Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocalı soyqırımının xarici mediada ilk əks-sədası

“Vaşinqton Post”
Tomas QOLTS, Ağdam. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək 25-i gecəsi Xocalı şəhərini Yer üzündən siliblər, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raisa Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb.
Yüzlərlə, bəlkə də, min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi. Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araşdırma aparandan sonra ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük.
Mən artıq Xocalıdaydım. Dərələrdə, təpələrdə, qar üzərində hələ xeyli meyit qalmışdı. Artıq ruhların dolaşdığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən, sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım.
27 fevral 1992-ci il

“İndependent”
Elen Vomak, Ağdam. Döyüş vəziyyətində olan Dağlıq Qarabağın şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.
Stepanakertin şimal-qərbində yerləşən və 6 min nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.
Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.
Bu gün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.
Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.
Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedilər ki, erməni çavuşları onları “müsəlman olduqları üçün” döyürdülər.
Fərarilər bildirdilər ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdilər ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: “Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü”.
28 fevral 1992-ci il

“Röyters”
Elif Kaban, Ağdam. Çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər. Onlar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdülər. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız”.
28 mart 1992-ci il
“Sandey Tayms”
Tomas Qolts, Ağdam. Erməni əsgərləri yüzlərlə qaçqın ailəni qırır. Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də, minlərlə insan itkin düşmüş və ölmüşdür.
İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: “Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar”. Bu, sağ qalan 3 əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.
Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.
Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi. Sağ qalanların dediyinə görə, daha 2 min adam ayrı səmtə qaçıb, hələ də tapılmayıb. Bəlkə də, onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.
Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.
Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir. Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.
1 mart 1992-ci il
“Nyu York Tayms”
“Röyters” Ağdam. Ermənilər tərəfindən törədilən soyqırım. Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edir. İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı motoatıcı alayı ərazidən çıxmağa, əslində isə müharibə edən iki etnik qrup - ermənilər və azərbəycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.
Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir.
Şəhərin bombardman edilməsi. Azərbaycanın informasiya agentliyi Azərinform xəbər vermişdir ki, Bazar günü gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır.
Ermənistan respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımını inkar edir. Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.
İki yük maşını meyitlə dolduruldu. “Röyters”in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.
Dağlıq Qarabağdakı 4 illik müharibə 1500–2 min adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.
2 mart 1992-ci il
“Tayms”
Qarabağda cənazə təpələri. Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub. Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.
Azərbaycanlılar iddia edirlər ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür.
Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.
Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.
2 mart 1992-ci il
“Vaşinqton Post”
Erməni basqınları azərilərin ölümü və qaçqın düşməsi ilə nəticələnir. Xocalının 10 min əhalisindən, təxminən, 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.
2 mart 1992-ci il
“Nyu-York Tayms”
“Röyters”, Ağdam. Ermənilərin törətdiyi qırğın. Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırımı haqqında bu gün yeni bir sübut əldə olunmuşdur. Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.
İnsanların başlarının dərisi soyulmuşdur. Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəşov dedi: “Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləborana tutdular”.
Meyitlərin yük maşınları ilə daşınması. “Röyter”in fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
3 mart 1992-ci il
“Tayms”
Anatol LİVEN. İşiqlandırılmamış soyqırımı. Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.
Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darma-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.
Soyqırımı zamanı sağ qalan Zahid Cabbarov dedi: “Biz olduğumuz yerdə 200 nəfər öldürüldü”. Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləborana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.
Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi.
Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.
3 mart 1992-ci il
“BBC Morninq News”
Canlı yayımda olan BBC müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.
Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.
3 mart 1992-ci il
“Vaşinqton Tayms”
Brayn Killen, Ağdam. Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur. Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.
Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı. Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq “Telman!”--deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.
Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.
Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.
“Röyters”in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. “Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi”.
Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki, kömək diləyirdi.
Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya müharibəsi zamanı nasistlərin əməllərini xatırlayaraq dedi: “Meyitlər üst-üstə yığılmışdı. Heç faşistlər də bunu etməmişdir”.
Operator və qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.
3 mart 1992-ci il


Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

2 Mart 2021 01:22 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə