Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənpərvər alim – şairin yurda bağlı söz çələngi

Əjdər Qiyaslını hələ ötən əsrin doxsanıncı illərindən iqtisadçı alim və özünəməxsus dəst-xətti olan şair kimi tanıyıram. Dövlət Radiosunda çalışdığım illərdə onun 20 Yanvar qırğını, Xocalı faciəsi və Ağdamın işğalı ilə bağlı söhbətlərini yazmış və efirə vermişdim. Doğulub böyüdüyü Qiyaslı kəndinin işğalı haqqında danışarkən isə o, gözümə Əjdər Qiyaslı kimi yox, Əjdər Qiyaslının heykəli kimi görünmüşdü. Bu soydaşımızın yazılarında, danışığında və əməllərində vətənpərvərliyin ən ali nümunələri var -- desək, səhv etmərik. 
O, uzun illərdir ki, elmi-pedaqoji fəaliyyətlə ədəbi yaradıcılığı eyni səviyyədə davam etdirir. Alimin iqtisadiyyatın aktual problemlərinə dair ona qədər kitabı, doxsana yaxın elmi əsəri, 150-dən artıq elmi-publisistik məqalələri çap olunmuşdur. Hələ gənclik illərində “Azərbaycan gəncləri”qəzetində “İqtisadi bilik bolluğun açarıdır” başlığı altında çap olunan çoxsaylı seriya məqalələri iqtisadçılarda və cəmiyyətdə dərin maraq doğururdu.
Əjdər müəllim 50 çap vərəqi həcmində “İqtisadi nəzəriyyə” və 26 çap vərəqi həcmində “İqtisadi təlimlər tarixi”dərsliklərinin müəlliflərindən biridir. Maraqlıdır ki, bu iqtisadçı alimin “Nizami Gəncəvinin iqtisadi görüşləri” mövzusunda apardığı geniş tədqiqatlar, Mirzə Fətəli Axundovun, Cəfər Cabbarlının və Səməd Vurğunun iqtisadi fikir dünyasına dair yazdığı və “İqtisadiyyat” qəzetində çap etdirdiyi elmi məqalələri iqtisadi irsimizi tədqiq etmək baxımından çox dəyərlidir. 
Onun haqqında qələmə alınan yazıların müəllifləri haqlı olaraq qeyd edirlər ki, Əjdər Qiyaslının yaradıcılığı qoşa qanadlıdır. O, yalnız kamil iqtisadçı alim-pedaqoq deyil, həm də istedadlı şair kimi tanınır. Onun hələ 1954-cü ildə orta məktəbdə oxuyanda “Vətənimdir” adlı ilk şeiri mətbuatda işıq üzü görmüşdür. Alim-şairin “Doğma torpaq”, “İnsanlara inanıram”, “Günəşli nəğmələr”, “Yaxşı adam görəndə”, “Ömür karvanı”, “Ömrün qoşa qanadı”, “Mənim dünyam”, “Yaşanan günlər”, “Səmalardan gələn səda”, “Yaradan yaşayır, yaranan qalır”, “Dünyanı yaşadan Günəş” və “İqtisad elminin kəhkəşanında” adlı 12 şeirlər kitabı, qəzet və jurnallarda 350-dən çox şeiri çap olunmuşdur. Şairin şeirlərinə S.Ələsgərov, R.Mirişli, M.Əhmədova, C.Musayev, C.Quliyev kimi görkəmli bəstəkarlar çoxsaylı mahnılar bəstələmişlər. Onun şeirləri Türkiyədə, Təbrizdə, Moskvada, Daşkənddə... çap olunmuşdur. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Əjdər Qiyaslı bizə məlum olan qələm sahibləri arasında ilk dəfə olaraq “Dünyanın himni”ni yazmış, onu Azərbaycan, rus və ingilis dillərində çap etdirmişdir. Himnin sözlərinə tanınmış bəstəkar Cavanşir Quliyev mahnı bəstələmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı ilə təltif edilmiş, “Araz” Ali ədəbi mükafatı və “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü olan Əjdər müəllim bu gün də hər iki sahədə yaradığılığını davam etdirir. “Elm və təhsil “ nazirliyi bugünlərdə 83 yaşlı şairin “Karvan hələ yoldadır” adlı şeirlər kitabını nəşr edib. 
Təbii ki, hər bir müəllifin qələmə aldığı “karvan” onun öz həyatı, keçib gəldiyi ömrü barədə demək istədiklərinin ifadəsidir. Bu baxımdan Əjdər müəllimin “karvanı” olduqca zəngin yükə malikdir. Amma onun Azərbaycan tarixi, müstəqilliyimiz, son yüz-yüz əlli ildə başımıza gələnlər və gətirilənlər barədə qələmə aldığı sətirlərini oxuyanda hiss edirsən ki, bu şairin “karvanı” məhz Azərbaycanın keçdiyi yolu ifadə edir. Doğrudur, “yel qayadan çox şey qoparıb”, torpaqlarımızın xeyli hissəsi hələ də işğal altındadır. Amma Azərbaycan karvanı keçir, gedir və getdikcə daha da qüdrətlənir.
Müəllifin yeni kitabındakı “Karvan hələ yoldadır”, “ Yaradan yaşayır”, “Mənim dünyam”, “Tanrı sədası”, “Ömür bir də verilmir”, “Vətən, mənə oğul de”, “Sevgi dolu nəğmələr”, “Arzulalar qanadlanır” və “Haqq incələr, üzülməz” bölmələrində verilmiş yüzlərcə şeirin hər birində Vətən sevgisi, yurda bağlılıq, müqəddəs dəyərlərə ehtiram hissləri görünür. 
“Görünmür yolun sonu, 
Haqqdan biçilib donu. 
Tanrı qoruyur onu, 
Karvan hələ yoldadır”

– deyən şair, ömrün bu çağında ürəyindəki kədərin yox olması – Ağdamın, Qiyaslının işğaldan azad edilməsi arzusuyla yaşayır: 
“Nə dağlar darıxsın, nə mən darıxım, 
Tut əlimdən, apar məni dağlara”.

İndi zaman başqadır, şair. Arzularınızın çin olacağı gün saatbasaat yaxınlaşır. İnanırıq ki, zaman əlinizdən tutaraq sizi həmin dağlara aparacaq. Yeni kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirik. 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

27 Oktyabr 2018 22:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə