Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı qanı kəsilməyən yaramızdır

1992-ci il fevralın 26-da Ermənistan ordusu Azərbaycanın Xocalı şəhərində dinc və günahsız əhaliyə qarşı amansız soyqırımı törətdi. Bununla XX əsrin sonlarında daha bir dəhşətli insanlıq dramı yaşandı. Bu faciə bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, digər tərəfdən, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin yeni təzahürüdür....

Bu fikirləri İsraildə nəşr olunan “The Jerusalem Post” qəzetinin tanınmış analitiki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bildirib.
O deyib ki, Ermənistanın uzun illər davam edən hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmişdi, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Erməni vandalizmini saymaqla bitməz, lakin Xocalı soyqırımı bu vəhşiliyin pik nöqtəsidir. Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfəri şikəst olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülmüş, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyildir. Bu, əsl soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qocalar olmuşdur. Ancaq bizim təsəllimiz də var. Belə ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu düşməni, demək olar ki, tam məhv etdi, onların silahlı quldur birləşmələrini Qarabağdan vurub çıxardı. Lakin nə qədər böyük qələbə qazansaq da, Xocalı soyqırımı heç zaman yaddaşımızdan silinməyəcək. Xocalı qanı kəsilməyən yaramızdır.
A.Qut qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası dünyada bu soyqırımı tanıtmaq üçün böyük işlər görür. Bu prosesə dəstək olaraq öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə bağlı hissənin də olduğu real hadisələrdən bəhs edən sənədli roman yazdıq. Bir sıra xarici ölkələrdə, o cümlədən Bakı şəhərində möhtəşəm təqdimatlarını keçirdik. Əsərdə müxtəlif konfessiyalara, millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin– Polad və Röyanın ülvi, saf məhəbbətini təsvir etməyə çalışmışıq. Əsərin baş qəhrəmanı Röyanın taleyi vasitəsilə Ermənistanın Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri dəhşətləri real olaraq təsvir etmişik. Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaqda kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.
“Ağrı” romanında XX əsrin faciəsi--Xocalı soyqırımı ətraflı təsvir olunub. Əsərdə Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzü açılıb, Azərbaycan xalqının kədəri və faciəsi ürəkağrısı ilə təsvir edilib. Bu, olmuş tarixdir, bu, real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur. Çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir. Biz həm də, romanın qəhrəmanları vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc yaşayıblar və yaşamaqda davam edirlər.
İsrailli ekspert əlavə edib: “İsrail dövlətinin vətəndaşı kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və antisemitizm faktları olmayıb. Qədim Azərbaycan torpağında İslam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olub. Bu ölkədə indi də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dörd nazir yəhudi xalqının nümayəndələri olublar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir.”
Təqdim etdi:
Anar TURAN, “Xalq qəzeti”

2 Mart 2021 01:42 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə