Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Açılış mərasimindəki ismarıcların “Ramana tezisləri”

“Fevralın 25 -də Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirildi. Prezident mərasimdə dərin məzmunlu çıxış etdi. Müharibədən yenicə çıxmış ölkənin sosial, infrastruktur və digər layihələrini nəinki təxirə salmaması, hətta tam gücü ilə davam və inkişaf etdirməsi Ramanadakı mərasimlə bir daha təsdiq olundu”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirdi. Prezidentin çıxışında qeyd etdiyi kimi, həssas kateqoriyadan olan ailələrə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini, belə insanların problemlərinin ilk növbədə həll olunmasının vacibliyi məsələsinə toxunan Q.Paşayeva dedi:

– Cənab Prezidentin Ramanadakı açılış mərasimindəki çıxışında nələri gördük? Müharibəyə qədər olan dövr, müharibə, müharibə sonrası... – işğalın ağır nəticələri, o nəticələrin aradan qaldırılması üçün dövlətin öz üzərinə götürdüyü öhdəliklər, ordu quruculuğu, müharibənin aparılması, müharibə itkiləri, işğaldan azad edilmiş ərazilərdəki quruculuq prosesi... və bütün bunların fonunda təxirə salınmayan dövlət sosial layihələri. Bu barədə cənab Prezident dəfələrlə öz fikirlərini bölüşüb. Dövlət başçısının vurğuladığı kimi, imza qədər keçərli olan Prezident sözü Ramanada bir daha təsdiq olundu. İşin yalnız maddi, iqtisadi tərəfləri deyil, həssas qrupların diqqət – qayğı ilə əhatə olunması, necə deyərlər, dövlət vəfasının bütün şərtlər daxilində yenə yerinə yetirilməsi – mənəvi amillər də özünəməxsus önəm kəsb edir.
İndi baxın, saxta “qalib dövlət” ədası ilə yerə -göyə sığmayan, “qüdrətli ölkə” öz mövcudluğunun ən bərbad günlərini yaşayarkən, gerçək qalibiyyəti qazanan, yaşayan Azərbaycan öz çiçəklənməsini davam etdirir. Müharibə itkilərini hələ də cəsarət edib, gerçək rəqəmlərlə ifadə edə bilməyən uğursuz dövlətə – hələ də Qarabağ torpaqlarından meyit yığan (daşıyan) Ermənistana qarşılıq, Azərbaycan şəhid ailələrinə, qazilərə qayğını dövlətin prioritet vəzifəsi olaraq bir daha nümayiş etdirir. Konkret olaraq, onlara tam təmirli mənzillər bağışlayır. Diqqət edək: Ramana kompleksində doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.
“Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir.” – deyən komitə sədri dövlət başçısı tərəfindən cari ilin yanvarında bu məqsədlə imzalanan sərəncamı xatırlatdı:
– Həmin sərəncamla təsdiq olunmuş proqrama əsasən, 2021 – 2025 -ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bu 5 ildə görüləcək ilk belə plan deyil. Gərək olduqca, dövlətimizin daha yeni proqramlar qəbul və icra etmək imkanı vardır. Siz təsəvvür edirsinizmi, cəmi bir neçə ay əvvələ qədər, saxta “qalib ədası”ndan əziyyət çəkən Ermənistan belə ardıcıl, böyük miqyaslı proqramları icra edə bilərmi? Bax, bu müqayisə çox həqiqətləri bir daha üzə çıxarır. Dövlətimizlə qürur duyuruq.
Söhbət şəhid ailələrinə, müharibə əlillərinə yalnız mənzillərin verilməsindən getmir. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən bundan sonra da lazımi kömək göstəriləcək. Əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də qazilərə davamlı, keyfiyyətli tibbi yardım göstəriləcək. Minlərlə qazimiz orada hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Ayrıca, müharibə dövründə əlini, qolunu itirmiş oğullarımız üçün ən müasir protezlər sifariş edilib, ilkin olaraq, 300 -dən çox qazimizin bu protezlərlə təmin ediləcəyi rəsmən bildirilib. Üstəlik, ayaqlarını itirmiş qazilərimizin bəziləri “ağıllı” protezlərlə təmin edilib və onlar artıq normal həyatlarına davam edirlər. Dövlət – xalq birliyini, xalqın öz dövlətinin yanında necə durduğunu 44 günlük müharibədə necə gördüksə, dövlətin öz qazi vətəndaşlarına, səhid ailələrinə diqqət – qayğısını da eyni yüksək dərəcədə görmək qürurvericidir.
Cənab Prezidentin sözlərindən çıxış edərək desək, dövlətimiz öz sosial siyasətinə, bu siyasətin strateji prioritetlərinə sadiqdir. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri, yaralı qazilər üçün əlindən gələni edib, edir və edəcək. Statistikaya diqqət edək: bugünədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Yalnız ötən, 2020-ci ildə bu kateqoriyadan olanlara 1572 mənzil verilib. Bu il isə bundan təqribən iki dəfə çox – 3 minə yaxın ailə mənzillə təmin olunacaq. Beləliklə, həm I, həm də II Qarabağ müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Onu da əlavə edək ki, 7200-ə yaxın müharibə əlilinə minik avtomaşını verilib.
Qənirə Paşayeva bu fikirləri cənab Prezidentin Ramanadakı çıxışında verdiyi ismarıclara əsasən bildirdiyini dedi. Qeyd etdi ki, Ramana oradakı böyük yaşayış kompleksinin istifadəyə verilməsindən, həmin açılış mərasimindən və dövlət başçısının oradan verdiyi ismarıclardan sonra, Sabunçu rayonu inzibati ərazisindəki bir qəsəbə olmaqdan çıxıb, respublikamızda, dünya azərbaycanlıları arasında, türk dünyasında, dünyada adı (yalnız Ramana qalasına görə yox), yeni simasına, yeni yaşayış kompleksinə, yeni sakinlərinə görə də gələcəkdə daha çox ziyarətçi qəbul edəcək gözəl ünvan olacaq. Prezidentin Ramanadakı çıxışı Ermənistanın düşdüyü mövcud durumun “niyə”sini, “necə”sini, Ermənistanın gələcəksizliyini, qalib Azərbaycanın aydın sabahını yığcam, dəqiq ifadə etməsi ilə “Ramana tezisləri” də adlandırıla bilər. Və o tezislərə zaman-zaman yenidən müraciət olunacaq...

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Mart 2021 00:38 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə