Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəstəlikdən sağalanlara peyvəndin bir dozası kifayət edəcək

Peyvəndlərin tətbiqindən sonra elmi arenada ciddi müzakirə mövzularından biri də COVID –19 xəstəliyindən sağalanlara hansı dozada peyvəndin vurulması barədədir. Yəni, bu xəstəliyi ötən il keçirən insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir, yoxsa mütləq ikinci dozası da vurulmalıdır? Bu sualın cavabının tapılması istiqamətində aparılan çox önəmli tədqiqatların nəticəsi artıq məlumdur və qarşıdan gələn günlərdə elmi ədəbiyyata daxil ediləcək.

Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Kö ln Universiteti Klinikasının həkimi, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin sözlərinə görə, aparılan tədqiqatların metodik hissəsi çox ciddi dəqiqliklə icra olunub. Belə ki, peyvəndin tətbiqindən öncə, insanların COVID –19 xəstəliyini keçirib-keçirmədiklərini müəyyənləşdirmək üçün anticisimləri yoxlayıblar. Bundan sonra həm virusa daha əvvəl yoluxanlarda, həm də yoluxmayanlarda 4 gündən bir anticisimlərin miqdarına baxılıb. Beləliklə, çox önəmli nəticələr əldə olunub. Belə ki, ilk peyvənd dozasından əvvəl xəstəliyi keçirmiş insanlarda 5-8 gün sonra nəzərə çarpacaq qədər anticisimlərin çoxalmasına rast gəlinib. Bu da onlarda güclü immunitetin yaranmasının göstəricisi hesab edilir.
Əvvəllər xəstələnməyən insanlarda isə 9-12 gün vaxt lazım olub ki, vurulan peyvəndin müəyyən effekti hiss olunsun. Tədqiqatın digər çox önəmli nəticəsinə 24 günlük müşahidə zamanı rast gəlinib. Belə ki, peyvənd aldıqdan sonrakı zaman çərçivəsində xəstəliyi daha öncə keçirməyənlərdə anticisimlərin miqdarı xəstəliyi keçirən və peyvənd alan insanlarla müqayisədə az olub. Bu da bizə bir daha onu göstərir ki, peyvənd həm xəstəliyi keçirməyənlər, həm də keçirənlər üçün nə qədər önəmlidir.
Tədqiqatlarda maraq doğuracaq və gələcəkdə peyvənd strategiyasında ciddi nəzərə alına biləcək daha bir nüans də aşkarlanıb. Belə ki, öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəyişikliyə rast gəlinməyib. Bu da o deməkdir ki, elmi tədqiqatlarla sübut edilir ki, xəstəlikdən sağalan insanlarda effektiv immunitetin yaranmasına peyvəndin təkcə bir dozası kifayət edə bilər və bu insanlara qısa müddət ərzində təkrar dozanın vurulmasının ciddi təsiri və əhəmiyyəti yoxdur. Bu tədqiqatlar “Biontech” və “Moderna” peyvəndləri ilə aparılıb. Tədqiqatlarda xəstəliyi daha öncədən keçirənlərlə keçirməyənlərin peyvəndin ikinci dozasından sonrakı yan təsirləri də müqayisə edilib. Burada aydın olur ki, xəstəliyi keçirənlərin yüngül yan təsirləri xəstəliyi keçirməyənlərlə müqayisədə 5-6 dəfə çox olub. Amma bu yan təsirlər qorxulu reaksiyalarla deyil, məsələn, yorğunluq, baş ağrısı, əzələ ağrısı, bəzən qızdırma və əzələ ağrıları ilə müşahidə edilib. Bir ildən sonra fərqli dozalarda peyvənd alanlarda olan immunitetin hansı səviyyədə olacağı barədə sual isə cavabsızdır, bu barədə tədqiqatlar davam edir.
Türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını bildirib və mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlayıb. O deyib: “Odur ki, gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etməliyik. Hesab edirəm ki, mart ayında yenidən rekord göstəricilər qeydə alınacaq. Pandemiya dövründə virusla ən çox mübarizə aparanlar arasında ailə həkimləri də var. Virusa yoluxmuş və ya virusla təmasda olan insanları yaxından izləyən ailə həkimləri bu çətin prosesi tez bir zamanda aradan qaldırmaq üçün böyük fədakarlıq göstərirlər. “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndinin 50 effektivliyi var. Bununla birlikdə, bu peyvəndlər xəstəliyin qarşısını almaqda və xəstəliyin ağırlaşmamasında 90 faiz təsirli olur. Peyvəndləmə bunun üçün çox vacibdir. Kütləvi immunitet üçün əhalinin 70 faizində antitellər yaranmalıdır. Vətəndaşlarımız lazım olan vaxtda peyvənd olunmalıdır ki, vəziyyəti nəzarət altında saxlaya bilək”.
Mutasiyanın, xüsusilə, Afrika, Braziliya və İngiltərədə başladığını deyən həkim yaz aylarında virusun müqavimət göstərdiyini əlavə edib: “Bu dövrdə virus başqa bir formata keçir. Yeni proseslər istehsal edir. Mutasiya məsələsinə çox diqqətli olmalıyıq. Üçüncü dalğa dediyimiz mutasiya daha çox yoluxucudur. Koronavirus xəstələrinə reabilitasiya xidməti göstərilməlidir. COVID – 19 keçirənlər üçün vaxtaşırı müayinələr və alqoritmlər yaradılmalıdır. Ürək və böyrək problemləri olanlarda xəstəlik ciddi ağırlaşmalara səbəb ola bilər”.
“Dünya ölkələrinin hökumətləri pandemiyanın nəticələrini yumşaltmaq məqsədilə öz vətəndaşlarına və biznesə dəstək üçün trilyonlarla dollar məbləğində vəsait ayırıb. İndi həmin vəsaitin korrupsionerlərin ciblərinə axmaması üçün tədbirlər görülməsi çox vacibdir”. Bu fikirləri BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Beynəlxalq Parlamentlərarası İttifaqın korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmiş iclasında söyləyib. O, həmçinin deyib: “Bu əlavə vəsait bərpa işlərinin sürətləndirilməsi üçün nəzərdə tutulub, lakin onların paylaşdırılmasında risklər yaranır. Vəsait axınlarının şəffaflığı və onlara nəzarət lazımi səviyyədə deyil, çünki onlar pandemiya nəticəsində yaranmış təxirəsalınmaz ehtiyacların tezliklə təmin edilməsi üçün nəzərdə tutulub. Təbii ki, fövqəladə şəraitdə hökumətlərin bu vəsaitə nəzarət etmələri üçün həmişə vaxt olmur”.
Volkan Bozkır vurğulayıb ki, həm pandemiyanın, həm də korrupsiyanın nəticələri əhalinin ən həssas təbəqələrinə – sosial müdafiədən və dövlət xidmətlərindən asılı olan insanlara daha çox təsir göstərir. Bozkır sayıqlığı itirməməyə, vaksinlərin bölgüsündə korrupsiya hallarının qarşısını almağa və ən başlıcası, onların saxtalaşdırılmasına yol verməməyə çağırıb. Bildirib ki, BMT Baş Assambleyası bu il iyun ayında korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr edilmiş xüsusi sessiya keçirəcək. O, BMT-nin korrupsiya əleyhinə Konvensiyasına əməl etməyin vacibliyini xatırladıb.
Tədqiqatçıların fikrincə, COVID – 19 -a səbəb olan SARS – CoV-2 virusunun Avropadakı vəhşi heyvandarlıq fermalarında yayılması və onun insanlara ötürülməsi ehtimalı çox yüksəkdir. Bu nəticəyə onlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertlərinin məlumatlarından sonra gəliblər.
Mütəxəssislər, ÜST-ün Avropa bölgəsinə rekord sayda xəz məhsulları istehsal edən ölkələrin daxil olduğuna görə, Avropadakı vəhşi heyvandarlıqla əlaqəli riskləri təhlil etmək qərarına gəliblər. 2020-ci ilin aprel ayında dünya üzrə vəhşi heyvandarlıq təsərrüfatlarında yetişdirilən su samurlarında COVID –19 halları qeydə alınan ilk ölkə Hollandiya olub.
Daha sonra su samurları arasında koronavirusa yoluxma hallarının olduğu barədə, o cümlədən yeddisi Avropada yerləşən daha doqquz ölkə haqqında məlumat verilib. Danimarkada isə bu heyvanlardan yoluxmuş bəzi insanlarda bir sıra mutasiya ehtiva edən yeni ştamm aşkar edildi. Üstəlik, ilkin tədqiqatların nəticələrinə görə, yeni variantın anticisimlərə qarşı həssaslığının azalması ilə xarakterizə olunduğu məlum olub.
Ekspertlərin fikrincə, Avropa bölgəsindəki heyvanların xəzindən istifadə edərək məhsul istehsal edən 15 ölkədən 14-ü vəhşi heyvandarlıq fermalarında zəruri nəzarət sistemlərini tətbiq ediblər. Bundan başqa doqquz təsərrüfatda bu cür fermalarda çalışan insanlarda virusun aşkar edilməsi üzrə tədbirlər də həyata keçirilib. Mütəxəssislər SARS –CoV-2 virusunun və onun variantlarının heyvanlardan insana ötürülməsinin qarşısının alınması üçün bir sıra tövsiyələr hazırlayıblar. Onlardan bəziləri bunlardır: fermalarda sanitariya normalarına ciddi riayət edilməlidir; xəz təsərrüfatlarında çalışan işçilər davamlı olaraq fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər; heyvanlar mütəmadi olaraq virusun mövcud olub-olmaması ilə əlaqədar yoxlanılmalıdır; xəz təsərrüfatlarının yaxınlığında yaşayan vəhşi heyvanların da yoxlanılması lazımdır.
Ümumiyyətlə, virusun yayılmaması üçün bütün təşkilatlarda, qurumlarda, istehsal və istehlakla məşğul olan müəssisələrdə qorunma tədbirlərinə ciddi nəzarət davam etməlidir. Həm nəzarət, həm vaksinasiya, həm də yoluxub sağalanlara diqqət etməklə bu bəladan qurtarmaq mümkündür. Bu gün yoluxma olmayan bir ərazidə gün keçdikdən sonra çoxlu yoluxma aşakarlana bilər. Hazırda Azərbaycanda COVID –19 infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri həmişəki kimi müxtəlif olsa da azalıb. Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,2 faizi paytaxtın payına düşür. Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,3, Abşeron rayonunda 12,9, Gəncə – Qazax bölgəsində 8,1, Şəki – Zaqatalada 3,2, Quba – Xaçmazda 3, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir. Naxçıvanda yoluxmanın az faiz təşkil etməsinin nəticəsidir ki, orada sentyabrdan indiyədək təhsil müəssisələri öz fəaliyyətlərini davam etdirir.
 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Fevral 2021 00:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə