Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır

VI Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa çatdırdı. Forumun yüksək səviyyədə keçirilməsi bir daha təsdiqlədi ki, ölkəmiz belə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi sahəsində artıq böyük təcrübə qazanıb. Bu forumda qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparıldı. Müxtəlif ölkələrdən tanınmış dövlət və ictimai-siyasi xadimlərini, Nobel mükafatı laureatlarını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya gətirən mötəbər tədbir təşkilati işlərin yüksək səviyyədə qurulmasına görə hələ bir müddət xatirələrdə qalacaq. Bu barədə qəzetimizə məlumat verən Milli Məclisin deputatı, filologiya elmlәri doktoru, professor Jalə ƏLİYEVA dedi:
– Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum bütün dünyaya çox əhəmiyyətli mesajlar verdi. Nümayəndələr, ilk növbədə, Azərbaycanın inkişafı, tolerantlığı, bütün dinlərə, mədəniyyətlərə açıq, demokratik, ən əhəmiyyətlisi isə forumun da mövsusu olan insan amilinə hörmətlə yanaşan ölkə olduğunu bir daha gördülər. Forumun əhəmiyyətini iştirakçıların sayı da təsdiqləyir. Dünyanın 80-dən çox ölkəsindən gəlmiş nümayəndələr həm də xalqımızın qonaqpərvərliyinin şahidi oldular. Bu səmimiyyət, ictimai-siyasi sabitliyin təmin olunması, həm də sülhsevərliyin nümunəsidir. Qonaqların çoxluğu, eyni zamanda, tanınmış simaların iştirakı ölkəmizə dünya miqyasında yüksək diqqət və hörmətin göstəricisidir. 
Dünyanın iri şirkətlərinin rəhbərlərinin də qatıldığı forum böyük əhəmiyyət kəsb edir. İri şirkət rəhbərləri də şahidi oldular ki, Azərbaycan bölgədə etibarlı tərəfdaş, sabit, əmin-aman ölkədir. Elə bunun nəticəsidir ki, son illər respublikamıza qoyulan investisiyaların həcmi artmış, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, şirkətlərin sayı çoxalmışdır. Bu gün Azərbaycan artıq investisiya qoyulan ölkədən investisiya qoyan dövlətə çevrilib. Bir neçə gün əvvəl qardaş Türkiyədə fəaliyyətə başlayan “Star” neft emalı zavodunun dünyanın diqqətini cəlb etməsi də bunu təsdiqləyir. 
Forumu əhəmiyyətli edən cəhətlərdən biri də ondadır ki, nümayəndələr ölkəmizə qarşı ikili standartla yanaşılmasının qərəzdən irəli gəldiyinin şahidi oldular. Hesab edirəm ki, ölkəmiz haqqında qərəzli mövqeyin, ikili standartların, ədalətsizliyin qarşısının alınmasında bu forumun əhəmiyyəti böyükdür. Çünki tədbir iştirakçıları yüz dəfə eşitməkdənsə, bir dəfə gördülər ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindəndir. Bu ölkədə sabitlik, əmin-amanlıq hökm sürür, xalqla iqtidarın sarsılmaz vəhdəti var. Bunu tədbirdə iştirak edən nümayəndələr də öz çıxışlarında etiraf etdilər. Qonaqlar bildirdilər ki, Azərbaycana hər gəlişlərində yeniliklərin, sürətli inkişafın, demokratik ənənələrə böyük önəm verilməsinin şahidi olurlar. 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

27 Oktyabr 2018 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə