Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı forumları mövcud problemlərin həllinin tapılmasına mühüm töhfələr verir”

VI Bakı Beynəlxalq Humanitar Forum öz işini başa çatdırıb. Bu nüfuzlu tədbirdə müxtəlif ölkələrin tanınmış dövlət xadimləri, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri iştirak ediblər. Azərbaycan paytaxtına təşrif buyuranlar arasında UNESCO-nun sabiq baş direktoru İrina Bokova da var. Tanınmış siyasətçi xanım forumun, o cümlədən “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı keçirilən sessiyanın əhəmiyyəti barədə dedi: 
– Hesab edirəm ki, VI Bakı Beynəlxalq Humanitar Forumu əvvəlki forumlar kimi qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək çağdaş dünyanın bir sıra aktual problemlərinin həlli ilə bağlı olduqca dəyərli fikirlər səsləndirdi. Forum çərçivəsində çox məzmunlu və faydalı müzakirələr oldu. Düşünürəm ki, Bakıda qaldırılan məsələlər qlobal problemlərin həllinə pozitiv təsir göstərəcək. 
Mən oktyabrın 26-da forum çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda keçirilən III plenar sessiyada çıxış etdim. Çıxışımda vurğuladım ki, Bakı forumları mövcud problemlərin müasir həll yollarının tapılmasına mühüm töhfələr verir. 
Əminəm ki, müasir dünyada yalnız mədəniyyətlərarası dialoqa diqqət yetirməklə mənfi çağırışlara qarşı mübarizə aparmaq mümkündür. Bu baxımdan “Bakı Prosesi” müxtəlif təşkilatların, ölkələrin nümayəndələrini bir araya gətirir, müzakirələrə imkan yaradır. 
“Bakı Prosesi” həm də mədəniyyətlərarası dialoqla bağlı işlərin hansı istiqamətdə aparılmasına dair praktiki vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayır. Lakin hesab edirəm ki, bu işləri daha da genişləndirməliyik, müxtəlif xalqların mədəniyyətlərinin təbliğinə geniş yer ayırmalıyıq. Münaqişələrin qarşısını bu yolla almaq mümkündür. 

Söhbəti yazdı:
M.HACIXANLI, 
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə