Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti dünya informasiya məkanını heyran qoydu

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından növbəti əhatəli informasiya yayımı oldu. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə 4 saatdan çox davam edən canlı dialoqunda 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına 4 dildə çevik və inandırıcı cavablar verdi. Azərbaycan liderinin bu açıqlamalarında dünya ictimaiyyətinə ölkəmizlə bağlı köklü həqiqətlərlə yanaşı, regionda yaranmış yeni realıqlarla bağlı mühüm mesajlar da çatdırıldı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin birmənalı mövqeyi beynəlxalq auditoriyaya yenidən bəyan edildi, dövlətimizin növbəti addımları və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.

Prezident İlham Əliyevin, həmişə olduğu kimi, bu dəfəki media açıqlamalarında da diplomatik məharət, natiqlik bacarığı nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi xarici media təmsilçilərini təəccübləndirdiyi kimi, onların informasiya körpüsü yaratdıqları auditoriyaları da heyran qoydu.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında dərindən təsirləndiyini açıq-aşkar etirf edərək bildirdi: Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısız. Mən 25 ildir ki, jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə belə əhatəli və davamlı mətbuat konfransı aparmasının şahidi olmamışam”.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Bu uğurlu irəliləyişin önündə cənab İlham Əliyevin özü gedir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi və bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı.
Uzun illər haqlı ikən “təqsirkar” sayılmağımız artıq arxada qalıb, indi situasiya tamamilə dəyişib. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət, hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib. Cənab Prezident İlham Əliyevin məhz Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı dünya istimaiyyətinin diqqətini bir daha bu dəhşətli soyqırımına yönəltdi. Azərbaycan Prezidenti qətiyyətlə dünyaya mesaj verdi ki, XX əsrin ən böyük qətliamlarından biri olan Xocalı soyqırımını törədənlərin cəzası verilməlidir. Ölkəmizin rəhbəri dünyanın aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi və informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.
Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı növbəti mühüm qələbəsidir. Media körpüdə dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq aləmdə Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb.
Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız duruma düşürdük. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələni şərh edərək bildirdi: “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.
Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib.
Bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini birbaşa məhz Azərbaycan Prezidenti İlham Əliyevdən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan öz haqqını özü əldə etrdi, məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Dünya diplomatiya və informasiya məkanında bu önəmli dönüş rəşadətli Azərbaycan Ordusu və Qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi.

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

2 Mart 2021 01:00 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə