Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq qaydalarını dəyişir

ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, Səudiyyə Ərəbistanının Kralı Salmana iki ölkə arasında “qaydaların dəyişdiyinə görə” insan haqlarını pozanların cəzalandırılacağını bildirib.

Məlumatı “İnterfaks.ru” verib.

Bayden “Univizion” media şirkətinə müsahibəsində deyib: “Mən vəliəhd şahzadə ilə deyil, kralla danışdım. Ona anlatdım ki, qaydalar dəyişir, bu əhəmiyyətli dəyişikliklər barədə həftənin birinci günü məlumat verəcəyik”.

ABŞ Prezidenti qeyd edib ki, əgər Ər-Riyad Vaşinqtonla əməkdaşlıq etmək istəyirsə, insan haqlarına əməl olunmasına diqqət yetirməlidir.

CNN-in verdiyi məlumata görə, ABŞ-ın Milli Kəşfiyyat İdarəsindən bildirilib ki, səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyədə öldürülməsi ilə bağlı əməliyyatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi şəxsən bəyənib. Bununla bağlı Kəşfiyyat İdarəsinin ABŞ Konqresinə göndərdiyi hesabatda deyilir: “Bizim qiymətləndirməmizə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçının tutulması, yaxud öldürülməsi üzrə əməliyyatı bəyənib. Biz bunu onunla əsaslandırırıq ki, krallıqda qərarların qəbuluna vəliəhd şahzadə nəzarət edir, təhlükəsizlik xidmətinin üzvü və həlledici müşaviri olan Məhəmməd ibn Salman əməliyyatda birbaşa iştirakçıdır. O, eyni zamanda, xaricdəki dissidentlərin, o cümlədən Qaşıqçının susdurulması üçün zorakı tədbirlərin görülməsini dəstələyib”.

Bayden bildirib ki, hesabat sabiq prezident Donald Trampın administrasiyası dövründə hazırlanıb, ancaq hələ dərc edilməyib. ABŞ-ın Dövlət katibi Entoni Blinken də bu günlərdə Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq olunduğunu elan edib. Həmin şəxslər, Vaşinqtonun fikrincə, səudiyyəli jurnalistin öldürülməsində bu və ya digər formada iştirak ediblər.

Dövlət katibi deyib: “Prezident Bayden aydın şəkildə başa salıb ki, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq Amerika dəyərlərini əks etdirməlidir. Bununla bağlı biz dəqiqliklə çatdırmışıq ki, Səudiyyə Ərəbistanının ictimai fəallara, dissidentlərə və jurnalistlərə qarşı hücumlarına son qoyulmalıdır. Birləşmiş Ştatlar buna dözməyəcək”.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

28 Fevral 2021 00:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə