Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas vəzifə qanunçuluğun, hüququn aliliyinin təmin olunmasıdır

Azərbaycan ədliyyəsi – 100

Xalqımız zəngin və şərəfli tarixi boyu sivil, bəşəri dəyərlərə daim üstünlük verib. Bir əsrlik yubileyini qürurla qeyd etdiyimiz Azərbaycan ədliyyəsi bu gün xalqımızın hüququn aliliyinə olan dərin inamını, dövlətçilik ənənələrinə sədaqətini nümayiş etdirir. Reallıq budur ki, ədliyyəmiz xalqımızla bərabər böyük inkişaf yolu keçərək, inkişaf edib, təkmilləşib, nəhayət, hazırkı yüksək inkişaf səviyyəsinə çatıb. 
Tarixdə heç də hər bir xalqa, millətə istiqlalına qovuşmaq nəsib olmur. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, düz bir əsr əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdur. 1918-ci il may ayının 28-də AXC-nin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi – demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlanmış, mütərəqqi dövlətçilik ənənələrinin etibarlı bünövrəsi qoyulmuşdur. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradılmışdır. Paralel olaraq, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.
Fəxrlə qeyd etmək lazımdır ki, AXC-nin qurucuları gənc, müstəqil dövlətin hüquq sisteminin bərqərar olunmasına böyük əhəmiyyət verirdilər. Təsadüfi deyil ki, Cümhuriyyətin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edilmişdir. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etmişdir. AXC-nin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olunmuşdur. 1918-ci il noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt – nazirliyin əsasnaməsi təsdiq olunmuşdur. 
Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunların parlamentdə müzakirəyə çıxarılması da nazirliyin dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində apardığı işi nümayiş etdirir.
Xalq Cümhuriyyətinin qəbul etdiyi “İstiqlal Bəyannaməsi” əhəmiyyətinə, hüquqi prinsiplərin əhatəliliyi və zənginliyinə görə Konstitusiya aktına bərabər olan ilk hüquqi sənəd idi. Həmin sənəddə Azərbaycan ərazilərinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri, demokratik dövləti səciyyələndirən əsas xüsusiyyətlər – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqları, eləcə də Şərqdə ilk dəfə qadınlara seçki hüququ verilməsi əks olundu. Bəyannamədə Xalq Cümhuriyyətinin əsas məqsəd və niyyətinin hüquqi dövlətin qurulması olması təsbit edildi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu möhkəm təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı. Ədliyyə Nazirliyinin əsas vəzifəsi qanunvericilik, normativ aktların hazırlanması və onların uğurla həyata keçirilməsini təmin etmək olmuşdur. Nazirlik bu şərəfli işin öhdəsindən gələ bilmiş, ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşdırılması baxımından mühüm işlər görə bilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdu.
Bu yerdə ilk ədliyyə naziri, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədovun adını dərin hörmət hissi ilə çəkməyə ehtiyac duyulur. Yada salmaq lazımdır ki, ilk günlər Ədliyyə Nazirliyi yalnız nazirdən ibarət olmuş, ştat vahidləri olmamışdı. Lakin Xəlil bəyin başçılığı ilə qısa vaxt ərzində yuxarıda qeyd etdiyimiz kimi böyük işlər görülmüşdü. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi işlərin miqyası bu gün də dərin rəğbət və heyrət doğurur. AXC-nin qurduğu ikinci hökumətdə Baş nazir Fətəli xan Xoyski həm də ədliyyə naziri seçilmişdir. Bu görkəmli dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ədliyyə sistemi daha da təkmilləşdirilmşdir. 
1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər komissarlığa həvalə olundu. 
1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə, komissarlığın fəaliyyəti xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir. 7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürüldü.
Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin inkişafında ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Belə ki, ədliyyə sisteminin yenidən hərtərəfli inkişafı bu dahi siyasətçinin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynadı və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini verdi. Məhz o dövrdə qazanılan zəngin təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.
1990-cı illərin əvvəllərində Azərbaycan xalqı dövlətçiliyin itirilməsi, ölkənin parçalanması təhlükəsi ilə üz-üzə qaldıqda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə zərurət yarandı. O ağır günlərdə, anarxiya və müharibə şəraitində xoşbəxtlikdən Heydər Əliyev xalqımızın israrlı təkidi ilə hakimiyyətə qayıtdı. Ulu öndərin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin və dövlətin həyatında sürətli dəyişikliklər, quruculuq işləri başlandı. 
Ulu öndərin ədliyyə sistemində davamlı islahatların aparılmasına, ədliyyə sisteminin dövlət mexanizminin işləkliyinin təmin olunmasında oynadığı rola verdiyi əhəmiyyətə görədir ki, 11 noyabr 2000-ci il tarixli sərəncamla 22 noyabr – Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlandı. 
Cəmi bir il sonra daha bir sevindirici hadisə baş verdi. Belə ki, dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə 16 avqust 2001-ci ildə Azərbaycanın ədliyyə tarixi ilə bağlı muzey yaradıldı. 
Ümummilli liderin layiqli davamçısı, möhtərəm ­Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni-yeni nailiyyətlər əldə edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. Bu mühüm sənədlə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilmişdir. 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq fərmanlar imzalanmaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunlar qəbul olunmuşdur. 
Hazırda Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasının həyati əhəmiyyətini nəzərə alaraq, ədliyyə sisteminin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərir. Dövlət başçımız İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına əsasən, Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. 
Prezident İlham Əliyev 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladı. 
Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar, bir tərəfdən hazırda ictimai münasibətlərdə və cəmiyyət həyatının bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən mövcud problemlərin səmərəli həllinə olan ehtiyac bunu zəruri edirdi. Bu baxımdan cənab Prezidentin bu mühüm təşəbbüsü həm müasir dövrün tələblərini nəzərə alır, həm də mövcud problemlərin səmərəli həlli üçün qabaqcıl dünya təcrübəsindən bəhrələnməyə şərait yaradır. 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bu gün ölkə ictimaiyyəti üçün açıq, əlçatan bir qurumdur. Son illər ölkəmizin ədliyyə sistemində uğurla həyata keçirilən islahatlar nazirliyin cəmiyyətdə nüfuzunun daha da artması ilə bərabər, onun fəaliyyətinin şəffaflığını da təmin etmişdir ki, bu da ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Xüsusilə “Açıq hökumət” prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir. Son illər dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məhkəmə binaları inşa edilmir. Yeri gəlmişkən, hazırda Masallıda hər cür şəraiti olan yeni məhkəmə binası ucaldılır. 
Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri də mütəmadi genişlənir. Sevindirici haldır ki, son illər Azərbaycanda həyata keçirilən məhkəmə islahatları, o cümlədən, bu sahədə tətbiq olunan mütərəqqi yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur və əldə olunan uğurlar hətta Azərbaycandan kənarda da təqdir edilir. Məsələn, Avropa Şurası öz dövri nəşrlərində Azərbaycanda ədliyyə sahəsində həyata keçirilən islahatların, görülən işlərin işıqlandırılmasına xüsusi yer ayırır, Azərbaycanda hakimlərin seçim prosedurunun şəffaflığı və obyektivliyi, ölkəmizdə məhkəmələr üçün unikal infrastrukturun yaradılması digər ölkələr üçün də örnək kimi dəyərləndirilir. 
Azərbaycan ədliyyəsi hər zaman olduğu kimi, bu gün də öz şərəfli missiyasını ləyaqətlə yerinə yetirir. Azərbaycanın ədliyyə orqanları ulu öndər Heydər Əliyevin ideyalarını, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq, bundan sonra da dövlətimizin və xalqımızın maraqlarına xidmət edən ədalətli qanunların keşiyində şərəflə dayanacaq, cəmiyyətdə haqqın, ədalətin zəfər çalmasına öz layiqli töhfələrini verəcəklər. 

Firdovsi ƏLİYEV, 
Masallı Rayon Məhkəməsinin sədri

27 Oktyabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə