Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə yeni reallıqlar yaradılıb

Prezident İlham Əliyevin xarici və yerli jurnalistlərlə keçirdiyi mətbuat konfransını televiziyadan izlədim. Dövlət başçımız müxtəlif mövzulara aid dəfələrlə bəyanatlar verib. Mətbuat konfransında həm Azərbaycan ictimaiyyətini, siyasi ekspertləri maraqlandıran məsələlərə tam şəkildə aydınlıq gətirildi.

Prezidentimiz bir daha bildirdi ki, artıq münaqişə həll olunub. Yəni artıq Azərbaycan Ermənistanın işğalına son qoymuşdur. Bu baxımdan məsələ bitib. O ki qaldı bizim ərazimizdə kompakt yaşayan ermənilərə, onların reinteqrasiya prosesi baş verəcəkdir.
Dövlət başçımız mətbuat konfransında jurnalistlərin bütün suallarını aydın və sistemli şəkildə cavablandırdı. Bərpa işlərinə münasibət bildirən dövlət başçımız bir daha vurğuladı: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünki uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmaq istəyirlər. Yenə də istəməzdim daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası ən azı 2 il çəkəcəkdir”.
Cənab Prezident bildirdi ki, bizim Qarabağın bərpasından başqa önəmli bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri artıq gerçəkləşib.
Məcburi köçkün həyatı yaşayan insanlara dövlətimiz tərəfindən həmişə yüksək qayğı və diqqət göstərilib. Bunu bizim Qubadlı məcburi köçkünləri də yüksək dəyərləndirirlər. Bu gün onlar Böyük Qayıdışa hazırdırlar. Bu qayıdış rayonumuzun qəsəbə və kəndlərinin minalardan təmizlənməsindən sonra Prezidentimizin göstərişi ilə baş tutacaq.
Prezident mətbuat konfransında məcburi köçkünlərin qayıdışı məsələsinə də aydınlıq gətirmişdir: “Kimsə bəlkə getmək istəmir? Nəyə görə biz buna pul xərcləməliyik?! Əgər məcburi köçkün həftəsonu istirahətə gedəcək, başqa vaxt Bakı və Sumqayıtda yaşayacaqsa, nəyə görə pul xərclənməlidir? Ona görə də mənim tapşırığımla məcburi köçkünlər arasında qayıdışla bağlı sorğu keçiririk”.
Dövlət başçısının sözlərinə görə, o halda pul xərclənəcək ki, daimi ora qayıdış olsun: “Ona görə biz sorğular həyata keçiririk. İşğaldan azad edilmiş ərazilər dəniz kənarında olan bir istirahət yeri olmamalıdır”.
Amma qubadlılılar istirahət üçün yox, yaşamaq üçün doğma torpağa qayıtmağa hazırlaşırlar. Dövlət başçımızın jurnalistlərin suallarına qətiyyətli cavablarındakı məqamlar onların Qubadlıya qayıtmaq arzularını daha da artırmışdır. Bu qeydlərimizi cənab Prezidentin bu fikirləri ilə tamamlamaq istərdim: “Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. Bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma müharibədən sonra artıq bir neçə ay keçir və biz görürük ki, postmüharibə dövrü də bizdə çox rahat keçir. Bu da cəmiyyətimizin çox böyük üstünlüyüdür, xalqımızın böyüklüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytaraq. Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin”.


Allahverdi HAXVERDİYEV,
YAP Qubadlı rayon
təşkilatının sədri

2 Mart 2021 00:47 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə