Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz 44 gündə tarix dərsliklərinə düşəcək ədalətli müharibə nümunəsi ortaya qoyduq

Yəqin ki, hamının yadındadır. Orta məktəblərin tarix dərsliklərində “ədalətli müharibə” və “ədalətsiz müharibə” ifadələri var idi. İzah edilirdi ki, işğalşı və qarətçilərə qarşı aparılan müharibələr ədalətli, işğal və qarət üçün aparılan müharibələr isə ədalətsiz adlandırılır. O da yadımdadır ki, orta məktəb yoldaşlarımızdan biri bu adlarla razılaşmır və öz arqumentini belə əsaslandırırdı: “Müharibə çoxsaylı insan ölümü, qan, qırğın, şəhər və kəndlərin yandırılması, çoxsaylı bina və texnikanın sıradan çıxarılmasıdır. Bu faciələr necə ədalətli ola bilər?”  

Azərbaycanın 2020-ci ilin payızında haqlı olaraq apardığı 44 günlük savaşın – torpaqlarımızın düşmən tapdağından azad edilməsinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət edən müharibənin nə dərəcədə ədalətli olduğunu görəndən sonra həmin yaşıdıma zəng etdim. Cavabı konkret oldu: “Ermənilərə qarşı tək biz yox, kim müharibə aparıbsa və ya aparacaqsa, həmin müharibələrin hamısı tam ədalətlidir. Çünki mən işğaldan azad edilmiş ərazilərimizdə törədilmiş vəhşilikləri, Xocalıda törədilmiş soyqırımını, Azərbaycanın rəhbər vəzifəli adamlarının olduğu helikopterin vurulduğunu, Gəncənin raket atəşinə tutulduğunu gördüm. Həmin aktlara qarşı atılan ən amansız addımlar belə ədalətlidir, obyektivdir və zəruridir”.

Azərbaycan Respublikasının Prezidenti, Siahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün təşkil edilən mətbuat konfransında səsləndirdiyi fikirlərin ölkəmiz, xalqımız və dövlətimiz üçün olan tarixi əhəmiyyətlərindən biri də 44 günlük müharibənin tam ədalətli olduğunu sübut edən çoxsaylı fakt və arqumentlərin dilə gətirilməsi idi. Dövlət başçımız növbəti dəfə bəyan etdi ki, müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Bundan sonra isə hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik: “Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistan ərazilərində vəziyyəti izləyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən, uzaqmənzilli raketlərin də irəli çıxarılmasını görürdük, bu gün isə daha artıq dərəcədə görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləgərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm”.

Dövlət başçımızın qənaəti belədir ki, Ermənistan rəhbərliyinin yeni təxribatları, terrorları, işğalçılıq məqsədi ilə atılan addımları davam edərsə, Azərbaycan öz ədalətli mövqeyində daha möhkəm dayanacaq və onlar daha ağır zərbə alacaqlar: “Əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli bəyanat mahiyyətcə elə defakto sülh sazişidir. Tərəflərdən biri digərinə qalib gəlirsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sülh sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sənəd de-fakto elə Ermənistanın tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq”.

Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbərinin sualındakı müharibə başa çatıb. Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var – Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz. Sizə görə bu müharibə, həqiqətən, yekunlaşıbmı, başa çatıbmı? Bundan sonra iki ölkə, iki xalq sülh şəraitində qonşuluq münasibətləri ilə həyatlarına davam edəcəklərmi? – sualını cavablandıran dövlət başçımız təkrarən xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan bunu həll edib.  

Xatırladıldı ki, otuz il davam edən danışıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyətinin nəticəsi sıfıra bərabər oldu. Son iki il ərzində Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə məşğul olsunlar. Çünki Ermənistanın baş nazirinin yersiz və çox təhlükəli bəyanatları onların fəaliyyətini də faktiki olaraq iflic, mənasız etmişdi.

Azərbaycan öz ərazi bütövlüyünün bərpasına nail olmaqla yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin iflic edildiyinə görə öz haqq səsini qaldırdı. Çünki biz münaqişənin hərb yolu ilə deyil, danışıqlar masasında həllini istəyir və buna çalışırdıq.

Ancaq dövlətimizin bu cəhdlərinə baxmayaraq, Ermənistanın baş naziri çıxıb dedi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Bu iddiadan, daha doğrusu, siyasi yekəxanalıqdan sonra hansı danışıqlardan söhbət gedə bilərdi? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çətin vəziyyətə saldı. Çünki onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq, son iki il ərzində danışıqlar aparılmırdı. Bütün bu faktlar isə bir daha sübut etdi ki, Azərbaycan dövləti 44 gündə tam ədalətli müharibə aparıb və nəticə göz qabağındadır. Yəni, Azərbaycan bu məsələni təkbaşına və obyektivcəsinə həll etdi. Dövlət başçımızın da dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi həll olundu: “Noyabrın 10-da imzalanmış bəyanat bunu təsdiqləyir”.

Uzun illər, hətta əsrlər boyu ermənilərdən bir vasitə kimi istifadə edən beynəlxaq qüvvələrin və bəzi dövlətlərin Dağlıq Qarabağın statusu barədə ortaya atdığı təxribatçı fikirlərə gəldikdə isə onlar unutmasınlar ki, Azərbaycan Prezidenti həmin statusun ünvanını göstərib. Yəni status-kvo da, Dağlıq Qarabağın statusu da artıq bir neçə aydır ki, “gorbagor” olub. Ona görə də, dövlət başçımızın fikrincə, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər verənlər var. Ermənistanın bu ağır məğlubiyyətinin əsas səbəblərindən biri də məhz o vədlər idi. Həmin vədləri verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. 

Prezident İlham Əliyev mətbuat konfransında bu fikirləri səsləndirərkən təkcə jurnalistə cavab vermirdi. O, həm də Ermənistan rəhbərliyinə və İrəvana himayədarlıq etmək istəyənlərə başa salırdı ki, status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Prezident məsələni bir az da konkretləşdirərək dedi ki, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik: “Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki. Azərbaycan təkcə 44 günlük müharibə dövründə deyil, ümumiyyətlə, həmişə, bütün məsələlərdə ədalətli mövqe tutub. Bu isə Heydər Əliyev xarici siyasətinin mühüm tərkib həhətlərindən biridir. Ulu öndər kimi, Prezident İlham Əliyev də xatırladır ki, Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür və çoxsaylı nümunələr var. Dövlət başçımız bunu müharibə dövründə də dəfələrlə demişdir. Ancaq təəssüf ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar verilmədi. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar gəlirdi. Çünki haqsızdırlar, ədalətsizdirlər, işğalçı və terrorçudurlar. İlham Əliyev isə dəfələrlə deyirdi ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır: “Biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma, bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır… Əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin”.

Bu məqamda çoxdan oxuduğum bir erməni məsəli yadıma düşür: “Öz yolu ilə deyil, başqasının göstərdiyi yolla gedənlər qara günlə üzləşərlər”. Amma bu gün iş elə gətirib ki, ermənilərin öz yolları da onları qara günə doğru aparır, havadarlarının göstərdiyi yollar da. Onların özləri də Qafqazda sülhə maneədirlər, havadarlarının ssenari və layihələri də.

Doğru yolda isə həmişə xeyir şərə qalib gəlib.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

3 Mart 2021 00:07 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə