Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici ölkələrdəki Xocalı soyqırımı abidələri

Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını dövlət səviyyəsində də soyqırımı kimi bir neçə dövlət tanıyır. Faciəni parlament səviyyəsində soyqırımı kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyırlar. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi anılır.
Dünyanın bir neçə ölkəsində Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Bu abidələr Azərbaycan xalqına qarşı erməni cəlladlarının törətdikləri soyqırımı hadisəsinin tanıdılması baxımından çox əhəmiyyətlidir.


2011-ci il mayın 30-da Almaniyanın Berlin şəhərində əzəmətli bir abidə ucaldılmışdır. Paytaxtın Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılmış məşhur Qotfrid–Benn kitabxanasının həyətində Xocalı abidəsinin açılışı olmuşdur. Abidənin ucaldılmasının təşəbbüskarı Salxab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı, onun həmmüəlliflərindən biri, görkəmli Azərbaycan rəssamı və heykəltəraşı İbrahim Əhraridir.
Abidəninin açılış mərasimində Azərbaycanın və Almaniyanın rəsmi nümayəndələri iştirak etmişlər. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov açılış mərasimindəki ovaxtkı çıxışında demişdir ki, Berlində belə bir abidənin qoyulması Azərbaycan və alman xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə bir töhfədir. Səfirin sözlərinə görə, bu, çox əhəmiyyətli məsələdir, çünki yalnız öz tarixini və mədəniyyətini bilən xalqlar bir-birini başa düşməyə qadirdir. Diplomat vurğulamışdır ki, Xocalı abidəsi bundan sonra hər bir ziyarətçiyə bu soyqırımın tarixi köklərini, məşəqqətli taleyini xatırladan bir abidə olacaqdır. Ola bilsin, bu abidə bütün bəşəriyyətə Xocalı şəhərinin adı ilə bağlı olan faciənin təkrarlanmasına yol verməməyə bir çağırış olacaqdır.
Daha bir abidə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda qoyulmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu abidəniun müəllifi heykəltəraş Natiq Əliyevdir. Müəllif bu abidədə iki dərdli ananın – yaşlı və cavan qadının obrazlarını əks etdirir. Bu abidənin ucaldılması Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisə idi. Açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Bosniya və Herseqovinanın rəhbərliyinə, o cümlədən Azərbaycan xalqının kədərini bölüşən bu ölkənin xalqına minnətdarlığını bildirmişdir. Leyla xanım ermənilərin Xocalıda törətdikləri soyqırımı nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdırmışdır.
2012-ci il avqustun 22-də Meksikanın paytaxtı Mexikoda Tlakskoke–Xocalı meydanı istifadəyə verilmişdir. Meydanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. Qeyd edək ki, Tlakskoake–Xocalı meydanının yerləşdiyi Tarixi Mərkəz rayonu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Tlakskoake–Xocalı meydanında Azərbaycan hökuməti tərəfindən təmir-bərpa və abadlıq işləri aparılmışdır. Azərbaycan və Meksika xalqları son iki əsrdə keçdikləri tarixi yolu, müstəqillik əldə etmək uğrunda apardıqları mübarizəni, qədim adət-ənənələrini, mədəniyyətlərini və bir çox digər ümumi dəyərlərini bölüşürlər. Bu isə öz növbəsində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına zəmin yaradır. Burada 20 metr hündürlüyündə proqramlaşdırılmış musiqili və rəngli fontan qurğusu yaradılmışdır. Bu meydan ölkələrimiz arasında qarşılıqlı hörmət, gələcəkdə daha sıx və geniş əməkdaşlıq yaratmaq üçün zəmin yaratmışdır.
Qardaş Türkiyənin bir neçə şəhərində Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Ankarada Xocalı soyqırımına aid abidə Xocalı soyqırımı xatirə parkında yerləşir. Parkda Xocalı muzeyi də var.
Bundan başqa, İzmitdəki Xocalı şəhidləri abidəsini də qeyd etmək lazımdır. İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metrdir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.
 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

28 Fevral 2021 01:57 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə