Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

44 gün... + 4 saat: Müharibədən bərpa və quruculuq prosesinə keçidin təsbiti

İrəvanda baş vermiş qanlı 1 mart hadisələrinin 13-cü ildönümündə cəhənnəmə gedən hər erməni özünə yoldaş axtarır. Uğursuz və məğlub dövlətdə iqtidar – müxalifət qarşıdurması öz nəhsliyini qorumaqdadır. ... İnformasiya portallarında yayılan məlumatlarda açıqca görünür ki, məğlubiyyət Ermənistanı növbəti məğlubiyyətlərin də kənarına gətirib. Bu sətirləri yazarkən öyrəndim ki, bizim Xocavənddə faşist tör-töküntüsü Njdeyə qoyulmuş abidənin üstü örtülüb, tamamən götürülməsi barədə danışıqlar gedir.

İşğalçı ölkənin paytaxtında ara qarışıb, məzhəb itdiyi bir vaxtda, fevralın 26 -da Azərbaycan Prezidenti geniş mətbuat konfransı keçirdi. Mətbuat konfransını qürurla izlədim, sonra videoyazısı ilə yenidən tanış oldum. Əsasən Xocalı soyqırımı, Ermənistanın Azərbaycana hərbi-siyasi təcavüzü mövzulu konfransda, 44 günlük müharibə, müharibəsonrası dövr, sövq-təbii mərkəzi mövqedə idi. Mətbuat konfransında iştirak edən jurnalistlərdən birinin sözü ilə desək, 4 dildə, 4 saatdan artıq sürən mətbuat konfransı keçirmiş ilk dövlət başçısı olaraq tarixi rekorda imza atan cənab İlham Əliyev, jurnalistlərin verdiyi sualların mövzu rəngarəngliyinə, onların media quruluşu, ölkə mənsubiyyəti və s. baxımdan da özünəməxsus fərqliliklər daşıyırdı.
Bizim üçün o zalda neçə jurnalistin iştirak etməsi, onların hansı ölkələri təmsil etmələri əlbəttə maraqlıdır, lakin bundan daha maraqlı olanı o jurnalistlərin hansı suallara cavab axtarmaları və ondan da maraqlısı aldıqları cavablar idi. Ölkə başçısının tənqidçi xarici medianın suallarına qarşı kamil cavabları, xüsusilə Vətən müharibəsi günlərində verdiyi müsahibələrdə öz ifadəsini dəqiq tapmışdı. Bununla belə, müharibə 44-cü günündə bitsə də, o gündən bu günə bitib-tükənməyən suallar, cavab arayışları, kimlərdəsə şübhələr, kimlərdəsə hirs-hikkə, daha başqalarında qəzəb, barışmazlıq və bütün bunlarla yanaşı qələbəmizin sirrinə vaqif olmaq istəkləri vardı. Məşhur deyimi yada salsaq, faktdan başqa fakt yoxdur və o fakt da Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə əldə etdiyi parlaq qələbədir.
Biz təmiz qələbə qazanmışıq! Silahlı Qüvvələrimiz müharibədə qızıl ləyaqət göstərib. Bu mükəmməl hərb mədəniyyəti Ermənistan kimi insanlıq düşməni olan bir uğursuz dövlətə, onun başıpozuq, iki stulda eyni vaxtda oturmağa həvəsli siyasi-hərbi rəhbərliyinə münasibətdə tətbiq edilməsi ilə xüsusi məna, mahiyyət daşımaqdadır. Bu təmiz qələbədən sonra yaranmış, yaxud yaradılmış suallar yığınına 4 saatda cavab verən Prezident müzəffər ordunun Ali Baş Komandanıdır! Prezidentin mətbuat konfransından çıxardığım ilk nəticə bir cümlə ilə “Biz müharibə etməyi də, sülh təsis etməyi də bacarırıq!” – şəklində ifadə oluna bilər. Prezidentin möhtəşəm mətbuat konfransı müharibədən mədəniyyətə, azadlıqdan abadlığa keçidin bir daha təsbiti, siyasi təsdiqi oldu.
Müharibə hərb sənəti olmaq etibarı ilə özü də bir mədəniyyət hadisəsidir – biz hərb teatrında, hərbi-siyasi, diplomatiya səhnəsində öz usta məharətimizi göstərdik. Bununla belə, sülh mədəniyyətində nəyə qadir olduğumuzun da unudulmaması, gözardı edilməməsi gərəkdir. Hazırda Qarabağda sırf mədəniyyət, incəsənət planında yeni müstəvi qazanılıb. Elan olunmamış müharibənin, 30 illik erməni işğalının acı nəticələrinin aradan qaldırılması – tarixi-mədəni abidələrin bərpası, mədəni həyatın canlanması, top-tüfəng səslərinin instrumental ansamblın, sazın, tar-kamanın səsi ilə əvəzlənməsi imkanı yaranıb. İşğal mədəniyyətsizliyi, azadlıq mədəniyyəti ilə əvəzlənib. Ağlı olan ermənilərin özü üçün də mədəniyyət xilas aktı ola bilər. Təsadüfi deyil ki, uzaqgörən dövlət başçısı müharibədən sonrakı ilk ilimizi məhz “Nizami İli” elan etdi. Dövlət başçısı Şuşaya Mədəniyyət Paytaxtı statusu verərək, Vaqif Poeziya Günlərinin, Xarıbülbül festivalının bərpasına göstəriş verdi. Buyurun, 30 ilə yaxın sülh yolu dedik, beynəlxalq hüquq dedik, çağırış etdik – nəticəsi nə oldu? – Bir qarış torpağımız belə bizə sülh yolu, danışıq yolu ilə qaytarılmadı. Elə ki, müzəffər ordumuz “Dəmir yumruq” əməliyyatına başladı, hamının yadına sülh düşdü, hamının yadına atəşkəs düşdü...
Azərbaycan Prezidenti müharibə başlamamışdan öncə (24 sentyabr 2020) BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən Ermənistanın təmas xəttinə əlavə qüvvələr topladığını, yeni işğal planlarına malik olduğunu deyərək, beynəlxalq birliyi xəbərdar etmiş, bunun Ermənistana baha başa gələcəyini bildirmişdi. Prezidentin Xocalı soyqırımının 29-cu ildönümündəki mətbuat konfransında verdiyi ismarıcları da qulaqardına vurmaq lazım deyil. Bu, Ermənistana və onun məğlubiyyətini həzm edə bilməyən, vurnuxan havadarlarına son xəbərdarlıq dərəcəsindədir. “Dəmir yumruq yerindədir!”
Qürurla izlədiyimiz mətbuat konfransında digər bir müharibə – COVID –19 -a qarşı görülən tədbirlərə aid suallar da müvafiq şəkildə cavablandırıldı. Bir-biri ilə münaqişə yaşayan dövlətlərdən, necə deyərlər, eyni məsafədə durmaq, münaqişə tərəfləri ilə məhz Azərbaycanın dövlət maraqlarına, beynəlxalq hüquq normalarına uyğun davranmaq respublikamızın ədalətli seçimidir. Bu da mətbuat konfransında işıqlandırılan mövzulardan idi. Heç şübhəsiz, tarixi zəfərimizi, bu zəfəri qazanan Silahlı Qüvvələrin və Ali Baş Komandanın, dövlət-xalq birliyinin mahiyyət dərinliyini öz içimizdə də düzgün qiymətləndirə bilməyənlər, narahat olanlarımız var. Prezidentin mətbuat konfransından sonra o narahatlıqlar önəmli dərəcədə cavab tapdı. Dövlətimizə, dövlət başçımıza, xalqımızın ideallarına, xalqımızın dövlətcanlı, vətəncanlı olmasına qətiyyən şübhə etməməliyik! Dörd saatlıq mətbuat konfransı diplomatlar, politoloqlar tərəfindən video-dərs şəklində öyrənilməli bir hadisə dəyərindədir.
 

Əkbər QOŞALI

2 Mart 2021 01:05 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə