Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuat konfransı jurnalistlərin bölgədəki reallığın obyektiv mənzərəsini dərk etməsinə imkan yaratdı

Xocalı soyqırımının 29-cu ildönümü günü – fevralın 26-da Prezident İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı təkcə ölkəmizdə deyil, ümumilikdə Cənubi Qafqazda gedən ictimai-siyasi prosesləri diqqətlə izləyən beynəlxalq aləmdə də maraqla qarşılandı. Düzdür, indiyədək Prezident İlham Əliyevin yerli və xarici jurnalistlərə çoxsaylı müsahibələri olub. Lakin müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra ölkə başçısının 35-dən çox media qurumundan olan jurnalistlərlə mətbuat konfransı formatında görüşü və müxtəlif aktual mövzularla bağlı sualları ətraflı şəkildə cavablandırması əhəmiyyətli tarixi hadisə idi.

Prezidentin hər bir suala diqqətlə yanaşması və mətbuat konfransının təşkili ilə bağlı jurnalistlərin təəssüratlarını bölüşməsi yerli və beynəlxalq medianın gündəmindədir. Həmin jurnalistlərdən biri, Londonda fəaliyyət göstərən jurnalist, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini Aynur Tattersallın ölkə başçısı İlham Əliyevə ingilis dilində sual verərkən canlı yayımla bütün dünyaya çatdırılan mətbuat konfransının gedişindəcə öz təəssüratlarını dilə gətirməsi, mediada geniş əks-səda doğurdu: “Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir, jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım.”,--deyən jurnalist ölkə başçısı İlham Əliyevi təbrik etdi. Təqdirəlayiq haldır ki, mətbuat konfransının həmin bir dəqiqə əlli bir saniyəlik hissəsi Prezident İlham Əliyevin rəsmi twitter hesabında da ingilis dilində yayımlanıb.
Əslən türk kökənli olan Aynur Tattersall mətbuat konfransını işıqlandırmış bir qrup xarici jurnalistin Qarabağa – azad edilmiş ərazilərə səfəri zamanı facebook üzərindən canlı yayım vasitəsilə Qlobal Qəzetçilər Şurasının xarici əlaqələr üzrə sədr müavini, modern.az saytının rəhbəri Elşad Eyvazlı ilə birgə izləyiciləri Füzulidən salamlayıb və təəssüratlarını bölüşüb:
– Azərbaycan səfərini yüksək qiymətləndirirəm. Beynəlxalq media nümayəndələri ilə birgə dəvətə görə Azərbaycandakı səlahiyyətli şəxslərə dərin təşəkkürümü bildirirəm. 25 ildir ki, jurnalistikadayam. Dünyanın hər yerində liderlərin fəaliyyətini və dünya gündəmini izləyirəm. Digər həmkarlarımla birgə Prezident İlham Əliyevin mətbuat konfransında iştirak etdim. Adətən, liderlərin toplantıları ən çox 45 dəqiqə davam edir. Ancaq biz fervalın 26-da baş tutmuş konfransın 4 saata yaxın davam etdiyinin şahidi olduq. Deyə bilərəm ki, Azərbaycan lideri bütün media nümayəndələrini maraqlandıran sualları cavablandırdı. Dörd saat müddətində 50-dən çox suala ətraflı şəkildə cavab verməklə, konfransın müddətinə görə, dünya liderləri arasında rekorda imza atdı. Hər bir suala tək-tək aydınlıq gətirildi. Düşünürəm ki, bizim üçün maraqlı və faydalı bir toplantı oldu. Konfransdan sonra işğaldan azad edilmiş bölgəyə – Füzuliyə gəldik. Burada ərazilərin minalardan təmizlənmə işlərinin şahidi olduq. Eyni zamanda, Prezident İlham Əliyevin haqqında danışdığı, Füzulidə fəaliyyətə başlayacaq beynəlxalq hava limanının tikintisi ilə bağlı görülən işlərlə tanış olduq. Bir jurnalist olaraq, Azərbaycanda yenidən olmaqdan çox məmnunam.
 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Mart 2021 01:12 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə