Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda üzümçülük: imkanlar, perspektivlər...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız yekun nitqində ölkədə üzümçülüyün inkişafı ilə bağlı məsələyə də geniş yer ayırdı. Cənab İlham Əliyev dedi: “Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə olkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var”.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 90-cı illərin ikinci yarısından etibarən üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq dövlət tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidenti tərəfindən 25 avqust 2008-ci ildə təsdiq olunan “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmizdə ən gəlirli sahələrdən olan üzümçülüyün yenidən inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli sərəncamı ilə təsdiq edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafina dair Dövlət Proqramı”nda üzümçülüyün müasir vəziyyəti, 2020-ci ilə qədər respublikada 50 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılmış, əhalinin təzə üzümlə təchizatının daha da dolğun ödənilməsi, müxtəlif qida məhsullarının və spirtsiz şirələrin istehsal edilməsinin məqsəd və vəzifələri, maliyə mənbələri göstərilmişdir. Həmçinin “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda isə bu sahənin sənaye miqyasında inkişafının təmin edilməsi, dünya satandartlarına uyğun şərab məhsullarının istehsalının strateji istiqamətləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasında üzümçülük aqrar sektorun əsas sahələrindən biri olmaqla mühüm əhəmiyyətə malikdir. Tarixən bu ərazidə xalq seleksiyası yolu ilə yaradılaraq, bugünkü nəslə ötürülən müxtəlif genetik əlamətləri ilə səciyyələnən 300-dən çox yerli, 200-ə qədər ayrı-ayrı dövlətlərdən gətirilən üzüm sortları milli sərvətlərimizdəndir. 
Bölgələrdəki meşəliklərdə, dağ ətəklərində yayılan yabanı üzümün zəngin biotiplərinin mövcudluğu isə Azərbaycan Respublikası ərazisinin üzümün yaranma mərkəzlərindən biri olduğunu sübut edir. Məhz hazırda becərilən üzüm sortlarının bölgələrdəki tarixi yer adları, Azərbaycanda istifadə olunan adam adları, yer və adam adlarının müştərək forması ilə, həmçinin üzüm giləsinin, salxımının rəngi, forması, quruluşu ilə adlandırılması deyilən fikrə dəlalət edir. 
Dünyadakı on bir iqlim qurşağından doqquzunun Azərbaycan ərazisində mövcüd olması başqa bitkilərlə yanaşı, üzüm tənəyində də biomüxtəlifliyin genişlənməsinə səbəb olmuş, ayrı-ayrı sortlar meydana çıxmışdır. Nəticədə Azərbaycanda tarixən üzümçülük geniş yayılan Gəncə-Qazax, Şirvan, Qarabağ-Mil, Qarabağın dağlıq hissəsi, Muğan-Salyan, Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan təbii-iqlim bölgələrində özüşməxsus üzüm sortlarının zəngin genofondu yaranmışdır. Hər bölgədə isə təbii seçmə prosesində xalq seleksiyası yolu ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun üzüm sortları yaranmış və ərazilərdə geniş yayılmışdı. Abşeron xatınısı, Şamaxı mərəndisi, Beyləqani, Naxçıvan sarı kişmişi, Naxçıvan inəkəmcəyi, Şəfeyi, Təbrizi və başqaları məhz belə sortlardandır. Belə üzüm sortları ancaq, tarixən yarandığı bölgələrdə daha yüksək keyfiyyətə, iqtisadi göstəricilərə malik olmaqla, həmçinin xəstəlik və zərərvericilərə də qarşı dözümlü xüsusiyyətləri ilə səciyyələnir. Bu sortlar üzümçülüyün genişləndirilməsi işlərində ayrı-ayrı bölgələrə, hətta digər dövlətlərin üzüm bağlarında da yayılmışdır. Qeyd edək ki, keçən əsrin 70-80-ci illərində respublikamızda salınmış plantasiyalarda üzümün sort qarışığı geniş yayılmışdı. Bu da nəticə etibarı ilə üzüm bağlarında xəstəlik və zərərvericilərin geniş yayılması, istehsal olunan məhsulların keyfiyyətinin aşağı düşməsi ilə nəticələnmişdir. Bu baxımdan müasir dövrdə Azərbaycan Respublikasının üzümçülük bölgələrində yeni bağların salınması işində çalışmaq lazımdır ki, sort qarışığına yol verilməsin. Ona görə də üzümçülüyün genişləndirilməsində, daha çox maddi gəlirin və keyfiyyətli məhsulun əldə olunmasında üzüm sortlarının düzgün seçilməsi, ayrı-ayrı sortlardan ibarət plantasiyaların salınması yüksək iqtisadi nailiyyətlərin əldə olunmasının əsas bazisini təşkil edir.
 Azərbaycan Respublikasının coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları bölgədə digər kənd təsərrüfatı bitkilərinin də əkilməsi zərurətini nəzərə almaqla üzüm plantasiyalarının maksimum sahəsinin 150 min hektara qədər artırılması, ildə yüksək keyfiyyətli 1 – 1.2 milyon ton üzüm istehsal olunması optimal hesab edilə bilər. Bu məqsədə nail olunması üçün peşəkar aqronom kadrlara böyük ehtiyac var. Qeyd etmək lazımdır ki, dünya miqyasında insanların sağlamlığı keşiyində. həkimlər, kənd təsərrüfatında saxlanılan heyvanların sağlamlığı keşiyində baytar həkimlər, becərilən bitkilər aləminin keşiyində isə aqronomlar dayanırlar. Ona görə də respublikamızda belə kadrların hazırlanmasında zəngin pedoqoji irsə malik olan Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Hazırda peşəkar aqronom kadrların hazırlanması işində bu təhsil müəssisəsinə hər cür dövlət yardımı göstərilir ki, müasir dövrün tələblərinə cavab verən müxtəlif ixtisaslı, o cümlədən peşəkar üzümçü aqronomlar hazırlansın və istehsalata göndərilsin. Yüksək elmi-praktik bilik və bacarığa malik olan aqronomların hazırlanmasında peşəkar müəllim-professor heyəti ilə yanaşı, dünya praktikasından da istifadə olunmalıdır. Dünyada müvafiq universitetlərlə sıx elmi əlaqələrin qurulması, qarşılıqlı tələbə, elmi və təcrübə mübadiləsi artıq dövrün tələbidir. 
Respublikada müvafiq dövlət proqramları əsasında üzümçülüyün genişləndirilməsi işlərinin ancaq peşəkar aqronomlara həvalə olunması daha məqsədəuyğundur. Hazırda bu istiqamətdə universitet rəhbərliliyinin apardığı elmi və təşkilati işlər yüksək qiymətləndirilir. Azərbaycanda fəaliyyət göstətən, yaxud da yeni yaradılan ailə və fermer təsərrüfatlarında, üzümçülük şirkətlərində ixtisaslı aqronomlardan istifadə olunması daha məqbul sayılır. 
 İndiki dövrdə dünya miqyasında üzümçülük elmi əsaslarla genişləndirilir və inkişaf etdirilir. Yeni sortlar yaradılır, istehsalata yönəldilir. Dünyada üzümçülük üzrə aparılan elmi-tədqiqat işlərinin qarşısında duran əsas problemlər: ayrı-ayrı bölgələr üzrə xəstəlik və zərərvericilərə qarşı dözümlü, yüksək keyfiyyətli, məhsuldarlığa malik olan, üzüm müddət saxlanıla bilən, əmtəə görünüşlü, müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunan, müasir standartlara uyğun gələn, ayrı-ayrı spirtli və spirtsiz içkilərin hazırlanmasında yeni texnoloji təlabata cavab verə bilən, innovativ üsullarla becərilən sortların yaradılmasıdır. 
Respublikamızda da Azərbaycan Kənd Təsərrüfat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasında, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük” laboratoriyasında üzümçülün aqrotexnikası, genetikası, seleksiyası və genofondun tədqiqi istiqamətində elmi-tədqiqat işləri aparılır. Həmçinin, Naxçıvanda, Gəncə şəhərində, Şamaxı və Cəlilabad rayonlarında da üzümçülük üzrə təcrübə stansiyaları və dayaq məntəqələri yaradılmışdır. 
Respublikamızda şərabçılıq sənayesini mühəndis-texnoloq, mühəndis-mexanik kadrları ilə təmin etmək məqsədi ilə 1981-ci ildə Gəncə şəhərində Texnologiya İnstitutu təşkil olunmuşdur. Bu elmi-tədqiqat müəssisələrində üzümçülüyün becərilmə aqrotexnikası üsulları təkmilləşdirilir, üzüm sortlarının genetik xüsusiyyətləri, xəstəlik və ziyanvericiləri öyrənilir, genofondu tədqiq edilir və yeni seleksiya sortları yaradılır. Artıq seleksiya yolu ilə 50-dən çox, o cümlədən Qəhvəyi kişmişi, Əlincə, Süfrə bayanşirə, Milax, Bənəniyar, Naxçıvan muskarı və başqa perspektivli sortları əldə olunmuşdur. 
Ancaq onu da qeyd etmək lazımdır ki, bu elmi-tədqiqat institutları arasında elmi əlaqələr çox zəifdir və müvafiq dövlət proqramlarının təlabatını ödəmir. Ona görə də indiki dövrdə Azərbaycanda üzümçülük üzrə axtarış işləri aparan elmi-tədqiqat institutlarında elmi fəaliyyətin kordinasiya olunması daha məqsədəmüvafiqdir. AMEA-nın elmi-tədqiqat institutlarında üzümçülüyün elmi və nəzəri əsaslarının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə isə geniş ərazilərdə praktiki əsaslarının tədqiq olunması əsas elmi nəticələrin istehsalata yönəldilməsində mühüm rol oynayar. 
Azərbaycanda üzümçülük şərəfli inkişaf yolu keçmişdir. Keçən əsrin 70-80-ci illərdə Azərbaycanda iri miqyaslı üzüm plantasiyaları salınmış və 1984-cü ildə üzümlüklərin əkin sahəsi 284,1 min hektara, üzüm yığımı 21261 min tona, hektardan məhsularlıq isə ən yüksək həddə – 99,2 sentnerə yüksəlmişdir. Üzümlüklərin 16,4 faizi Mədrəsə, 11,2 faizi Bayanşirə, 10,6 faizi Həməşərə, 4,1 faizi Xindoqnı, 2,4 faizi Mələyi, 0,4 faizi Ağ şirə və Misqalı, 3,4 faizi Təbrizi, 1,5 faizi Ağ şanı və Qara şanı yerli üzüm sortları təşkil edirdi. Lakin, 1985-ci ildən başlayaraq “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri” ilə əlaqədar üzüm istehsalı sürətlə azalmağa başlamışdı. 1988-ci ildə 195,4 min hektardan 1254,3 min ton, 1990-cı ildə 181,4 min hektardan 1196,4 min ton, 1995-ci ildə isə 97,7 min hektardan 308,7 min ton üzüm məhsulu toplanılmışdı. 
Müstəqillik illərində üzüm istehsalı ildən-ilə artmağa başlamışdır. 2016-cı ildə 15581,2 ton üzüm məhsulu tədarük edilmişdir. Üzüm bağlarında süfrə istiqamətli Ağ xəlili, Qara xəlili, Qızıl üzüm, İnəkəmcəyi, Ağ şanı, Qara şanı, Salyan üzümü, Ağ şanı, Qara şanı, Ağadayı, Quşürəyi, Sarıgilə, Təbrizi, texniki istiqamətli Bayanşirə, Mədrəsə, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xərci, Qara aldərə, Dəvəgözü, Hənəqırna, Ağ aldərə, Şamaxı mərəndisi, Naxçıvan qara üzümü və b. sortlardan istifadə olunması yüksək iqtisadi səmərəliliyin əldə olunmasına zəmin yaradır. 
Müasir dövrdə Azərbaycan Respublikasında bölgələr üzrə üzümçülüyün genişləndirilməsi üçün kişmişi, süfrə, universal və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, ərazinin torpaq və iqlim şəraitinə uyğun müasir tipli yeni üzüm plantasiyalarının salınması, tingçilik təsərrüfatlarının yaradılması aktual problemlərdəndir. Hazırda respublikamızda bu istiqamətdə dövlət proqramlarına uyğun mühüm tədbirlər həyata keçirilir, Gəncə-Qazax, Şamaxı, Naxçıvan, Abşeron və başqa bölgələrdə müasir tipli üzüm plantasiyaları salınır. 
Xüsusilə, bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında yeni üzümlüklərin salınması alqışalayiqdir. Məlum olduğu kimi, 30 ilə yaxındır ki, muxtar respublika Azərbaycan-Ermənistan münaqişəsi səbəbindən blokada vəziyyətindədir. Dəmir yolunun işləməməsi muxtar respublika iqtisadiyyatına ağır zərbə vurmuşdur. 
Buna baxmayaraq muxtar respublkada əhalinin ərzaq məhsulları ilə normal təminatı üçün maksimum səylər göstərilir. Son dövrlər ərazidə üzümçülüyün də genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Nehrəm kəndi inzibatı ərazisinin şərq hissəsində indiyə qədən istifadəsiz qalan təpəliklərin şumlanaraq əkinə yararlı hala gətirilməsi nəticəsində 150 hektardan çox müasir tipli üzüm plantasiyalarının salınması dövlət proqramlarının icrasına ən layiqli töhfədir. Yeni salınan üzüm bağlarında əkilən Viktoriya, Kardinal, Sultaniyə və başqa calaqüstü üzərindəki sortlar əsasən xaricdən gətirilmişdir. Üzümlükdə tənəklərin müasir tipli damcı üsulu ilə suvarılması şəbəkəsi yaradılmış və avtomatlaşdırılmışdır. Tənəklərə ştamblı birtərəfli və ikitərəfli kordon forması verilmişdir. Tənəklərin qış fəsli şaxtalardan qorunması üçün üzüm bağlarında lazım olan anda işə düşə bilən tüstüverən aparatlar quraşdırılmışdır. Ərazidə təzə üzüm məhsulunun və ondan istehsal olunan qurudulmuş məhsulun uzun müddət saxlanılması üçün saxlama kameraları quraşdırılmışdır. 
Üzüm bağlarında ancaq kişmişi və süfrə sortları əkilmişdir. Hazırda üzüm plantasiyasının 70 faizdən çoxu məhsul verir. Tənəklər üzərində bol məhsul vardır. Qeyd edim ki, yeni salınan üzüm plantasiyasından toplanılan məhsul muxtar respublika əhalisinin süfrə üzümü və ondan alınan digər məhsullarla dolğun təmin olunmasında mühüm rol oynamaqla yanaşı, belə məhsulların ixrac olunmasına da şərait yaradacaqdır. Ancaq, arzu edərdik ki, yeni üzümlüklərin salınmasında və genişləndirilməsində bölgədə mövcud olan 150-də çox yerli üzüm sortlarından da geniş istifadə olunsun. Çünki tarixən muxtar respublika əhalisi fizioloji baxımdan üzümlə qidalanmada daha çox yerli məhsulların qəbul edilməsinə uyğunlaşmışdır. 
Yerli üzüm genofondundan plantasiyaların genişləndirilməsi məqsədi ilə daha çox istifadə olunması valyuta ilə xaricdən alınan əkin materiallarına nisbətən daha ucuz başa gəlməklə, ayrı-ayrı xəstəlik və zərərvericilərin bölgəyə gətirilməsinə son qoymaqla, eyni zamanda daha çox əhalinin işlə təminatına, yeni iş yerlərinin açılmasına şərait yaradar. Onu da qeyd etmək lazımdır ki, muxtar respublika ərazisində filloksera zərərvericisi yayılmadığından yüksək qiymətə alınan və baha başa gələn filloksera ziyanvericisinə davamlı olan üzüm növlərinə calaq edilmiş sortların bölgəyə gətirilməsinə, yeni bağların salınmasında əkin materialı kimi istifadə edilməsinə ehtiyac yoxdur. Çünki, bölgəyə daha çox uyğunlaşan, iqtisadi əhəmiyyətli və çox müxtəlif genetik xüsusiyyətlərə malik olan süfrə, universal və texniki sortlardan istifadə olunması gələcəkdə daha çox iqtisadi səmərə verər. 
İndiki dövrdə dünya miqyasında ildən-ilə üzümlüklərin miqyası genişləndirilir, istehsal olunan məhsulun miqdarı artırılır. 2017-ci ildə dünyada üzümlüklərin ümumi sahəsi 7600 hektarı ötmüşdür, üzüm istehsalı isə 7500 min tondan çox olmuşdur. Qurudulmuş üzüm istehsalı 1,4 milyon tondan çoxdur. Həmçinin dünya miqyasında 275,7 milyon dekalitrdən çox şərab istehsal olunmuşdur. 
Azərbaycan Respublikasında da aqrar sektorda üzüm genofondunun öyrənilməsi, ondan səmərəli istifadə olunması, üzümçülüyün yenidən inkişaf etdirilməsi, sortların iqtisadi səmərəliliyinin yüksəldilməsi, əhalinin təzə üzüm və ondan hazırlanan müxtəlif ərzaqlarla etibarlı təmin olunması, bu sahədə sənaye istehsalının yüksəldilməsi, ixracyönümlü məhsulların artırılması istiqamətində məqsədyönlü praktiki işlər həyata keçirilir. Hər il yeni üzüm bağları salınır və ayrı-ayrı məhsulların istehsalı genişləndirilir. İri miqyaslı üzümçülük şirkətlərinin ərazisində qurudulmuş kişmiş və mövüc, həmçinin abqora, sirkə, müxtəlif şirələrin, mürəbbələrin, spirtsiz içkilərin¸ həmçinin müxtəlif çeşidli yerli şərabların istehsalının təşkili edilməsi bu istiqamətdə ən aktual problemlərdən biridir. Belə təşkilati işlərin həyata keçirilməsi bölgələrdə işçi qüvvəsindən səmərəli istifadə olunmasına və yeni iş yerlərinin yaradılması ilə nəticələnər. 
Respublikamızda mövcud olan zəngin üzüm genofondu yeni salınacaq üzüm plantasiyalarının əkin materialları ilə təmin olunmasına etibarlı zəmin yaradır. Əsas üzümçülük bölgələrinə uyğun əkin materialı üçün süfrə və texniki sortların düzgün seçilməsi müasir tipli üzüm bağlarının salınmasında mühüm şərtdir. Hazırda dünyada cəlbedici əmtəə görünüşlü və keyfiyyətli, uzun müddət qorunub saxlanıla bilən süfrə üzümünə, qurudulmuş kişmiş və mövüc, həmçinin abqora, sirkə, müxtəlif şirələrin, mürəbbələrin, spirtsiz içkilərin yüksək keyfiyyətlə sənaye miqyasında istehsalına böyük tələbat vardır. Ayrı-ayrı bölgələrdə müasit tipli innovativ becərilmə sisteminə malik olan yeni üzümlüklərin salınmasında məqsədyönlü şəkildə müxtəlif vaxtlarda yetişən, ayrı-ayrı genetik əlamətlərə malik, dünya standartlarına uyğun ayrı-ayrı məhsulların istehsalı üçün tam yararlı olan süfrə və texniki sortlardan istifadə olunması respublika əhalisinin belə məhsullarla dolğun şəkildə təmin olunmasına şərait yaradar, üzüm məhsulları ixracatının artırılmasına, nəticədə yüksək iqtisadi gəlirin əldə olunmasına imkan verər. 
Ümumiyyətlə, müasir dövrdə Azərbaycanda müvafiq dövlət proqramları əsasında üzümçülüyün genişləndirilməsi üçün qarşıda aşağıdakı vəzifələr durur:
- Kişmişi, süfrə, universal və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, regionların torpaq və iqlim şəraitinə uyğun yeni plantasiyaların salınmasında yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi və istifadə olunması;
- üzümçülüyün inkişafı üçün tingçilik təsərrüfatlarının yaradılması, fermerlər üçün bağsalma işlərində istifadə olunan əsas və köməkçi materialların istehsalının təşkili;
- üzümçülük və şərabçılığın infrastruktur təminatının yaxşılaşdırılması, elmi kadr potensialının gücləndirilməsi;
- üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi, emal müəssisələrinin fəaliyyətinin bərpası və yeni müəssisələrin yaradılması; 
- üzüm məhsullarının satışının stimullaşdırılması, ayrı-ayrı mövsümlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi üçün soyuducu və anbar şəbəkələrinin yaradılması;
- üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması, daxili bazarın ədalətsiz rəqabətdən qorunması, dünya standartlarına uyğun spirtli içki məhsullarının istehsalının təşkili;
- qurudulmuş mövüc, kişmiş, həmçinin abqora, sirkə, müxtəlif şirələrin, mürəbbələrin, spirtsiz içkilərin yüksək keyfiyyətlə sənaye miqyasında istehsalının təşkili.
Düşünürəm ki, bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda üzümçülük ənənələri tezliklə özünə qaytarılacaq, bölgələrdə işsizlik problemi əsaslı şəkildə həll ediləcəkdir.

Varis QULİYEV, 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun meyvə,
tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru 

27 Oktyabr 2018 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə