Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əşrəf Hacıyevin “Qayıdıb gəlmişəm” deyən seçilmiş əsərləri

AMEA Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın tərtib etdiyi “Əşrəf Hacıyev: Seçilmiş əsərləri” adlı kitab haqqında ilk təəssüratım bir az nostalgiya, bir az da kövrək məqamlarla bağlı oldu. Çünki kitabın üz qabığında mərhum qələm sahibinin öz xətti ilə yazdığı “Qayıdıb gəlmişəm” sözləri görünən bloknot vərəqinin və məşhur jurnalistin qələminin fotosu verilmişdir. Az qala kitabın üz qabığından Əşrəf müəllimin səsi eşidilirdi. Hələ heç bir sətir oxumadan tərtibçiyə və üz qabığının rəssamına “Əhsən!” – dedim.
Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, Əməkdar jurnalist Əşrəf Hacıyev 1931-сi il dekabrın 11-də Bakıda anadan olmuşdur.Yəni bu il onun 90 yaşı tamam olacaq. Uşaqlıq illəri Qutqaşen ( indiki Qəbələ) rayonunun Hacallı kəndində keçmiş, Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə bitirmiş, 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universiteti (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin nəzdindəki jurnalistika şöbəsində təhsil almışdır. 1956-cı ildən 1969-cu ilədək “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında təbliğat və təşviqat şöbəsinin müdiri, 1969-1977-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1977-ci ildən 1997-ci ilədək – iyirmi il “Kommunist” – “Xalq qəzeti” redaksiyasında şöbə müdiri və bölgə müxbiri kimi vəzifələrdə çalışmışdır.
Ötən əsrin əllinci illərinin əvvəlindən “Ə. Hacıyev” və “Əşrəf Hacıyev” imzaları ilə mətbuatda görünən bu gənc sonralar yüzlərlə ictimai-siyasi və bədii-publisistik məqalənin və çoxsaylı bədii əsərlərin müəllifi kimi mətbuat və ədəbiyyat tariximizdə özünəməxsus iz qoymuş söz sahibinə çevrilmişdir. 45 il qələmlə yol yoldaşı olmuş Əşrəf müəllim öz yazılarında cəmiyyət həyatının, demək olar, bütün sahələrini əhatə etmişdir. Onun yazıları mövzusuna görə olduqca geniş – iqtisadiyyat, tarix, ədəbiyyat, incəsənət, hüquq, elm, mədəniyyət, əxlaq-mənəviyyat məsələləri, siyasət, ideologiya, son illərdə müharibə, Qarabağ, torpaqlarımızın işğalı, qaçqınlar problemi və başqa sahələri əhatə edirdi. Bədii əsərləri də janr-forma baxımından rəngarəngdir.
Müxtəlif illərdə qələmə aldığı “İtkin atanın oğlu” povesti, “Eynəkli kişi”, “Son görüş”, “Daş güzgü” hekayələr topluları, “Qırmızı dalğalar” pyesi, “Məhəbbət könül çırağıdır”, “İksir”, “Günəş nəslinə məktublar”, “Milyonlar belə yaranır”, “Şirvanın şöhrəti”, “Müseyib Dadaşov” və başqa elmi, publisist kitabları nəşr olunmuşdur. Onun işıq üzü görmüş 19 kitabında verilmiş materiallar görkəmli qələm sahibinin yaradıcılığının cüzi bir hissəsidir.
Publisistikada operativlik, ciddi jurnalist araşdırması, irəli sürdüyü mülahizələrində faktlara və məntiqə söykənən əsaslılıq ənənəsi 1998- ci ildə qələmə aldığı “Yanlış başa düşülən demokratiya və söz azadlığı” məqaləsində, sözün həqiqi mənasında, öz apogeyinə çatmışdır. O, sosioloji əsərlərində Azərbaycan ailəsinin uğur nümunəsi ola biləcək faktlardan və problemlərdən söz açır, kəndin sosio-mədəni problemlərinə aid olan məqalələrində isə sosial tərəqqini, kənd və şəhər arasındakı fərqin silinməsini bilavasitə kənddə mədəniyyətin inkişafı ilə əlaqələndirirdi.
Əşrəf Hacıyevin tarixə dair tədqiqatları da daim diqqət mərkəzində olmuşdur. Amma onun ədəbi-bədii nəsr əsərləri (povest, hekayə və novellaları, əfsanə və nağılları) insana və təbiətə, Vətənə sevgi ilə qələmə alındığına görə daha böyük auditoriyanı əhatə edirdi. Müəllifin çoxsaylı pyesləri, ssenariləri olmaqla yanaşı, həm də kifayət qədər xarici ədəbiyyat nümunələrini də ana dilimizə tərcümə edilmişdir. Məsələn, fransız yazıçısı Qabriel Jildas-Andriyevskinin “Həmid üçün at yoxdur!” povesti, Anton Çexov, Edmondo de Amiçis, Oliver Henri, Vasili Bakovun irsindən hekayələr, Fridrix Dürrenmattın pyesi, Fyodr Morqunun “Çörək və insanlar” kitabı Azərbaycan oxucusuna Əşrəf Hacıyevin tərcüməsində təqdim olunmuşdur.
Mərhum həmkarımızın qızı Arzu xanım Hacıyeva Əşrəf müəllimin bu möhtəşəm irsindən seçdiyi dəyərli əsərlərdən ibarət 600 səhifəlik “Qayıdıb gəlmişəm” adlı kitabı tərtib etməklə, təkcə atasının xatirəsinə ehtiram nümayiş etdirməmiş, həm də milli mətbuatımızın görkəmli simalarından birinin təbliğinə xidmət etmişdir.
 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

28 Fevral 2021 00:48 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə