Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalan: bütün sahələrdə inkişaf müşahidə olunur

Naftalan Şəhər İcra Hakimiyyətində cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. 
İclasda şəhər icra hakimiyyətinin başçısı Rövşən İbrahimov geniş hesabat məruzəsi ilə çıxış edib. Natiq qeyd edib ki, 2018-ci ilin doqquz ayında respublikanın ümumi inkişaf tempinə uyğun olaraq Naftalan şəhərinin də iqtisadi göstəricilərində artım qeydə alınıb, əhalinin sosial problemlərinin həlli istiqamətində səmərəli tədbirlər həyata keçirilib.
Qeyd edilib ki, hesabat dövrünə təsadüf edən və bütün şəhər əhalisinin böyük sevincinə səbəb olan ən mühüm hadisə iyul ayının 5-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalana beşinci səfəri olmuşdur. Ümumiyyətlə, bu səfərlər ölkə başçısının Naftalana olan diqqət və qayğısının təzahürüdür. Möhtərəm Prezident həmin gün müasir səviyyəli yeni 60 çarpayılıq şəhər xəstəxana binasının açılış mərasimində iştirak etmiş, şəhərin inkişafı ilə bağlı tapşırıqlar vermişdir.  
 Cari ildə şəhərin ümumi məhsul buraxılışı 16 milyon 256,1 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 1 milyon 535,8 min manat təşkil etmişdir. Əhaliyə göstərilən nəqliyyat xidməti 2,5 faiz artaraq 236,1 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  ödənişli xidmətlərin həcmi 70,9 faiz artaraq 20 milyon 703,2 min manat olmuşdur. 
Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 1 milyon 841,6 min manat planlaşdırıldığı halda 2 milyon 3,3  min manat təşkil etmişdir. Yəni nəzərdə tutulduğundan 8,8 faiz və ya 161,7 min manat artıq olmuşdur. Xərcləri isə 1 milyon 775,6 min manat təşkil etmişdir.  
Yeri gəlmişkən, 2 ildən artıqdır ki, Naftalan şəhəri xərclərini yerli gəlirlər hesabına təmin edir. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünya səviyyəli müasir turizm obyektlərindən əldə etdiyi gəlirlər hesabına nail olmuşdur. Bu səbəbdən də gəlirlərin əsas hissəsini şəhərdə fəaliyyət göstərən turizm obyektləri tərəfindən ödənilən vergilər təşkil edir. 
Naftalan Şəhər İcra Hakimiyyəti, eləcə də bir sıra idarə, təşkilatlar tərəfindən Novruz, Ramazan və digər bayramlarda aztəminatlı ailələrə, əlillərə, veteranlara bayram sovqatları paylanmışdır. Bu kateqoriyadan olan vətəndaşların problemləri ilə daha yaxından tanış olmaq və həmin problemlərin həlli məqsədilə görüşlər təşkil edilmişdir. 
Hesabat dövründə bir sıra investorlar tərəfindən ŞİH-in memarlıq və tikinti şöbəsinə tikinti layihələri təqdim edilib. Şöbə tərəfindən təkliflərə qanunamüvafiq qaydada baxılır, tikinti norma və qaydalarına uyğun gələn, şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə verilir. Hazırda Yeni Avtovağzal-otel kompleksində davam etdirilən tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda binada işlər davam etdirilir. Mehmanxana Naftalan “Hotel & SPA” adı altında  fəaliyyət göstərəcəkdir. Bura istifadəyə verildikdən sonra 55 nəfər daimi işlə təmin ediləcəkdir.      
2018-ci ildə ümumi sahəsi 300 kvadratmetrə yaxın olan 2 mərtəbədən, 12 otaqdan ibarət yeni müalicə mərkəzi inşa edilərək istifadəyə verilmişdir. 
2017-2018-ci tədris ilində Naftalan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən tam orta məktəblərdən 62 şagird məzun olmuş və onlardan 31-i Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin pulsuz tibbi müayinəyə cəlb olunması ilə bağlı müvafiq tapşırığına əsasən Naftalan əhalisinin icbari tibbi müayinəsi həyata keçirilmişdir. Müayinə dövründə 7 mindən çox sakinin pulsuz tibbi müayinədən keçirilməsi təmin edilmişdir. 1285 nəfərə ambulator, 57 nəfərə isə stasionar müalicə təyin olunmuşdur. 5 nəfər isə müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilmişdir. 
Bu il əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarında rabitə xətləri dəyişdirilərək borularla çəkilmiş və paylayıcı qutular yeniləri ilə əvəzlənmişdir. Qaşaltı Qaraqoyunlu kəndində əhalinin telefona olan tələbatını ödəmək məqsədilə 1 ədəd 16 abonentlik abunəçi kartı  və 1 ədəd 48 portluq ADSL avadanlığı quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Qurban Namazəliyev yaşayış massivində yeni dirəklər basdırılmış, növbədə olan 129 nəfərə telefon xətti çəkilmişdir. 
Cari ildə əhalinin içməli su təchizatının yaxşılaşdırılması, abonentlərə öncədən ödəmə sistemli smart elektron su sayğaclarının quraşdırılması davam etdirilmişdir. Su və kanalizasiya xətlərində baş vermiş qəza halları qısa müddətdə aradan qaldırılmışdır. 
Əhalinin qazla təchizatının yaxşılaşdırılması məqsədilə xidmət sahəsi müasir maşın-mexanizmlər və avadanlıqlarla təchiz olunmuşdur. 2 min 100 abonent “Təbii qazdan təhlükəsiz istifadə qaydaları” ilə tanış edilərək təlimatlandırılmışdır.
Sonda qeyd edilib ki, bu gün Naftalan şəhərinin bütün sahələrdə inkişafının əsasını ölkə başçısının irəli sürdüyü proqramların və qarşıya qoyduğu vəzifələrin uğurlu icrası təşkil edir. Məhz bu tapşırıqların  yerinə yetirilməsinin nəticəsidir ki, Naftalanda istər turizm, istərsə də şəhərin infrastrukturunda irimiqyaslı layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri davam etdirilir. Şəhər gündən-günə gözəlləşir və yeni görkəm alır.
İclasda vurğulanıb ki, naftalanlılar bundan sonra da ölkə Prezidentinin qarşıya qoyduğu bütün vəzifələri əzmlə yerinə yetirəcəklər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

27 Oktyabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə