Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın və dövlətimizin yeni şanlı tarixi

Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı zəfər xalq–iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.
 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İkinci Qarabağ Müharibəsi! Azərbaycan hərb tarixinin ən möhtəşəm zəfər səhifəsi əbədi olaraq şanlı tariximizə həkk olundu. 44 gün sürən və işğalçı Ermənistanın təslim olması ilə başa çatan bu müharibə müdrik və qətiyyətli sərkərdəmiz – Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin başçılığı ilə igid və cəsur Azərbaycan əsgər və zabitlərinin, Azərbaycan xalqının layiq olduğu qələbə ilə dünya hərb tarixinə həmişəlik yazıldı. Nə qədər xoşbəxtik ki, biz 30 il sürən işğalın başa çatmasının, əzəli və müqəddəs torpaqlarımızın erməni hərbi birləşmələrinin işğalından azad edilməsinin, hərbçilərimizin misilsiz qəhrəmanlıqlarının, əsgərlərimizin hər addımda göstərdikləri igidlik və şücaətin canlı şahidi olduq.

 

Bəşər tarixi boyu müharibəsiz və münaqişəsiz keçən, Yer kürəsi sakinlərinin bir-biri ilə savaşmadığı, ümumi sülh və əmin-amanlığın hökm sürdüyü illər çox nadir hallarda olmuşdur. Hərbi ekspertlərin araşdırmalarına görə, Yer kürəsində insanın mövcud olduğu illər ərzində vur-tut 240 (!) il müharibə baş verməyib. Qalan bütün dövrlərdə insanlar və dövlətlər bir-biri ilə hərbi qarşıdurmalarda, münaqişələrdə olmuşlar. İsveçrə alimi Jan Jak Babelin 1959-cu ildə apardığı hesablamalara görə, son beş min il ərzində dünyada 15000 müharibə və silahlı münaqişə baş vermişdir. Təkcə ötən əsrdə – 1945-ci ilin 15 avqustu ilə (Yaponiyanın təslim olduğu tarix) 1993-cü ilin 1 avqustu arasında, cəmi 48 il ərzində 130-dan yuxarı silahlı münaqişə müşahidə olunub. Bu toqquşmalara cəlb olunan ölkələrin sayı 832-yə çatıb. R.Ceksonun araşdırmalarına görə, 1945-ci ildən sonra planetimizdə cəmi 26 müharibəsiz gün olmuşdur. Bütün müharibələrin– istər ədalətli, istərsə də ədalətsiz, istər qısamüddətli, istərsə də uzunmüddətli müharibələrin sonu əlbəttə ki, sülhdür. Hətta ən uzun sürən müharibələr də əbədi davam etməmiş və tərəflərin qarşılıqlı razılığı ilə sona çatmışdır. Dünyanın ən uzun müharibəsi “Yüzillik müharibə” adlansa da, əslində 116 il (1337–1453-cü illər) İngiltərə ilə Fransa arasında davam edən müharibədir. Eramızdan əvvəl qədim Roma ilə Karfagen arasında baş verən və fasilələrlə 43 il sürən 3 Pun müharibəsi bütövlükdə 118 ildən sonra başa çatmışdır. Bir sözlə, bu kiçik mavi planetin sakinləri əvvəl-axır dinc şəraitdə yaşamağa məhkumdurlar, möhtacdırlar, çünki sülhün və əmin-amanlığın alternativi yoxdur.
Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən cəlb olunduğu və 44 gün (27 sentyabr – 9 noyabr 2020-ci il) davam edən müharibə – İkinci Qarabağ müharibəsi də artıq başa çatmışdır, tarixə qovuşmuşdur: ölkəmiz, təxminən, 30 il davam edən erməni işğalından sonra torpaqlarımızı azad edərək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şanlı qələbə qazanmışdır. Tarix şahidlik edir ki, son 300 ildə (1722-ci ildə Səfəvilərin işğal olunmuş torpaqları geri qaytarması) ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri azad edilirdi; igid sərkərdəmizin – dövlətimizin müdrik başçısının rəhbərliyi və əzmkarlığı ilə erməni silahlı birləşmələri tərəfindən zəbt olunmuş ərazilərimiz geri qaytarıldı. Birmənalı olaraq qeyd edə bilərik ki, bu qələbənin memarı və müəllifi müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir, həmçinin yuxarıda qeyd etdiyimiz kimi, igid əsgər və zabitlərimizdir.
Quruda, dənizdə və yerətrafı fəzada hərbi əməliyyatların hazırlanması və aparılması nəzəriyyəsi və praktikası hərb sənəti adlanır. Qədim dövrlərdə bu, məhdud iqtisadi və insan resurslarına əsaslanırdı. Orduların silahlanması soyuq silah və atıcı-tullayıcı silahlardan ibarət idi. İstehsal münasibətləri və hərbi-texniki təchizat gücləndikcə müharibələrin miqyası da genişlənmişdir. Ox-yay, nizə və qılıncla başlayan müharibələr XX əsrdə raket və bombalardan aktiv istifadə edilən müharibələrlə əvəz olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə dünya hərb tarixində müharibə texnikasında yeniliklə, müharibə aparmağın yeni nümunəsi ilə yadda qalmışdır. Bu, artıq XXI yüzilliyin müharibəsidir, tamamilə yeni bir hərb sənətidir! Müxtəlif ölkələrin hərbi ekspertləri, dünyanın müxtəlif hissələrində baş verən lokal və qlobal savaşları dərindən təhlil edən hərbi analitiklərin fikrincə, sentyabrın 27-də Azərbaycanın erməni hərbi birləşmələrinin təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı – 44 günlük müharibə bundan sonra dünyada döyüş əməliyyatlarının aparılması taktikası sahəsində ciddi dəyişikliklərə səbəb olacaq.
Məlum olduğu kimi, Azərbaycan Respublikası geosiyasi və geostrateji əhəmiyyətinə görə dünyanın ən əlverişli bölgələrindən birində yerləşir. Avropa ilə Asiyanın qovuşuğunda, Şərq-Qərb sivilizasiyalarının kəsişməsində, qədim karvan yollarının üzərində qərar tutan Azərbaycan lap qədim dövrlərdən səyyahların, yadellilərin, qonşu dövlətlərin marağını cəlb etmiş, öz azadlığı və müstəqilliyi uğrunda qanlı-qadalı mübarizələr aparmalı olmuşdur. Bu mübarizələrdən sonuncusu lap bu günlərdə böyük və şanlı zəfərlə başa çatmışdır. Müstəqil Azərbaycan dövləti, təxminən, 30 il erməni işğalı altında qalan qədim və doğma torpaqlarımızın azad edilməsi üçün qətiyyətli addımlar atmış, “İkinci Qarabağ müharibəsi” adını almış son döyüşlərdə böyük və şanlı qələbə qazanmışdır.
Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev hələ 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.
30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, lakin bu gün mübariz və qəhrəman Azərbaycan ordusunun qətiyyətli əks-hücumları nəticəsində geri çəkilməyə, döyüş meydanını qorxaqcasına qoyub qaçmağa və təslim olmağa məcbur edilən işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən terror, soyqırımı və təcavüz siyasəti yüz illərlə əvvəl başlayan tarixə malikdir. XX əsrin 90-cı illərində yenidən amansızlıqla həyata keçirilən həmin işğalçı-terror siyasətinin prioritet istiqamətlərini “dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin qurulması, bu məqsədlə qonşu dövlətlərə, ilk növbədə isə Azərbaycan və Türkiyəyə, eləcə də Gürcüstana, hətta Rusiyaya qarşı ərazi iddialarının irəli sürülməsi təşkil edir. Tanınmış gürcü ziyalısı İlya Çavçavadze hələ XX yüzilliyin əvvəllərində– 1902-ci ildə Tiflisdə nəşr etdirdiyi “Erməni alimləri və ağlayan daşlar” əsərində XIX əsrdə erməni yalanlarının bütün Rusiya, Avropa və Qafqazda “ayaq tutub yeridiyindən”, onların əsassız “Böyük Ermənistan” iddialarından bəhs edirdi [3].
Ermənilərin etnogenezini tədqiq edən alimlərin fikrincə, ermənilər kimmerlərin Balkan yarımadasından qovub çıxartdığı və sonradan Kiçik Asiyada Dəclə-Fərat çayları arasında, yunanların Mesopotomiya adlandırdıqları ərazidə sığınacaq tapan muşk və digər kiçik xalqların konqlomeratından ibarətdir. Ermənilərin Qafqaz regionuna gəlmə olduqları və son bir neçə əsr ərzində İran və Türkiyədən kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına miqrasiya etmələri barədə kifayət qədər elmi-tarixi faktlar vardır. Onların avtoxton – Cənubi Qafqazın yerli xalqı olmaması müxtəlif araşdırmaçılar tərəfindən birmənalı olaraq qəbul edilmişdir.
Lakin ermənilərin regiona sonradan emiqrasiyası məsələsi təkcə Qərb alimlərinin deyil, habelə ayrı-ayrı erməni tədqiqatçılarının öz araşdırmalarında da öz əksini tapmışdır. XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyan yazır: “ermənilərin vətəni” – Hayasa-Asiya onların Balkanlardan miqrasiyasından sonra Kiçik Asiyada yerləşir”. Erməni əsilli Ukrayna tarixçisi Filip Ekozyans yazır ki, “...heç zaman ermənilərin olmayan torpaqları onların tələb etməsinə son qoymaq gərəkdir. Bizim buna heç bir haqqımız yoxdur, nə hüquqi, nə də əxlaqi”. Ermənilərə məbəd tikməyə icazə verən xalqlar sonradan buna peşman olmuşlar, ermənilər yerli əhalini oradan qovmuş və özlərini həmin ərazinin sahibi hesab etmişlər.
1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini daha da sürətləndirmişdi.
Onu da vurğulamaq lazımdır ki, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi sadəcə köçürülmə prosesi olmamış, mütəşəkkil qaydada həyata keçirilmişdir. Bunun əksinə isə, yerli azərbaycanlılar öz yurd-yuvalarından didərgin salınır, ən yaxşı və münbit torpaqlar ermənilərin əlinə keçirdi.
Məlum olduğu kimi, Qafqazda ilk erməni dövləti 1918-ci ildə İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektoru rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrəvan şəhərinin yeni yaradılan Ermənistana verilməsi xahişi ilə müraciət etmişdi. Belə ki, onların dövlət müstəqilliyi haqqında aktı elan etmək üçün hətta paytaxtları belə, yox idi. Xahiş edənlər tərəfindən erməni silahlı qüvvələrinin və quldur birləşmələrinin silahı yerə qoyacaqları, yerli əhaliyə qarşı terror hərəkətlərinə son qoyacaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə şərtləri qəbul etmələrindən sonra rəsmi Azərbaycan bu müraciətə müsbət cavab verdi. Bundan 2 gün sonra – Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün İrəvan şəhəri Ermənistana verildi. Beləliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, fakt faktlığında qalır – indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanda formalaşdırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi müharibəyə və qarşıdurmaya son qoymaq, dinc şəraitdə yaşamaq məqsədilə məkrli ermənilərin vədlərinə inanaraq İrəvan şəhərini 1918-ci ildə Ermənistana güzəştə getdi. İrəvan xanlığı əzəli və qədim Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə sonradan gəlmişlər.
Lakin İrəvan şəhəri göstərdiyimiz şərtlərlə ermənilərə güzəştə gedilsə də, təəssüf ki, onlar öz ənənəvi destruktiv mövqelərindən əl çəkmədilər. Gənc Azərbaycan dövlətinin ayrı-ayrı şəhər və kəndlərində erməni daşnakları tərəfindən 1918-1920-ci illərdə çoxsaylı qırğınlar törədildi, dinc əhali məhv edildi. Tarixi faktlar da təsdiqləyir ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından qovulması və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq arzusundan ruhlanan erməni qəsbkarları 1905–1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini, habelə Cənubi Azərbaycanın bir sıra yaşayış məskənlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları uzun müddət məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane olaraq azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. Azərbaycanlılar ermənilər tərəfindən dünya ictimaiyyətinə “zalım xalq” kimi təqdim olunmuşdur. 1918-ci ilin mart ayından etibarən erməni vəhşilərinin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli-tarixi əhəmiyyət kəsb edən mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmışdı. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusı qurum da yaradılmışdı. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm gününün ildönümü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımına və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi nəticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş və nəticədə, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində isə ermənilər istər dünyaya səpələnmiş böyük diasporları və güclü lobbiləri vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə özlərinin guya qondarma “soyqırımı” kampaniyasına geniş vüsət vermişdilər.
Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində də ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istiqamətində məkrli siyasətlərini davam etdirmişdilər. Belə ki, onlar həm Türkiyənin Qars və Ərdəhan vilayətlərinə ərazi iddiaları irəli sürür, həm də dünyaya səpələnmiş ermənilərin bu torpaqlarda məskunlaşdırılmasına təkid edirdilər. 1944-cü ildə Ermənisan SSR Kommunist Partiyası MK-nın birinci katibi Q.Arutyunov Moskvada İ.Stalinlə görüşmüş, xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi məsələsi müzakirə edilmişdi. Potsdam konfransında SSRİ Türkiyədən ərazi əldə edə bilmədiyindən, erməni lobbisi yenidən Azərbaycan torpaqlarını ələ keçirmək fikrinə düşmüşdü. 1945-ci ildə Stalinlə yenidən görüşərkən Q.Arutyunov 300 mindən çox erməninin Ermənistana miqrasiya etmək istədiyini bildirir və bu məqsədlə həm Dağlıq Qarabağın, həm də Naxçıvanın Ermənistana verilməsini xahiş edir. Lakin ermənilər buna müyəssər olmasalar da, xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə nail oldular. Belə ki, 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Soveti “Xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsinin praktik tədbirləri haqqında” qərar qəbul etdi. 1946-cı ildə Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan 50.900 erməni Ermənistana immiqrasiya etdi. 1947-ci ildə 63 min erməninin Ermənistan SSR-ə köçürülməsi nəzərdə tutulmuşdu, lakin cəmi 35,4 min erməni “doğma vətənə qayıtmışdı. 1948-ci ildə isə xaricdən 86.346 erməni immiqrasiya etmişdi.
Qeyd etmək məqsədəuyğundur ki, Ermənistan Sovet Sosialist Respublikası xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsi ilə yanaşı, eyni zamanda azərbaycanlıların Ermənistan SSR ərazisindən çıxarılmasına da nail oldu. Belə ki, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul etdi. Bu qərara əsasən, 1948-1950-ci illərdə 100 min azərbaycanlı “könüllülük prinsipi”əsasında Azərbaycan SSR-ə köçürülməli idi. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən və yaşayış evlərindən xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. Qeyd edək ki, insan hüquqlarının ciddi pozuntusu ilə həyata keçirilən bu qərarlar Ermənistanı monoetnik respublikaya çevirmək məqsədi daşıyırdı. Sosial-iqtisadi şəraitin dözülməzliyi və iqlim şəraitinin uyğunsuzluğu nəticəsində köçürülənlərin bir hissəsi 1948-1951-ci illərdə yenidən doğma torpaqlarına qayıtdı. Bütövlükdə, 1948-1951-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-ə 37.387 nəfər azərbaycanlı deportasiya edildi. Bu proses sonrakı dövrdə də aparıldı; 1956-cı ildə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına və digər rayonlarına köçürülənləin sayı 58.421 nəfərə çatmışdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamışdır. Fərmanda göstərilirdi ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, biganəliyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkil olunmasında və həyata keçirilməsində iştirakı heç də az rol oynamamışdır.
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.
XX əsrin axırlarında – keçmiş SSRİ-nin dağılması ərəfəsində Ermənistanın köhnə torpaq iddiaları yenidən baş qaldırmışdı. Azərbaycan ərazilərini işğal etmək və həmişəlik ələ keçirmək, Ermənistanı isə türksüz Ermənistana çevirmək planlarının gerçəkləşdirilməsi üçün əlverişli şəraitin yarandığını zənn edən Ermənistan SSR rəhbərliyi qanlı cinayət əməllərini əməli olaraq həyata keçirməyə başladı.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından qovuldu və Azərbaycana pənah gətirdi. 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən də soydaşlarımızın çıxarılması baş verdi. Erməni silahlı qüvvələrinin 1988-ci ildən başlayan hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun ətrafındakı 7 rayonun 750 mindən çox sakini də öz yaşayış yerlərindən məhrum edilərək respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox məskunlaşma obyektində məcburi köçkün həyatı yaşamağa başladı. XX əsrin sonlarında Еrmənistаnın Аzərbаycаnа növbəti təcаvüzü nəticəsində Аzərbаycаn tоrpаqlаrının 20 faizdən çох hissəsi, bаşqа sözlə 17 min kv.km-dən yuхаrı ərаzi işğаl оlundu. Respublikamızın təхminən 900 yаşаyış məntəqəsi qаrət оlundu və məhv еdildi. Birinci Qarabağ müharibəsində bütövlükdə 20 mindən çox аzərbаycаnlı həlаk оlmuş, 50 mindən artıq sоydаşımız isə yаrаlаnmış və yа хəsаrət аlmışdır ki, nəticədə, оnlаr əlil və şikəst оlmuşlаr. Bir nеçə min nəfər itkin düşmüşdür.
1988-ci ildən başlayаn Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. 6 min nəfər azərbaycanlının yaşadığı bu şəhər bir gecə ərzində məhv edildi. Xocalının yer üzündən tamamilə silinməsində erməni silahlı qüvvələrinə sovet ordusunun 366-cı alayı da yardım etdi. Nəticədə, 613 nəfər qətlə yetirildi, 150 nəfər itkin düşdü. Qanlı faciədə 1000 nəfər dinc sakin şikəst oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqmi faciələri ilə eyni səviyyədə durur.
İşğаl оlunmuş ərаzilərdə аzərbаycаnlılаrın məhkəməsiz və istintаqsız kütləvi qətli, əsirlərin və mülki əhаlinin döyülməsi, soydaşlarımıza ağlasığmaz işgəncələr verilməsi və оnlаrlа qəddаr, qеyri-insаni rəftаr, habelə аzərbаycаnlı əsirlərdən Еrmənistаndа və Аzərbаycаnın işğаl оlunmuş ərаzilərində ən аğır işlərdə məcburi istifаdə аdi hаlа çеvrilmişdi. Bütün bu faciələr məhz ümummilli lider Heydər Əliyevin ermənipərəst M.Qorbaçov tərəfindən sovet dövlətinin rəhbərliyindən istefaya göndərilməsindən dərhal sonra baş vermişdi.
Dövlətçiliyimizə və ərazi bütövlyümüzə qarşı törədilən silahlı təcavüzlə transmilli mübarizə hələ xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmışdır. Bu gərgin, hərtərəfli iş, Ermənistanın dəhşətli cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılması ilə bağlı strategiya bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir.
1993-cü ilin iyununda xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan, dünyanın siyasi xəritəsindən silinməkdən qurtardı. Ölkədə bir çox həyati vacib sahələrdə köklü islahatlara start verildi, möhkəm, güclü və nizami ordu quruculuğuna başlanıldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz Azərbaycan ətrafında yaradılan informasiya blokadasının aradan götürülməsi idi. Dahi şəxsiyyətin xarici ölkələrə hər bir səfəri ən mühüm problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin açıqlanmasında, dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayırdı. Tarixi faktlar əsasında bəyan edildi ki, ermənilərin özlərinə saxta tarix yazaraq, apardıqları yalan təbliğatın əksinə olaraq, soyqırımına məruz qalan onlar yox, məhz azərbaycanlılardır.
Yuxarıda vurğuladığımız kimi, ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı ata-baba yurdlarından zorla köçürülməsinin, Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə obyektiv, olduğu kimi çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdır.
Bundan bir müddət sonra –
1998-ci il martın 26-da “Azərbaycan-lıların soyqırımı haqqında” Fərman imzalayan ulu öndər Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Fərmanda göstərilirdi ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması da dövlətimizin ədalətli, tarixi həqiqətlərə əsaslanan mövqeyinin göstəricisidir. Bu sənədin imzalanması ilə bir daha tariximizin faciəli səhifələrinə işıq salındı, əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı.
(ardı var)
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü

3 Mart 2021 00:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə