Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 44                   Bakı şəhəri, 25 fevral 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 22 noyabr tarixli 213 nömrəli, “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 619 nömrəli, “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 7 iyun tarixli 261 nömrəli, “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 266 nömrəli və “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 616 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 8 iyul tarixli 244 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci bənddə “işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək” sözləri “müvəqqəti məşğulluğun təmin edilməsi” sözləri ilə əvəz edilsin;
1.2. 2.1-ci bəndə “işsiz” sözündən sonra “, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran” sözləri əlavə edilsin;
1.3. 2.5-ci bəndin ikinci cümləsində “İşsiz” sözü “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, işsiz” sözləri ilə əvəz edilsin;
1.4. 3.1-ci və 3.3-cü bəndlərə “sığorta vəsaiti” sözlərindən sonra “, habelə qanunla qadağan edilməyən digər mənbələr” sözləri əlavə edilsin;
1.5. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.4. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Bu zaman işçilər tərəfindən vəzifə funksiyalarının yerinə yetirilməsi seçilmiş əməyin ödənilməsi sistemindən asılı olaraq, müvafiq sənədlə təsdiq olunur.”;
1.6. həmin qaydalara əlavə ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1073; 2007, № 12, maddə 1344; 2008, № 8, maddə 787; 2011, № 5, maddə 449; 2016, № 9, maddə 1585; 2019, № 7, maddə 1320; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 noyabr tarixli 459 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.4-cü bənddə “vətəndaşlar” sözü “vətəndaşlara” sözü ilə və “göndərilərkən” sözü “göndəriş verilərkən” sözləri ilə əvəz edilsin;
2.2. 4.1-ci bənddə “göndərilmiş” sözü “göndəriş verilmiş” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2564; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 3, maddə 532, № 7, maddələr 1318, 1334) ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.2-ci bəndə “edən” sözündən sonra “elektron” sözü əlavə edilsin;
3.2. 2.2-ci bənddən “yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə” sözləri çıxarılsın;
3.3. 2.6-cı bənddə “gücləndirilmiş elektron imzası ilə təsdiq edir, əgər işsizin gücləndirilmiş elektron imzası yoxdursa, fərdi məşğulluq proqramı Xidmətin yerli orqanları və ya Mərkəzləri tərəfindən çap olunur, işsiz tərəfindən imzalanır və skan olunmuş surəti sistemə daxil edilir.” sözləri “MAS-da gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.” sözləri ilə əvəz edilsin;
3.4. 3.1-ci bənddən “və ya kağız üzərində” sözləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissənin mətni aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.
1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.
1.3. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur.
1.4. Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir.
1.5. Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər.
1.6. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavim-lərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.
1.7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.
1.8. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş peşə və ixtisaslar üzrə ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir:
1.8.1. peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;
1.8.2. ixtisas sahələri üzrə təlim;
1.8.3. innovasiyalar üzrə təlim.
1.9. Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər.
1.10. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.
1.11. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı imtahan verməklə başa çatır. Müdavimlərin biliyini peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən təşkil edilmiş imtahan komissiyası qiymətləndirir və üç nüsxədən ibarət protokol tərtib edir. Protokolun bir nüsxəsi müdavimə, bir nüsxəsi Mərkəzə verilir, bir nüsxəsi isə peşə hazırlığını həyata keçirən müəssisədə qalır.
1.12. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən möhürlə təsdiq edilmiş diplom, sertifikat və digər sənəd verilir.
1.13. Peşə hazırlığının təşkili zamanı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsində nəzərdə tutulan şəxslər üstün hüquqa malikdirlər.
1.14. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının “Məşğulluq haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;
4.2. 2.1.4-cü yarımbənd və Qaydaya 2 və 3 nömrəli əlavələr ləğv edilsin;
4.3. 2.3-cü bənd ləğv edilsin;
4.4. 2.4-cü bəndə “İşsiz şəxslərin” sözlərindən sonra “, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin” sözləri əlavə edilsin;
4.5. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin və aşağıdakı məzmunda 3.3-cü, 3.4-cü və 3.5-ci bəndlər əlavə edilsin:
“3.2. Peşə hazırlığının maliyyələşdirilməsi bu məqsədlər üçün ayrılmış vəsaitlər çərçivəsində adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.”.
“3.3. Ayrı-ayrı ixtisaslar üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı Nazirlik tərəfindən təsdiq edilir.
3.4. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir.
3.5. Bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir.”;
4.6. 2.8-ci bəndin birinci cümləsində “İşaxtaranların” sözü “Bu Qaydanın 2.4-cü bəndi nəzərə alınmaqla, işaxtaranların” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1155) ilə təsdiq edilmiş “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.2-ci bəndə, 3.1.2-ci yarımbəndə və 3.3-cü bəndə ismin müvafiq hallarında “tələbə və şagirdləri” sözlərindən sonra ismin müvafiq hallarında “, habelə onların valideynləri” sözləri əlavə edilsin;
5.2. 1.4-cü bəndə “şagirdləri” sözündən sonra “, onların valideynləri” sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 974) ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.2-ci bənddən “, lakin minimum aylıq əməkhaqqından az” sözləri çıxarılsın;
6.2. 1.7-ci bəndə “əlilliyi olan şəxslərə” sözlərindən sonra “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə