Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Myanmada dinc nümayişçilərin öldürülməsi etiraza səbəb olub

ABŞ nümayişçilərə zor tətbiq etdiyinə görə Myanmaya qarşı yeni tədbrilər hazırlayır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın Ağ evin saytında dərc edilmiş bəyanatında bildirilir.

Məlumatı “İzvestiya.ru” yayıb.

 

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar özünün demokratiya, qanunun aliliyi və insan haqlarına hörmətlə bağlı arzularını mərdliklə ifadə edən Myanma xalqı ilə həmrəydir”.

Sallivan bəyan edib ki, ölkədə bu yaxınlarda baş vermiş çevrilişə və zorakılığın artmasına görə məsuliyyət daşıyanların cavab verməsi üçün əlavə tədbirlər hazırlanır. Vaşinqton bu məsələ ilə əlaqədar müttəfiqləri və tərəfdaşları ilə birgə səylərini davam etdirir. Myanmada hərbi xuntanın dinc nümayişçilərə qarşı qeyri-bərabər gücdən istifadə etməsi və nəticədə çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyi də öz etirazını bildirib.

Nazirliyin bununla bağlı yaydığı mətbuat üçün məlumatında deyilir: “Biz böyük narahatlıqla qeyd edirik ki, 2021-ci il fevralın 1-də baş vermiş dövlət çevrilişindən sonra Myanmada sabitlik ciddi şəkildə pozulmaqdadır”. Türkiyə XİN təcili olaraq dinc nümayişçilərə qarşı zorakılıq hallarına son qoyulmasına, ölkədə demokratiyanın bərpasına və sabitliyin dəstəklənməsinə çağırıb. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı da Myanmada dinc insanlara qarşı zorakılıq metodlarından istifadə edilməsini pisləyib.

Bununla bağlı bəyanatda qeyd edilir ki, ölkədə dinc nümayişçilərə qarşı güc tətbiq edilməsindən sonra azı 18 nəfərin ölməsi, 30-dan çoxunun yaralanması barədə dəqiq məlumatlar mövcuddur: “Şahidlərin və yerli mətbuatın verdiyi xəbərə görə, dövlət çevrilişinə etirazını bildirən dinc nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qazdan, rezin güllələrdən və səssiz qumbaralardan istifadə olunub”. Xatırladaq ki, bu il fevralın 1-də Myanmada ordu hakimiyyəti ələ keçirib, ölkənin xarici işlər naziri və dövlət katibi vəzifəsini daşıyan Aun San Su Çjini həbs edib. Hazırda hakimiyyət Silahlı Qüvvələrin Baş Qərargah rəisi Min Aunq Xlainqin əlindədir. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

2 Mart 2021 02:16 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Aprel 2021 | 07:59
Sabiq prezident iş axtarır

Köhnə versiyamızdan xəbərləri izlə