Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük qayıdış başlayır

Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Artıq işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Prezidenti tərəfindən yaşayış sahələrinin bərpası və iqtisadiyyatın qurulması ilə bağlı 4 mühüm prioritet müəyyənləşdirilib. İlkin mərhələdə həmin ərazilərə dəyən ziyanın qiymətləndirilməsi, ikinci mərhələdə infrastruktur layihələrinin reallaşdırılması, daha sonra sosial obyektlərin, inzibati binaların inşası, nəhayət, sonuncu mərhələdə məskunlaşmanın başa çatdırılması nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında ötən il noyabrın 10-dan sonra mənfur düşmənin əvvəlki faşist əməllərindən əl çəkmədiyini, 20 gün ərzində təbiətimizə və əmlakımıza maksimum ziyan vurmağa çalışdığını diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra işğalçının evləri, ağacları yandırdığını, kəsib-doğradığını, talan etdiyini bildirib: “Evlərin pəncərələrini, sanitar qovşaqlarını aparırdılar və bütün dünyanın gözü qarşısında. Yaxşı ki, xarici medianın nümayəndələri də bu vəhşiliyin şahidləri olublar və bütün dünya gördü ki, biz kimlərlə üz-üzəydik və hansı bəlanı məğlub etdik. Mən sözün düzü, belə vəhşilik gözləmirdim. Özü də tamamilə əsassız. Baxın, başqasının torpağını zəbt edəsən, orada o torpağın, o evin sahibini qovasan, güc tətbiq edərkən heç bir vaxt vermədən. Biz onlara 20 gün vaxt verdik, onlar bizə 20 saat da vaxt verməmişdilər. Ondan sonra onun evində yaşayasan, sonra deyəsən ki, bu mənimdir. Sən orada çıxmağa məcbur olanda evi dağıdasan, sökəsən, yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl, real sifətini gördü”.
Bəli, həqiqətən Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı, yerüstü sərvətlərə malik Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar olunub. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub.
Yeri gəlmişkən, rəsmi hesablamalara görə, Azərbaycanın 54 min hektar meşə sahəsi işğalçı tərəfindən dağıdılaraq, talan olunub. Düşmən ondan müxtəlif materiallar istehsal edib, orada parket biznesi qurub.
Bölgənin təbii landşaftı ciddi deformasiyaya uğradılıb. Qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Dövlətimizin başçısının vurğuladığı kimi, hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi məhv edib.
Azərbaycan Prezidenti İlham Əliyev bu vandallıq əməlinə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında diqqəti bir daha yönəldərək, deyib ki, ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, kənd və şəhərlər xarabalığa çevrilib: “Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır…”.
Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Bu torpaqların “yaşıl enerji” zonasına çevrilməsi planlaşdırılıb.
Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.
Dövlətimizin başçısı hazırda bütün dəymiş ziyanın hesablandığını, bu məqsədlə respublikanın müvafiq qurumları tərəfindən video-foto və dron çəkilişlərinin aparıldığını, bütün dağılmış evlərin protokollaşdırılması, pasportlaşdırılması işlərinə start verildiyini xatırladaraq, vətəndaşların dəymiş ziyanın ödənilməsi üçün fərdi qaydada, ilk növbədə, Azərbaycan, sonra beynəlxalq məhkəmələrə müraciət etmələrini də diqqətə çatdırıb.
Ölkə rəhbəri, həmçinin artıq bu sahədə işlərə başlanıldığını, müvafiq sənədlərin imzalandığını qeyd edib: “Bu sahədə buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb. Onlar yaxın gələcəkdə Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparacaqlar, ancaq biz də onları lazım olan materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var. Dəymiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”.
İşğaldan azad edilən yaşayış sahələrinin bərpasından danışarkən, bir məqamı da vurğulamaq istərdik. Belə ki, həmin ərazilərimizin inkişafı ilə bağlı hazırlanan konsepsiyada həm təşviq, həm də sahibkarlar üçün güzəştlər nəzərdə tutulub. Bu torpaqlarda dövlət-özəl tərəfdaşlığının daha da gücləndirilməsi məqsədilə sahibkarlar üçün xüsusi güzəşt mexanizminin tərtib olunması da qərara alınıb.
Bu il dövlət büdcəsindən işğaldan azad olunan yaşayış sahələrinin, infrastrukturun bərpası üçün 2,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, Qarabağ Dirçəliş Fondu yaradılıb. Fond büdcədənkənar vəsaitin müxtəlif mənbələrdən cəlb edilməsini və bu vəsaitin həmin ərazilərə yönəldilməsini əsas məqsəd kimi qarşıya qoyub.
Hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə aparılır. Bu il yanvarın 14-də Prezident İlham Əliyev tərəfindən təməlqoyma mərasimi keçirilən aeroportla bağlı dövlətimizin başçısı deyib: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər…”.
Ölkə rəhbəri daha sonra qeyd edib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bu şəhərin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanının Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcəyi nəzərdə tutulub. İndi yerin seçilməsi və beləliklə, iki beynəlxalq hava limanının tikintisinə yaxın zamanlarda başlanılması qərara alınıb.
Bir müddət bundan əvvəl Prezident İlham Əliyev tərəfindən Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm əhəmiyyətə malik hadisədir. Bu dəmir yolu xətti nəinki bölgənin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ən önəmli cəhət isə odur ki, adı çəkilən infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi olacaq. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək.
Bununla da Azərbaycan təhlükəsiz tranzit ölkə kimi növbəti mərhələyə daxil olur. Eyni zamanda, bu infrastruktur bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasını şərtləndirir. Beləliklə, sözügedən layihənin reallaşması ilə Azərbaycanın regionda strateji əhəmiyyəti artır, o cümlədən iqtisadi potensialı daha da güclənir.
Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini də diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılması mühüm önəm daşıyır.
Xatırladaq ki, 200 evdən ibarət inşa ediləcək kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Eyni zamanda, belə bir innovasiyanın tətbiqi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını sürətləndirəcək.
Dövlətimizin başçısı yuxarıda qeyd etdiyimiz mətbuat konfransında bu məsələ ilə bağlı bildirib ki, minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq: “Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik”.
Beləliklə, Azərbaycan Prezidentinin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə qısa vaxt ərzində görülən işlər, həyata keçirilən tədbirlər də bunu deməyə əsas verir.


Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

2 Mart 2021 00:10 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə