Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 29 ili tamam olur

Martın 2-də Azərbaycanın Birləşmiş Millətlət Təşkilatına (BMT) üzvlüyünün 29 ili tamam olur. Bu qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına və ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsinə şərait yaratmaqla yanaşı, Ermənistanın təcavüzkar siyasətinin ifşası üçün də yaxşı imkanlar yaratmışdır. Gündən-günə inkişaf edən, demokratik dəyərlərə söykənən Azərbaycan BMT-də böyük nüfuz qazanmışdır. Ölkəmizin Təhlükəsizlik Şurasının (BMT TŞ) iki il müddətinə (2012-2013) qeyri-daimi üzvü seçilməsi ikitərəfli münasibətlərin səviyyəsinə çox müsbət təsir göstərmişdir.

2 mart 1992-ci ildə BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata qəbul olunması haqqında qətnamə qəbul edilmişdi. Nyu-Yorkda BMT-nin mənzil-qərargahının qarşısında təşkilatın 181-ci üzvünün – Azərbaycanın bayrağı qaldırılmışdı. Mayın 6-da isə təşkilatın nəzdində Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdı. BMT-yə üzvlük Azərbaycana öz müstəqilliyini möhkəmləndirməyə, Ermənistanın hərbi təcavüzünə qarşı beynəlxalq qanunlardan daha səmərəli istifadə etməyə imkan vermişdi. Bu təşkilatda dəfələrlə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərin güc yolu ilə işğalının yolverilməzliyi müzakirə edilmişdi.
Doğrudur, bu gün Azərbaycan erməni işğalı altında olan ərazilərini azad etmiş və ərazi bütövlüyünü bərpa etmişdir. Bununla belə, həmçinin qeyd olunmalıdır ki, Azərbaycanın 44 gün ərzində həyata keçirdiyi əks-hücum əməliyyatı BMT-nin qətnamələrinə, beynəlxalq hüquq normalarına uyğun aparılmışdır. Məhz BMT çərçivəsində qəbul olunmuş qətnamələr belə bir əks-əməliyyatların keçirilməsinə beynəlxalq hüquqi zəmin yaratmışdı. Xatırladaq ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdi. Bu qətnamələr Azərbaycan ərazilərinin toxunulmazlığını bir daha təsdiqləmiş və atəşkəs rejiminin dərhal elan edilməsini, hərbi əməliyyatların dayandırılmasını, işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi.
Azərbaycan BMT Baş Assambleyasının işində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdi. 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin 49-cu sessiyasında ümummilli lider Heydər Əliyev yüksək tribunadan Azərbaycandakı vəziyyət, Ermənistanın təcavüzü haqqında dünya ictimaiyyətinə məlumat vermişdi. Bir il sonra ulu öndər BMT-nin 50 illiyi ilə əlaqədar Baş Assambleyanın xüsusi təntənəli sessiyasında Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini bəyan edərək dünya birliyini Ermənistanın təcavüzünə son qoyulması üçün tədbirlər görməyə çağırmışdı. Ulu öndər, həmçinin 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik zirvə Toplantısında iştirak etmişdi.
Ümummilli lider çıxışında qloballaşma mövzusuna toxunmuş və qloballaşmanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə vurğulamışdı. Xüsusilə qeyd etmək lazımdır ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanda BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi yüksək səviyyədə qeyd edilmişdi. Elə həmin il ölkədə ölüm hökmü və senzura ləğv olunmuşdu.
2003-cü ilin sentyabrında o vaxt Azərbaycan Respublikasının Baş naziri olan İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında iştirak etmişdi. 2004-cü ilin sentyabrında öz işinə başlamış BMT Baş Assambleyasının 59-cu sessiyasının ümumi müzakirələrində iştirak etmiş Prezident İlham Əliyev çıxışında respublikamızın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdu. Hökumətimizin başçısı BMT qətnamələrinin yerinə yetirilməsi üçün səmərəli, təsirli mexanizmin əhəmiyyətini qeyd etmişdi. Məhz uğurlu diplomatiya nəticəsində 14 mart 2008-ci il tarixində BMT-nin Baş Məclisində “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul olunmuşdu. Sənəd Azərbaycan Respublikasının ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstəkləmiş, işğal olunmuş bütün ərazilərdən erməni qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün lazımi şəraitin yaradılmasını tələb etmişdi.
2006-cı ilin iyununda ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasına üzv qəbul edilməsi Azərbaycan ilə BMT arasında əməkdaşlıq işində əlamətdar hadisə olmuşdu. Azərbaycan BMT – nin ixtisaslaşdırılmış təşkilatları – İnkişaf Proqramı, Qaçqınların İşləri üzrə Ali Komissarlığı, Uşaq Fondu, UNESCO, Sənaye İnkişafı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadın Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə fəal əməkdaşlıq edir. Ölkəmizin terrorizmə qarşı mübarizədə qlobal səviyyədə fəal iştirakını BMT çərçivəsində Azərbaycanın mühüm töhfəsi adlandırmaq olar. Bu nüfuzlu beynəlxalq təşkilatın yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərləri zamanı ölkəmizdə müxtəlif sahələrdə görülən işlərə verilən yüksək qiymət Qarabağ münaqişəsi ilə bağlı verdikləri bəyanatlar, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək Azərbaycanın BMT-dəki möhkəm mövqeyini bir daha təsdiqləyir.
2011-ci ildə dövlət müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bir daha təsdiqləmişdi ki, respublikamız dünya ölkələrinin yüksək etimadını və dəstəyini qazanmışdır. Bu seçim ölkəmizə BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etməyə imkan vermişdi. Prezident İlham Əliyev səsvermənin nəticəsindən dərhal sonra xalqı rəsmi bəyanatla təbrik etmiş və ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş verdiyini bildirmişdi. BMT Təhlükəsizlik Şurasının dünyanın ən mötəbər qurumu olduğunu bildirən ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi artıq bu qurumun üzvü olmasını çox böyük qələbə adlandırmışdı. Azərbaycanın xarici siyasətinin qələbəsi olan bu hadisə bir daha sübut etmişdi ki, ötən illər ərzində müstəqil və güclü ölkə kimi bütün dünyada özümüzü təsdiq etmişik. Azərbaycan bir daha təsdiqləmişdir ki, o, etibarlı tərəfdaşdır və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvüdür. Buna görə də, müstəqil siyasət həyata keçirən Azərbaycanın dostlarının sayı daim artır. Dünya ölkələri Azərbaycana inanır, ona hörmət edir, bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayır.
Bir sözlə, Azərbaycan – BMT əlaqələri uğurla inkişaf edir. Rəsmi Bakı bu mötəbər təşkilatla əlaqələrini bundan sonra da inkişaf etdirməyə, onun fəaliyyətinə səmərəli töhfə verməyə çalışır. Bu məqsəflə irəli sürülən təkliflərin müzakirəsində fəal iştirak edir. Eyni zamanda, Azərbaycan bu qurumun səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına da öz töhfəsini vermişdir. Azərbaycan Respublikasının BMT-yə daxil olması ilə yaranmış qarşılıqlı əlaqələr intensiv inkişaf yolu keçərək, çoxtərəfli əməkdaşlığa çevrilmiş və Azərbaycanın müstəqil dövlət kimi inkişafında, beynəlxalq aləmdə öz layiqli yerini tutmasında mühüm rol oynamışdır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

2 Mart 2021 00:27 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə