Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

57 saniyəyə qələbə

Dünya çempionu Eldəniz Əzizli

Bir həftə əvvəl Budapeştdə başlanan dünya çempionatına Avropa çempionu kimi yola düşən Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Eldəniz Əzizli indi Macarıstan paytaxtından ölkəmizə dünya çempionu – 55 kq çəki dərəcəsində planetin 1 nömrəli güləşçisi kimi qayıdır.
Özü də mundial qızılı uğrunda mübarizədə rəqiblərinə heç bir ümid yeri qoymayan bir-birindən inamlı qələbələr sayəsində.
Keçilən zəfər yoluna bir daha diqqət yetirək: startda macar Yozef Andraşi üzərində, səkkizdəbir və dörddəbir finallarda müvafiq surətdə çinli Liqyo Çao və Yaponiya təmsilçisi Şota Tanokura ilə görüşlərdə 9:0 hesabı qeydə alınmış, yarımfinalda Nuqzar Sursiniya (Gürcüstan) məğlubiyyətə uğradılmış – 6:3, nəhayət, həlledici final görüşündə Qırğızıstan güləşçisi Jolaman Şarşenbekova qalib gəlmək üçün həmvətənimizə cəmi 57 saniyə kifayət etmişdir – 10:0!
Bu görüşdən sonra Macarıstan paytaxtının “Laslo Papp” İdman Sarayında qaliblərin mükafatlandırılması mərasimində güləşçimizin çempionluğu şərəfinə Azərbaycanın milli bayrağı yüksəklərə ucaldılmış, dövlət himnimiz səsləndirilmişdir.
Eldənizin möhtəşəm qələbəsindən bir qədər sonra isə Rəsul Çunayevin (72 kq) uğuruna sevindik. O, üçüncü yer uğrunda gərgin mübarizədə rusiyalı rəqibinə qalib gələrək komandamıza daha bir medal – bürünc mükafat qazandırmışdır.
Beləliklə, həmin “qızıl” axşamda Azərbaycanın güləş ustalarının Budapeştdə qazandıqları medalların sayı 5-ə çatmışdır: Avropa çempionu Eldəniz Əzizli indi həm də dünya çempionu adı daşıyır, “sərbəstlər” Cəbrayıl Həsənov (79 kq) və Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq), habelə Rəsul Çunayev bürünc mükafatçılardır.
Qarşıda isə ertəsi gün növbəti çəki dərəcələrində keçiriləcək görüşlər dururdu.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

27 Oktyabr 2018 22:09 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə