Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 43                  Bakı şəhəri, 25 fevral 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 26 yanvar tarixli 22 nömrəli və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 27 fevral tarixli 59 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 sentyabr tarixli 1157 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 52; 2019, № 3, maddə 533) ilə təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirirlər. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət edir. Ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilir. Ərizədə aşağıdakı məlumatlar göstərilir:
2.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;
2.2. ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;
2.3. ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).”;
1.2. 3-cü hissədə “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;
1.3. 7-ci hissədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə müəyyən edilən” sözləri ilə əvəz edilsin.
2. “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 fevral tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 206) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında, 1-ci hissəsində “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası” üzrə:
2.2.1. adında “forması və verilmə” sözləri “məzmunu və təqdim edilmə” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bənddə “verilən” sözü “Elektron kənd təsərrüfatı” informasiya sistemi (bundan sonra – EKTİS) vasitəsilə təqdim edilən” sözləri ilə əvəz edilsin;
2.2.3. 1.2-ci bənddə “verilir” sözü “təqdim edilir” sözləri ilə əvəz edilsin;
2.2.4. 1.3-cü bənddən “(və ya vəsiqələrin dublikatını)” sözləri çıxarılsın;
2.2.5. 2-ci hissənin adında “FORMASI VƏ ONUN DOLDURULMASI” sözləri “MƏZMUNU” sözü ilə əvəz edilsin;
2.2.6. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən AKT uçota alındıqdan sonra təsdiqedici sənədlərə əsasən ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi məqsədilə “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə EKTİS-ə aşağıdakı məlumatlar daxil edilir:
2.1.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;
2.1.2. ailə kəndli təsərrüfatının üzvünün fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, ailə kəndli təsərrüfatına üzv olma tarixi;
2.1.3. ailə kəndli təsərrüfatının üzvünün fəaliyyətə başladığı tarix, təsərrüfat-təqvim illəri, AKT üzvünün məşğul olduğu iş və ya vəzifəsi (peşəsi).”;
2.2.7. 2.2-ci və 2.3-cü bəndlər ləğv edilsin;
2.2.8. 2.5-ci bəndin ikinci və üçüncü cümlələri çıxarılsın;
2.2.9. 3-cü hissənin adında “ÜZVLƏRİNİN VƏSİQƏLƏRİNİN HAZIRLANMASI, VERİLMƏSİ VƏ SAXLANILMASI” sözləri “ÜZVÜNÜN VƏSİQƏSİNİN TƏQDİM EDİLMƏ QAYDASI” sözləri ilə əvəz edilsin və mətni aşağıdakı redaksiyada verilsin:
“3.1. Müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.
3.2. AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.”;
2.2.10. 4-cü və 5-ci hissələr və həmin Qaydaya Əlavə “Ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsinin FORMASI” ləğv edilsin.
3. Müəyyən edilsin ki, bu Qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatlar 6 (altı) ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə