Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Od çərşənbəsidir

Zərdüşt inanclarından hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, oхşasalar, təbiət o qədər tez isinər, adamlara хoşbəхtlik gətirər. Kənd yerlərində camaata Od çərşənbəsinin olmasını bildirmək üçün həmişə dağların başında tonqallar qalanırmış. Əgər dağlar olmasa, hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması məqsədə uyğun hesab olunurmuş.
Bineyi – qədimdən Novruz bayramına qədər bir çox tamaşa və oyunlar keçirilib. Adət-ənənəyə uyğun olaraq, bu tamaşa və oyunlarda əsasən cavanlar iştirak ediblər. Yaxın keçmişimizdə bölgələrdə keçirilən cıdır, qılıncoynatma, kəməndatma, gözbağlıca, kosa-kosa və digər oyun və tamaşalardan ən çox cıdır və kosa–kosa oyunlarında kütləvilik seçilib. Bu oyunlarda cavanlarla bərabər uşaqlar da, yaşlılar da çox olub. Novruza qədər keçirilən çərşənbələrdən ən kütləvisi Od çərşənbəsi olub və indi də belədir. Bu gün bölgələrimizdə hər ailə öz həyətində bir tonqal çatıb, əlavə olaraq küçədə də ocaq qalayacaqsa, şəhərdə hər binanın önündə olmasa da, iki - üç binadan bir, 300 – 400 ailəyə bir tonqal qalanacaq. Amma hər yerdə uşaqlar bu çərşənbəyə xüsusi hazırlaşırlar. Çünki, tonqalın alovu ərşə bülənd olanda yerdən götürülür, od üstündən tullanmaqla məharətlərini göstərmək istəyirlər.
Bu gün Od çərşənbəsidir. Su çərşənbəsi kimi onun da öz atributları, özəllikləri, öz süfrəsi var. Bu günün əsas atributu oddur, ocaqdır. Müqəddəs ocaq, ilkinliyimizin ilıq hənirinə belə tapındığımız, and içdiyimiz ocaq! Bu gün də başqa çərşənbələr kimi qonum-qonşuya, lap yaxın qohuma belə evdən çıraq, maya, un, kibrit vermək olmaz. Axşama iş-güc qalmasın deyə, evi də ertədən təmizləyərlər. Heç süfrədən tökülən qırıntılara belə süpürgə çəkməzlər, adətə görə günah sayılar. Bu gün ehsan vermək, yas yerinə getmək də günah hesab edilir. Qız-gəlinlər əllərinə xına qoyarlar ki, əllər od rəngində olsun.
Ağbirçək, ağsaqqal olan ailələrdə çərşənbələr indi də ilkinliyini qoruyub saxlayır. Nə uşaqların yumurta döyüşdürməsinə, nə də, o başdan çıxıb qaş qaralanda evə dönməsinə söz deyən olur. Uşaqlar şənlik gözlədiklərinə görə, onlara bunu qadağan etmirlər. Gün uzunu bir – birinə tapmaca deyən uşaqların səs – küyü qulaq batırsa da, onlara yenə acıqlanmırlar... Papaqatma bu çərşənbəyə aid olmasa da, qaş qaralan kimi, uşaqlar hər evin qapısını döyür, onlara verilən hər neməti ən əziz pay kimi alırlar. Od çərşənbəsində ailə üzvlərinin hər biri qalanan tonqalın üstündən tullanıb “Ağırlığım bu tonqalda yansın” – deyə alqış – dua edərlər. Adət-ənənəyə görə, hətta, Od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün xəstəlikləri, pislikləri və azar-bezarı odda yandırırlar. Qaranlıqda ocaq başına, alovun işığına və istisinə toplaşanlar bir-birlərinə xoş niyyətli diləklər arzulayırlar.
Uzun illərdir ki, hər çərşənbədə ilk alqış-duamız işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı olub. İnanırdıq ki, Prezident İlham Əliyevin əzmi ilə Qarabağımız işğaldan azad ediləcək. Artıq bu gün o torpaqlarda da tonqallar çatılacaq, hərbçilərimiz çərşənbə tonqalının ətrafına yığışacaqlar. İndi başqa arzularımız qanadlanır. Bayram tonqallarının Zəngəzurda, Göyçədə alovlandırılması diləyilə deyək: Od çərşənbəmiz mübarək!
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Mart 2021 01:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə