Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Forum iştirakçıları BSU-da

VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları – Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) rektoru, professor İrina Krayeva, amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys və Almaniyanın Berlin Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva Mariya Aux Bakı Slavyan Universitetində (BSU) olublar. 
Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq elmi əlaqələri, dünyanın tanınmış universitetləri ilə qurulan əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə söz açıb. 
BSU-nun Moskva Dövlət Linqvistika Universiteti ilə əlaqələrindən danışan N.Əliyeva qeyd edib ki, iki ali təhsil müəssisəsi arasındakı müqaviləyə əsasən, birgə elmi tədbirlər təşkil olunur, elmi nəşrlər hazırlanır və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlıq həyata keçirilir. BSU tərəfindən xaricdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin ilk dəfə məhz MDLU-da açıldığını deyən N.Əliyeva BSU-da fəaliyyət göstərən Rusiya Tədris və Mədəniyyəti Mərkəzi nəzdində “Moskva auditoriyası” barədə məlumat verib. 
Söhbət zamanı N.Əliyeva Almaniyanın təhsil müəssisələri ilə də BSU-nun əlaqələrinə toxunub. Bildirib ki, BSU-da 2010-cu ildən bəri alman filologiyası kafedrası, 2015-ci ildən isə Germanistika İnstitutu fəaliyyət göstərir. Rektor, o cümlədən institut nəzdində Vilhelm fon Humboldt adına Alman Dili və Mədəniyyəti Mərkəzinin işindən, alman dili ixtisası üzrə kadr hazılığından söz açıb. 
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən MDLU-nun rektoru, professor İrina Krayeva BSU-dakı təhsil sisteminin, burada yaradılan şəraitin bunun bariz nümunəsi olduğunu deyib. BSU ilə MDLU arasındakı əməkdaşlığın Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan İ. Krayeva MDLU-dakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın mədəniyyətinin, tarixi ənənələrinin əcnəbi tələbələrə yüksək səviyyədə tədris olunduğunu və rusiyalı tələbələrin Azərbaycan dilinə olan marağını xüsusi qeyd edib.
Sonra tərəflər BSU ilə Moskva Linqivistika Universiteti arasında 2005-ci ildən mövcud olan əməkdaşlığa dair yenilənmiş müqaviləni imzalayıblar. 
Tədbirin sonunda qonaqlar auditoriyalarda dərslərin gedişini izləyib. Onlar BSU-nun akt zalında tələbələrin ifasında slavyan ölkələrinin, Türkiyə və Azərbaycanın milli rəqslərinə tamaşa ediblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə