Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avrasiya məkanında nəqliyyatlogistika sahəsinə böyük töhfələr verir

İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanda son 17 il ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb.  

Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən, AvropaQafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, BakıTbilisi-Qars dəmir yolu istismara verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi kimi Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsinin vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm tranzit uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub.

Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Respublikamızın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönələn irimiqyaslı infrastruktur layihələri, o cümlədən, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz ifadəsidir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətləri gerçəkləşdirməklə iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir.

Azərbaycanda iqtisadi islahatların sürətlə həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru hazırda inkişafının yeni mərhələsinə daxil olub və bu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə də aydın nəzərə çarpır. Son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Gəmiçiliyin donanmasında gəmilərin sayının getdikcə artması bunun parlaq ifadəsidir. Xatırladaq ki, Gəmiçiliyin əsası 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. 2013-cü ildə isə respublikada mövcud olan iki böyük donanma – Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması birləşdirilərək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb. Hazırda Xəzər hövzəsində ən böyük mülki donanmaya malik qurum olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da daxildir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanlarından geniş istifadə edir. Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Xəzər dənizində yeganə bərə operatorudur. Qurumun bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.

Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmibərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirakı da respublikamızda bu sahənin inkişafının diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Mərasimlərdə məlumat verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunub. Qeyd edək ki, yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi dövlətimizin başçısının xüsusi nəzarətindədir və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. QSC yaradılan vaxtdan keçən 7 il ərzində 18 yeni gəmi istismara verilib. Son bir ilin pandemiya şəraitində keçdiyini nəzərə alsaq, Azərbaycan Prezidentinin davamlı inkişafa yönələn iqtisadi strategiyasının miqyasının daha aydın nəzərə çarpdığını görə bilərik. İlk dəfə Xəzərdə yeni istismara verilən

“Ro-Pax” tipli gəmi-bərə sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyacaq. Xatırladaq ki, 2013-cü ildən bəri donanmanın yenilənməsi istiqamətində aparılan işlər nəticəsində 18 yeni gəmi alınaraq istismara verilib. Bu gəmilərin hazırlanması əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətindən əldə edilən mənfəət hesabına maliyyələşir. Bununla da yerli bazara sərmayə yatırılmaqla, səhmdarı dövlət olan müəssisə kimi Azərbaycanda yerli gəmi tikintisi sənayesinin inkişafına və yeni iş yerlərinin yaranmasına töhfə verilir. “Ro-Pax” tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə, Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 13 bərə və 6 Ro-Ro tipli gəmilər reallaşdırır. Onların hamısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsusdur və QSC bu gün Xəzərdə yeganə bərə operatorudur.

Beləliklə, “Ro-Pax” tipli gəmibərələrin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcəyi, Azərbaycanın coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə xidmət edəcəyi proqnozlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı mərasimində də iştirak edib. Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, müasir texnoloji sistemlərlə təchiz olunan binada beynəlxalq tələblərə cavab verən lokal informasiya texnologiyaları infrastrukturu, videokonfrans və rabitə sistemləri yaradılıb.

Burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Bu muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üç əsrə şahidlik edən şanlı tarixini bir araya gətirərək nümayiş etdirmək, tarixi eksponat və sənədlərin konservasiyasını reallaşdırmaq və rəqəmsal formata çevirərək gələcək nəsillərə ötürülməsini gerçəkləşdirməkdən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi “Suraxanı” tanker-muzey isə gələcəkdə ölkəmizdə gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması baxımından münüm önəm daşıyır. Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlətimizin başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır.

Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib.

Şübhəsiz ki, maraqlı eksponatlarla zəngin tanker-muzey postpandemiya dövründə turistlərin ən çox üz tutacağı məkanlardan olacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

3 Mart 2021 00:01 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə