Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələm dostumuzun xatirəsinə

“Ölüm gedim, bu millətim yaşasın!..”

 

Tanınmış şair, vətənpərvər yazıçı-publisist, Əməkdar jurnalist Eldar İsmayıl bu il fevralın 20-də 79 yaşının tamam olmasına 18 gün qalmış doğulduğu və Vətən sevgisi öydüyü ulu Göyçənin həsrəti ilə doğmalarını, dostlarını, oxucularını birdəfəlik tərk edib əbədiyyətə qovuşdu. Bundan sonra ondan çoxsaylı əbəbi-publisistik əsərləri, yaxından tanıyanların qəlbində yaşayan səmimi xatirələri soraq verəcək...

Qəlbi daim yazmaq-yaratmaq əzmi ilə döyünmüş bir şair ömrü yaşadı Eldar İsmayıl. Özü dediyi kimi, “könlünü sözə, ürəyini közə”
vermişdi. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, 40-
dan artıq kitabın müəllifi idi. Yurd sevgisindən qaynaqlanmış rəngarəng yaradıcılığının sorağı həmişə yaxın-uzaq ellərdən gəlirdi. Eldar İsmayıl poeziyası Türkiyədə, İranda, İraqda da özünə çoxsaylı oxucu tapmışdı.
Eldar Ələsgər oğlu İsmayılov – Eldar İsmayıl 10 mart 1942-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olmuşdu. O, ibtidai təhsilini doğma Ağbulaq kəndində almış, Toxluca kəndində orta məktəbi bitirmişdi. Bakı Mədəni-Maarif Texnikumunu başa vurduqdan sonra Göyçədən ayrı dura bilməyən gənc Eldar doğma kəndinə qayıtmış, əvvəl mədəniyyət evinin müdiri olmuş, sonra “Dostluq” rayon qəzetində redaktor müavini işləmişdi. Bu dövrdə o, Bakı Dövlət Universitetində qiyabi ali təhsil də almışdı.
Az müddətdə ədəbi-ictimai fəaliyyəti ilə el-obada layiqli hörmət və nüfuz qazanan Eldar İsmayıl kənd sovetinin sədri vəzifəsində uğurla çalışmışdı. Həmin illərdə Göyçəni qarış-qarış gəzən gənc şair ictimai fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığını da davam etdirməyə macal tapmışdı. Bu dövrdə yazdığı “Ulu Göyçə” poeması ilə tanış olan Hüseyn Arif mətbuatda yazmışdı: “Göyçədə Aşıq Ələsgər ruhunu yaşadan istedadlı bir şair yetişməkdədir”.
O illərdə Qərbi Azərbaycanda erməni millətçilərinin soydaşlarımıza qarşı kinli və qərəzli münasibətinin getdikcə artdığını görən Eldar İsmayıl bütün mümkün üsullarla belə yaramazlıqlara dirəniş göstərmişdi. O, ermənilərin xalqımıza qarşı gələcək xəyanətini də qabaqcadan duymuş, gec-tez Göyçənin, eləcə də əzəli türk torpaqlarının erməni məkrinin girovuna çevriləcəyini yəqin etmişdi. Bu narahatlığın nəticəsi olaraq, Eldar İsmayıl Ələsgər diyarının sakinlərini doğma yurda daha dərindən bağlılığa çağırmış və yerli ziyalıları öz ətrafında toplamağa çalışmışdı. 1988-ci ildə soydaşlarımız Qərbi Azərbaycan torpaqlarından, eləcə də Göyçədən min bir vəhşiliklə qovulanda Eldar İsmayıl da sinəsini qabağa verib düşmənlərə müqavimət göstərən, el-obanı itkilərdən qorumağa çalışan yerli ziyalılardan olmuşdu.
Köməksiz qalıb Göyçəni həmyerliləri ilə birlikdə tərk etməyə məcbur olmuş Eldar İsmayıl Bakı şəhərinə pənah gətirmişdi. Burada o, əvvəlcə Dövlət Statistika Komitəsində işləmiş, 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradılanda ideologiya şöbəsinə rəhbərlik etmişdi. 1997-ci ildə Azərbaycan Tibb Universitetinin fəaliyyəti dayanmış “Təbib” qəzetinin buraxılışını bərpa etmiş və ömrünün sonunadək bu nəşrin baş redaktoru olmuşdur.
Ədəbi fəaliyyətə Eldar Ağbulaqlı imzası ilə başlayan şairin “Kəndimiz” adlı ilk şeiri 1961-ci ildə rayon qəzetində dərc olunmuşdu. Bundan sonra dövri mətbuatda müəllifin müxtəlif səpkili yazıları işıq üzü görmüşdü. Eldar İsmayıl yaradıcılığa gənc yaşlarından başlasa da, uzun illər Göyçə ədəbi-mədəni mühitinin seçilən nümayəndəsi olsa da, ilk kitabı olan “Ulu Göyçə” 1990-cı ildə Xalq şairi Bəxtiyar Vahabzadənin və akademik Yaşar Qarayevin xeyir-duası ilə Bakıda nəşr olunmuşdu. Bu kitab yurdsevər şairin böyük ədəbiyyata gəlişinin vəsiqəsi olmuş, onu geniş oxucu dairəsinə yaxından tanıtmışdı. Ulu Göyçənin həsrət alovunu qəlbində yandıran şairin ürəyindəki atəş çoxsaylı oxucuların da ruhuna alov saçmışdı:
İçim kürə, Eldar, çölüm ayazdı,
Tanrı dedim, taleyimi o yazdı.
Məni məndə tapmısansa o azdı,
Məndən yana bir dünya var, o mənəm.
Yurd itkisi bu dövrdə Eldar İsmayılı bədii-publisistik yaradıcılığa daha dərindən bağlamış, onun ictimai fəaliyyətinə təkan vermişdir. Vətəndaş şairin həm də qaçqın ziyalı kimi keçirdiyi “Aşıq Alı 200-ü aşırdı”, “Bir Vətən həsrəti, bir Göyçə qəmi”, “Dədə Ələsgərin işığında” kimi ədəbi-ictimai məclislər və itirilmiş el-oba yanğısı iə qələmə aldığı “Ələsgər” radiotamaşası yaddaşlarda silinməz izlər qoymuşdur.
Vətənin hər qarışına, qədim tarixinə, soy-kökünə yaxşı bələd olan sənətkar qürbətdə qalan ellərimizi kitabların daş yaddaşına həkk etməyi vətəndaşlıq borcu, yazar vəzifəsi sayırdı. Müəllifin narahat günlərinin, yuxusuz gecələrinin hesabına ərsəyə gələn şeir, poema, roman və publisistikadan ibarət kitablarının hər biri həyatımızın reallıqlarını əks etdirən salnaməyə çevrilirdi. Tanınmış ədəbiyyatşünaslar, tarixçilər bu əsərləri təhlil edib dəyərli fikirlər söyləmişlər.
Xalq şairləri Bəxtiyar Vahabzadə, Hüseyn Arif, şair-tərcüməçi İlyas Tapdıq Göyçə nisgilinin poetik abidəsini yaratmış Eldar İsmayılın şeiriyyətinə yüksək qiymət vermişdilər. Yaşar Qarayev, Nizami Cəfərov, Hüseyn Əhmədov, Teymur Bünyadov, Mürsəl Həkimov, Qara Namazov, Hüseyn İsmayılov, Həmid Əliyev, İsmayıl Məmmədov, türkiyəli Mustafa Özbaş kimi görkəmli elm-mədəniyyət adamları mətbuatda və elmi nəşrlərdə qaçqın şair-publisistin mübariz yaradıcılığından ürək dolusu söz açmışdılar. Eldar İsmayılın 70 və 75 illik yubileylərini ədəbi-mədəni ictimaiyyət, qaçqın və köçkün icmaları qədirbilənliklə qeyd etmişdilər. Yaradıcılığı haqqında yerli və xarici mətbuatda bir sıra dəyərli yazılar dərc olunmuşdur.
“Ulu Göyçə”, “Mən kiməm?”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda” poemaları, vətənpərvərlik mövzusunda silsilə şeirləri Eldar İslmayıla geniş populyarlıq qazandırmışdır. Onun nüfuzlu ədəbi mükafatlara layiq görülmüş “Göyçənin qisası qalır” və “Səttar oğlu” tarixi romanları, müxtəlif illərdə qələmə aldığı “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarım var”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı” publisistik əsərləri də ədəbi aləmdə maraq və rəğbətlə qarşılanmışdır.
Qaçqınlıq dövründə ömrünü daha çox bədii yaradıcılığa həsr edən Eldar İsmayılın “Zülmətdə parlayan qılınc”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, “Şəhid yurdun şəhid övladları” və başqa publisistik kitabları işıq üzü görmüşdür. O, “Göyçə” və “Ulu Göyçə” qəzetlərini təsis edib buraxmış, qaçqınlarla daimi ünsiyyət quraraq millətçi ermənilərin cinayətkar əməllərini dərindən öyrənmiş və qələmə alaraq geniş yaymışdır.
Türk dünyasında da tanınmış şair-publisistin türkcə işıq üzü görən “Allah amanatı” və “Eldar İsmayılın seçilmiş şeirləri” kitabları Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Kazım Qarabəkir təhsil fakültəsində dərslik kimi hazırlanmışdır. Azərbaycanlı şairin 2005-ci ildə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr etdiyi “Türkün xilaskarı” poeması qardaş ölkədə yüksək qiymətləndirilmiş, “Türk ədəbiyyatına hizmət” mükafatına layiq görülmüş, üstəlik, “Heyrət” ədəbi toplusunun “Məslək-şərəf” diplomu ilə təltif edilmişdir. Soydaşımızın “Göyçənin qisası qalır” tarixi-sənədli romanına isə xüsusi mükafat verilmişdir.
Eldar İsmayılın keçdiyi həyat yolu, sınaqlardan keçmiş ictimai-mədəni mübarizəsi və zəngin bədii-sənədli yaradıcılığı bir daha göstərir ki, artıq əbədiyyətə qovuşmuş soydaşımız Tanrının ona verdiyi ömrü şərəflə və ləyaqətlə yaşamışdır. Bu ömür yolunu özü belə poetikləşdirmişdi:
Bu həyatda ilk ovçum mən, ovum mən,
Yerdən şəri, göydən çəni qovum mən.
Hər xətanı bu canımla sovum mən,
Ölüm gedim, bu millətim yaşasın!..
Bu şeirindən də göründüyü kimi, millətin azad yaşaması, gələcəyi, xoş günləri üçün həmişə və hər an canından belə keçməyə hazır olmuşdu Eldar İsmayıl. Göyçə nisgili ilə dünyadan köçsə də, Qarabağın düşməndən xilas edilməsi ilə bir daha inanırdı ki, bir gün Aşıq Ələsgər yurdu da nicat tapacaq.
Eldar İsmayılın ruhu artıq Göyçə dağlarının başı üstündə dolaşır, işıqlı xatirəsi isə daim onu tanıyanların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!
 

Tahir AYDINOĞLU,
“Xaılq qəzeti”

28 Fevral 2021 02:12 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə