Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peyvəndləmənin düzgün və vacib istiqamət olduğunu hamı qəbul edir

Ümumdünya Səhiyyə Təşkilatının son günlərdə yaydığı məlumatda bildirilir ki, koronavirusun mutasiyası nəticəsində yaranan və ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan B.1.351 ştammının 46 ölkədə, Braziliya və Yaponiyada rast gəlinən P.1 ştammının isə 21 ölkədə yayıldığı rəsmi olaraq təsdiqlənib. Beynəlxalq qurumdan, həmçinin bildirilib ki, koronavirusa ümumi yoluxma hallarının dünya üzrə azalması heç də arxayınlaşmağa əsas verməməlidir, çünki virusun variantları nəzərə çarpmadan yayılmaqdadır. Bir çox ölkədə bu variantların qeydiyyata alınmaması onların statistikasını aşağı göstərsə də, qeyri-rəsmi göstəricilərin daha da yüksək olma ehtimalı var.

BMT – nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək deyib ki, COVID – 19 insanların həyatını məhv etməyə və iqtisadiyyatı sarsıtmağa davam edir. Dünya əhalisinin vaksinasiya prosesi çətin ki, dürüst və bərabər hesab edilə bilər. Baş katib vaksinlərin ədalətli bölüşdürülməsinin qlobal ictimaiyyət qarşısında duran əsas mənəvi vəzifə olduğunu qeyd edib. Bildirib ki, bu gün COVID – 19 əleyhinə bütün vaksinlərin 75 faizi cəmi 10 ölkənin payına düşür. Eyni zamanda, 130 – dan çox ölkə var ki, hələ vaksinlərin bir dozasını da almayıb.
A.Quterreş pandemiya ilə mübarizənin, iqtisadiyyatın bərpası üzrə koordinasiyalı səylərin və xüsusilə qlobal vaksinasiya planının hazırlanmasının zəruriliyini bildirib. BMT rəhbəri hesab edir ki, “Böyük 20” –liyə daxil olan ölkələr belə bir planın hazırlanması ilə məşğul olan fövqəladə operativ qrup yaratmalıdırlar.
Məlumdur ki, yanvarın 18 –dən etibarən Azərbaycan da bir sıra aparıcı ölkələrin sırasına qoşularaq yeni növ koronavirusa qarşı vaksinasiyaya başlayıb. İlk günlərdə peyvənd olunanlara artıq ikinci doza vurulur. Həmçinin fevralın 17-dən başlayaraq, yaşları 50 – 64 olan şəxslərin peyvəndlənməsinə başlanıb. Qeyd etməliyik ki, pandemiya elə bir təhlükədir ki, ondan xilas olmağın ən kəsə yolu yalnız budur. Biz, virusun aramızdan çəkilıməsi üçün, ya oturub virusun mutasiyaya uğrayıb zəifləməsini gözləməliyik, ya da əhalinin çox böyük bir hissəsinin virusa yoluxaraq kütləvi immunitet qazanmasını. Ölkəmiz haqlı olaraq peyvəndi ən kəsə, düzgün və vacib bir istiqamət hesab edir. Ona görə də əminliklə deyə bilirik ki, peyvənd olunmağın alternativi yoxdur. Əvvəla, bununla ilk növbədə özümüzü yoluxmaq təhlükəsindən qoruyuruq, həm də yoluxacağımız təqdirdə onun yüngül ötüb keçməsini təmin etmiş oluruq. Peyvənd kampaniyası başlayan ilk gündən mütəxəssislər bildirirlər ki, heç bir şübhəli fikirləri yaxına buraxmadan, tərəddüd etmədən vaksin olunmaq lazımdır və hər birimizin və bütövlükdə bəşəriyyətin nicatı yalnız bundan asılıdır.
Ölkəmizdə tətbiq edilən Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndinin effektivlik müddəti hamıda maraq doğurur. Bu günlər hamını bir sual düşündürür: Vaksin insanları həyatı boyu qoruyacaq, yoxsa yenidən peyvənd edilməyə ehtiyac olacaq? Bu sahənin elm adamları, tədqiqatçı infeksionist, virusoloq və epidemioloqları bildirirlər ki, peyvəndin nə qədər təsirli ola biləcəyini demək çətindir. Xəstəlikdən sağalandan sonra ən azı 6 ay onun anticisimləri orqanizmdə qalırsa, onda, peyvəndin 6 – 8 ay qoruya biləcəyini güman etmək olar. Ola bilər ki, yeni peyvənd dozası ildə bir dəfə vurulsun, ola bilər, hər altı aydan sonra vurulsun, bunu konkret demək çətindir. Çünki hələ bu sahədə lazımi araşdırmalar aparılmayıb.
Peyvənd olunanlarda anticisimlərin yaranıb-yaranmaması da gündəlikdən düşmür. Bununla bağlı mütəxəssislər bildirirlər ki, anticisim yaranmaması halını dünya əhalisinin 1 faizində müşahidə etmək olar. Yəni, istər xəstəlik keçirəndən, istərsə də peyvənd vurulandan sonra onların orqanizmində immunitet yaranmaya bilər. Bu, çox nadir halda ola bilər. Həmin şəxslər tez yoluxa, tez xəstələnə və yoluxma zamanı xəstəliyi ağır keçirə bilərlər, çünki immunitetləri zəifdir. Peyvənd olunsalar da, həm yoluxa, həm də yoluxdura bilərlər. Doğrudur, bütün bunlar indi sual doğursa da, qarşıdakı illərdə əldə olunan təcrübələrlə daha dəqiq öyrəniləcək.
İstər peyvəndlə, istərsə də müalicə məsələləri ilə bağlı tədqiq edilməli, öyrənilməli hələ çox nüanslar var. ABŞ –da mütəxəssislər 214 nəfər COVID –19 xəstəsi üzərində çalışmalar aparıblar. Tədqiqat zamanı, 2020 – ci ilin aprelindən oktyabr ayına qədər bəzi xəstələr standart müalicə alarkən, bəzilərinə həmin müalicədə təyin edilən preparatlarla yanaşı sink qlükonat (50 mg) və C vitamini (8000 mg) verilib. Araşdırmanın nəticəsində, C vitamini və sink alan xəstələrin digərləri ilə müqayisədə simptomların şiddətində və müddətində ciddi bir fərq olmadığı müəyyən edilib. Deməli C vitamini və sink qəbul etmədən də xəstələr eyni göstəricilərlə sağala bilərmişlər.
Türkiyədə koronavirus peyvəndinin yaradıcısı Uğur Şahin açıqlamasında “BioNTech”in xərçəng üçün immunoterapi müalicəsini qorumaq məqsədi ilə yaradıldığını bildirib. Peyvəndin yaranması haqqında danışan Şahin əlavə edib ki, proyektə başlamazdan əvvəl bunun uğurlu olub - olmaması ilə bağlı heç bir fikirləri yox imiş: “Əsas məqsədimiz qısa zamanda peyvəndin yaradılması olub. Proyekti necə maliyyə edəcəyimizi bilmirdik. Məsələn, gələcək 2 il üçün ümumi büdcə 350 milyon dollar idi. Amma peyvəndin proyektinin 1,5 milyard dollar civarında olacağını bilirdik. Peyvəndi 10 milyondan çox insan üçün istehsal etdik. Bunu bütün dünyadakı insanlara çatdırmaq istəyirik. Düşünürük ki, bu virus hələ bizimlə çox qalacaq. Bu, sadəcə 2021 –ci və 2022 –ci illərin problemi deyil. Virusun gələcək 10 ildə də bizə çətinliklər yaradacağı gözlənilir”.
Tədqiqatçı həkim Özlem Türeci də əsas hədəflərinin mümkün olduğu qədər sürətli və təsirli bir peyvənd yaratmaq olduğunu qeyd edib: “Bunun üçün “işıq sürəti” ilə proyektə başladıq. Peyvənd bərabər paylanılmalıdır. Vaksini yaradan zaman da bir çox əngəllərlə rastlaşdıq və onları dəf etdik. Hazırda peyvəndin paylanılmasında bu çətinlikləri yaşayırıq. Əminik ki, hər şey normala dönəcək”.
Qeyd edək ki, ölkəmizdə 2021 – 2022 –ci illər üçün koronavirusa qarşı vaksinasiya strategiyası hazırlanıb və peyvəndləmə mərhələli şəkildə həyata keçirilir. Eyni zamanda, həmin proses ÜST –nın və bu sahə üzrə məşğul olan institutların tövsiyələri nəzərə alınaraq aparılır. Peyvəndləmənin ilk mərhələsi artıq arxada qalıb. Doğrudur, həmin prosesin kütləviliyi arzuolunan səviyyədə olmasa da, COVID –19 –la bağlı yayılmış bəzi fikirlərin yanlış olduğu təsdiqləndi, təhlükə yaradan, ümumiyyətlə, heç bir ciddi hadisə qeydə alınmadı.
Çinin “Sinovac” şirkətinin ölkəmizdə tətbiq olunan “CoronaVAC” peyvəndinin effektivliyi və ən əsası, zərərinin olmadığı aparılan tədqiqatlar nəticəsində sübut olunub və tibb aləmində məşhur “Lanset” jurnalının səhifələrində də təsdiq edilib. Vaksinlərə qarşı dünyada qabarıq şəkildə əks təbliğat getsə də, hökumətlər də bunları nəzərə alaraq, bu işi çox yüksək səviyyədə təşkil edir, vətəndaşların peyvəndlənməsinə davam edirlər.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Mart 2021 01:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə