Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionda davamlı sülh Ermənistanın 10 noyabr Bəyanatına sadiq qalmasından asılıdır

Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin.
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, sözün həqiqi mənasında, möhtəşəm beynəlxalq rezonans yaratdı. Bu, möhtəşəmlik təkcə tədbirdə iştirak edən mətbuat təmsilçilərinin sayına, müddətin saatlarla çəkməsinə, jurnalistlərin az qala dünyanın müxtəlif bölgələrini əhatə etməsinə, verilən sualların əhatə dairəsinə görə deyildi. Bu, həm də qalib ordunun müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin təvazökarlığına, sadələyinə, səmimiyyətinə, bütün sualları dəqiq və əhatəli cavablandırmasına görə idi. Yekdil fikir ondan ibarətdir ki, fevralın 26-dakı tədbir son otuz ildəki prosesləri obyektiv xarakterizə edən mətbuat konfransı oldu.

Dünya mətbuatı Azərbaycan Prezidentindən artıq tamamilə həll edilmiş və gündəlikdən çıxarılmış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun aradan qaldırılması üçün aparılan otuz illik mübarizə, Azərbaycan – Ermənistan münasibətləri, ölkəmizin Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan, Avropa ölkələri, beynəlxalq təşkilatlar, xüsusən, adı çəkilən münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupu ilə əməkdaşlığımız barədə kifayət qədər, həm də ən ali mənbədən dəqiq məlumat ala bildi.
Dövlət başçımız həm də dünya politoloq və konfliktoloqlarının 44 günlük müharibənin bütün detalları barədə məlumat ala bilməsinə kömək etdi. Bundan başqa, beynəlxalq ekspertlər regionda yaranmış yeni reallıqlarla tanış oldular, ölkəmizdə maraqları olan maliyyə qurumları isə investisiya yatırılması üçün yeni ünvanlarla tanış ola bildilər. Dünya mətbuatı həm də onu yazdı ki, Qafqazda ilk “ağıllı kənd” və “ağıllı şəhər”lər məhz vandal, vəhşi ermənilərin 30 ildə viran qoyduğu, səhraya çevirdiyi Dağlıq Qarabağda və ətraf rayonlarda yaradılacaq. Xüsusilə qeyd edilməli məqamlardan biri də o idi ki, tədbirdə iştirak edən jurnalistlərin əksəriyyəti, bəlkə də hamısı Azərbaycanın işğaldan azad edilmiş rayonlarına getmək, özünü dünyanın ən sivil xalqlarından biri adlandıran ermənilərin qaniçənliyinin, xarabasevərliyinin, tarixi abidələrə, mədəniyyət nümunələrinə və təbiətə nə dəcədə düşmənçilik etməsini görmək arzusunda olduğunu dilə gətirirdi. Onlara həmin şərait yaradıldı.
Politoloqların fikrincə, dövlət başçımızın fevralın 26-da keçirdiyi mətbuat konfransı Prezident İlham Əliyevin “mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm” – tezisinin təsdiqi kimi də xüsusi önəm kəsb edirdi.
Bu zaman Böyük Britaniyadan olan müstəqil jurnalistin dövlət başçımıza xitabən dediyi “Siz artıq dünya rekorduna imza atmısınız” ifadəsini də yada salmaq istərdim. İngilis həmkarımız dedi: “Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım. Dünən biz Sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımının qurbanlarını dərin hüznlə anırıq. Cənab Prezident, Siz artıq bir çox suallara cavab vermisiniz. Siz dünya mediasının Azərbaycana olan münasibətini necə qiymətləndirirsiniz? Burada bir çox jurnalistlər var, Sizin onlara mesajınız nədən ibarət olacaq və Siz gələcəyi necə görürsünüz? Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından hansı planlarınız var?”
Təbii ki, mətbuat konfransında səsləndirilən hər bir sual da, verilən cavab da ayrıca bir yazının mövzusu ola biləcək qədər dəyərli idi. Ancaq mən ingilis həmkarımızın bu sualını daha çox qabartmaq istədim. Çünki 44 günlük müharibə dövründə Prezident İlham Əliyevdən müsahibə alan bəzi mətbuat təmsilçiləri açıq şəkildə işğalçı, terrorçu və quldur Ermənistan rəhbərlərinin mövqeyini müdafiə edir, hətta bəziləri şərəfsizcəsinə Azərbaycanı ittiham etməyə çalışırdılar. İndi fəxrlə deyə bilirəm ki, ordumuz düşmənin hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxardığı həmin günlərdə dövlət başçımız da qaçaq-quldura qahmar çıxmaq istəyən mətbuat vasitələrinin bütün arqumentlərini sanki “PUA”larla vururmuş kimi darmadağın edirdi. Yəni biz dünya mətbuatından kifayət qədər haqsızlıq və qeyri-obyektiv münasibət görmüşük.
Ona görə də dövlət başçımız britaniyalı jurnalistin sualını cavablandırarkən xatırlatdı ki, müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim: “Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür. Mənə məlumat veriləndə ki, xarici jurnalistlərdən ibarət qrup buradadır və Hikmət Hacıyev bunu mənə deyəndə mən düşündüm ki, bu, yaxşı bir imkandır”.
Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə, Prezident dedi ki, bu məsələ artıq dəyişir. Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir: “Biz başqa xarici ölkədə sizinlə görüşsəydik, sizə eyni sözləri desəydim siz bunu fərqli şəkildə qəbul edə bilərdiniz. Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi”.
Dövlət başçımız həmişə olduğu kimi, bu məsələdə də tamamilə haqlıdır. Çünki bədxahlarımız və erməni lobbisinin vəsaiti ilə fəaliyyət göstərən mətbuat vasitələri hər zaman Azərbaycana qarşı hücumlar edirdilər. Bu addımları atanlar əksərən o qədər də müstəqil olmayan media şirkətləri idi.
Qeyd edək ki, 35 ölkəni təmsil edən jurnalistlərin dövlət başçımıza ünvanladığı 50-dən çox sualın əksəriyyəti məhz regiondakı bugünkü reallıqlar barədə idi. Azərbaycan – Türkiyə və Türkiyə -- Ermənistan münasibətləri barədə verilən suallar isə bugünkü reallıqlarla yanaşı, tarixi reallıqları da əhatə edirdi. Elə dövlət başçımız da öz cavablarında həmin məqamları nəzərə alırdı: “Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistanın müstəqilliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal əlaqələr qurmaq fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir… Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ancaq, eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Baxın, müharibədən əvvəl Ermənistan Prezidenti nə söyləyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Belə düşmənçilik siyasəti nə qədər davam edə bilər? Onlar necə deyərlər, ağlını başına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır”.
Dünya mətbuatının təmsilçiləri Azərbaycan Prezidentinin tədbirin sonunda səsləndirdiyi fikirləri daha böyük məmnunluqla qəbul etdilər: “Mən sizin vasitənizlə sizin ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycanın həqiqətlərinin bir hissəsini çatdıra bildim. Əminəm ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Çünki siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz”.
İnşallah!


İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

2 Mart 2021 00:14 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə