilə bağlı gerçəklərin dünyaya çatdırılması baxımından da müstəsna önəm daşıdığını söyləyib:
– Ölkə Prezidenti cənab İlham Əliyevin bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə keçirməsi təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən Azərbaycan lideri işğalçı Erməni dövlətinin, xalqımıza qənim kəsilmiş erməni faşizminin müdhiş müharibə cinayəti olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı qətliamının beynəlxalq cinayət kimi bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən qəbul edilir, bir çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımışdır və bu proses davamlıdır. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər. Odur ki, bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilmiş, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilmişdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.
Sonda Milli Məclisin deputatı Səttar Möhbalıyev Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin təmsilçisinin verdiyi sualda da Azərbaycanın ədalətli mövqeyinin yüksək qiymətini aldığını vurğulayıb:
– Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqini və “Bolşaya Aziya” mediaholdinqini təmsil edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: “Cənab Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi.” Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsl etiraf kimi qəbul edilməlidir – Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin etirafı kimi.
Onu da əlavə edim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, bir çox presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq. Bütün bunlardan göründüyü kimi, qalib Azərbaycanın səsi artıq dünyada gur eşidilir və rəğbətlə qarşılanır.

Hazırladı: T.AYDINOĞLU,
“Xalq qəzeti”

3 Mart 2021 00:21 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə