Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşəri siyasətin informativ tribunası

Tarix heç nəyi unutmur, o cümlədən xalqın adı ilə bağlı olan hadisələr heç zaman yaddan çıxmır. Son əsrlərin hadisələri də həm tarixdə yaşadılır, həm də düşüncələrdə. Gördüklərini, şahidi olduqlarını sələflər xələflərə danışıb. Xatirələr belə tarixləşir. Tarixi faktlar, hadisələr təsdiqləyir ki, siyasi məqsədlərə görə ermənilərin Qafqaza, Azərbaycana köçürülməyə başladığı vaxtlar soyqırımların, milli zəmində qırğınların başlanğıcı olub. Ermənilik müxtəlif səviyyələrdə mühafizə olunduğundan inkişaf edib, cücərib və yayılıb.

Ötən əsrin sonlarında keçmiş SSRİ hökumətinin siyasi dəstəyinə ümid olan erməni ideoloqları Azərbaycandan yeni torpaqlar qoparmağa cəhd göstərdi. Xalqın ruhu ermənilərin ərazi iddialarına qarşı sipərə çevrildi. 1920-ci ildən üzü bəri keçmiş Sovet İttifaqının siyasi qadağalarına baxmayaraq milli azadlıq mübarizəsi açıq müstəviyə keçirildi. Azərbaycan dövlətçiliyinin bərpasına yönəldilən milli-azadlıq hərəkatı həm də ermənilərin ərazi iddialarını boğmaq məqsədilə başlanmışdı. İmperiya xalq hərəkatını, xalqın milli mübarizəsini boğmaq üçün 1920-ci ilin 20 yanvarında Bakıda qırğın, ermənilər isə 1992-ci ilin 26 fevralında Xocalıda soyqırımı törətdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın adı ilə bağlı olan bütün tarixi hadisələrə beynəlxalq ictimaiyyəti əhatələyən auditoriyada münasibət bildirir. Bu münasibət təkcə həmin hadisə ilə məhdudlaşmır, həm də dövlətin cari və perspektiv strategiyasını ortaya qoyur.
Bilavasitə Azərbaycanla bağlı olsa da son ilin ən mühüm beynəlxalq hadisəsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu məsələlər sual-cavab formatında şərh edildi. Mətbuat konfransı 29 il bundan əvvəl törədilmiş faciənin – Xocalı soyqırımının başvermə səbəblərini və mexanizmini bir daha xatırlatdı. Bu xatırlatma dünyanın diqqətini bir daha Azərbaycan gerçəkliklərinin dərkinə, ona dövlət səviyyəsində münasibət bildirilməsi zərurətinə yönəltdi. Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi təqdim edən ölkə başçısı qeyd etdi ki, “Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər”.
29 il sonra Azərbaycan Ordusunun hissələri Ermənistanın növbəti irimiqyaslı təxribatının qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücuma başladı. Bu, Vətən müharibəsi idi. Azərbaycan Ordusu Vətən müharibəsində həm torpaqlarımızı işğaldan azad etdi, həm də Ermənistanın elan etmədən başladığı müharibədə şəhid olanların, bu sıradan Xocalı faciəsinin qurbanlarının qisasını yetərincə aldı. Ölkə başçısının qeyd etdiyi kimi, Xocalı qurbanlarının intiqamı döyüş meydanında alındı...
Ukraynanın “İnter” telekanalı əmkdaşının sualı xüsusilə qürurverici oldu: “Mən hərbi jurnalist kimi, bütün planetdə onlarca müxtəlif hərbi münaqişələri işıqlandırmaq imkanına malik olmuşam. Demək istəyirəm ki, Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu xüsusi əməliyyatı diqqətlə izləyirdi. Ukraynanın hərbi dairələri bu əməliyyatın nəticələrini fəal müzakirə edir, yüksək qiymətləndirirdi.”
Yeri gəlmişkən, Vətən müharibəsində bir rus jurnalistinin Şuşanın işğaldan azad edilməsi haqqında yazdıqlarını xatırlayıram: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, – demək çətindir. Dağ yuxarı, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”.
Rus jurnalistin bu döyüş təəssüratı dünya müharibələr tarixinin, bəlkə də, ən heyrətləndici savaş təsviridir. Onun bu fikrinin davamı kimi, dünya ictimaiyyətinə belə bir heyrəti yaşadanların sərkərdəsinin – cənab İlham Əliyevin bu barədə rəyini öyrənmək istəyi də təbiidir. Azərbaycan Prezidenti belə cavab verdi:
–Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasaydı bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir. Ona görə ki, döyüşçülər nə götürə bilərdilərsə götürməliydilər. Amma özünlə nə götürə bilərsən? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıq tələb edir. Bu, sal qayalara aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, özü də orada ermənilərin tankları və topları vardı. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma, əlbəttə, hərənin öz fikri var. Bu da aydındır, çünki ekspert döyüş əməliyyatlarının bütün mənzərəsinə bələd ola bilməz. Buna görə də, təbii ki, müharibə aparılmasının bir növünün xeyrinə müəyyən meyil olur. Amma deməliyəm k, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunlarının hamısının düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birlikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayət qədər əsas verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı bu gün beynəlxalq aləmdə sülhsevər bir dövlətin bəşəri siyasətinin informativ tribunası kimi dəyərləndirilir.
 

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

2 Mart 2021 01:09 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə