Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt hadisələrinin canlı şahidiyəm

2019-cu ilin noyabrında Azərbaycan Prezidenti Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar şəhərimizdə keçirilən tədbirdəki çıxışında 1988-ci ildə burada törədilmiş erməni təxribatına diqqəti cəlb edərək bildirmişdir ki, həmin hadisələr erməni millətçilərinin əməlləri idi. İllərdir ki, onlar Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Sumqayıt hadisələri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.

Ayyarımlıq Vətən müharibəsində işğalçıların “böyük Ermənistan” ideyasının yerlə-yeksan edilməsi, doğma Qarabağımızın zəbt olunmuş torpaqlarının xilası ermənilərin bütün niyyətlərini puça çıxartdı. Onlar Sumqayıtdan əvvəl və sonra törətdikləri pisliklərin bədəlini artıqlaması ilə ödəməli oldular. Amma yenə də bədnam bir millətlə qonşu olduğumuzu unutmamalı, hər zaman ayıq-sayıq olmalıyıq.
Mən uzun illərdən bəri Sumqayıtda yaşayan bir müəllim kimi, daim bu şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişəm. Yarım əsrdən çoxdur ki, bu şəhərdə pedaqoji fəaliyyətlə məşğulam. İnamla deyə bilərəm ki, sovet dönəmində Sumqayıt, sözün əsl mənasında, beynəlmiləl bir şəhər olub və burada milli zəmində hansısa bir hadisənin baş verməsi absurd idi. Özüm də əslən Sisyandan olduğum üçün Sumqayıt hadisələrini törətmiş ermənilərin necə ikiüzlü, xain, nankor olduqlarından xəbərdaram. Hamısı arxadan kürəyə bıçaq saplamağın ustasıdır.
Qərbi Azərbaycanda soydaşlarımıza qarşı vəhşi şovinist hərəkətlər törədilməsi ilə paralel olaraq Sumqayıtda təhrikçi qüvvələr peyda olmuşdu. Onlar Qərbi Azərbaycanın müxtəlif rayonlarından gəldiklərini, orada azərbaycanlılara amansız divan tutulduğunu, qızların zorlandığını, qocaların, ağbirçəklərin döyülərək öldürüldüyünü Sumqayıt Şəhər Partiya Komitəsinin böyür-başında, kolxoz bazarının və univermağın ətrafında bol-bol toplaşan sakinlərə bildirir və aranı qızışdırırdılar. Nəticədə getdikcə gənclərimizdə intiqam hissləri alovlanırdı.
Bəs,1988-ci ilin fevral ayında milli zəmində təxribat üçün niyə məhz Sumqayıt seçilmişdir? Görünür, çoxmillətli bir şəhər olduğu üçün diversiya və qətllərin təşkilatçılarının niyyətlərinə uyğun gəlirmiş. Bir də ki, o dövrdə artıq respublikada, o cümlədən də Sumqayıtda əhali arasında rəhbərlikdən müəyyən narazılıqlar vardı. Qorbaçov hökuməti Azərbaycanda rəhbərliyə ermənipərəst adamları yerləşdirmişdi. Buna görə də Azərbaycan xalqında respublikanın rəhbər şəxslərinə qarşı nifrət yaranmışdı. SSRİ DTK-sından “xeyir-dua” alan ermənilər Azərbaycan xalqının bu narazılığından istifadə edərək məhz Sumqayıtda təxribata əl atdılar.
Talan “teatrı” üçün bu şəhərin seçilməsinin bir səbəbi də o idi ki, burada Azərbaycanın müxtəlif rayon və şəhərlərindən minlərlə dəliqanlı gənc var idi. Onlar ata-ana himayəsindən kənarda olan və özlərini göstərməyə meyilli, necə deyərlər, tez qızışan cavanlar idi. Bundan başqa, həmin vaxt Sumqayıtda şərti cəza almış 20 minədək dustaq da yerləşdirilmişdi. Bədxahlarımız yaxşı bilirdilər ki, təxribat baş versə, Sumqayıt “uşaqları” dərhal ön cərgələrdə olacaqlar.
Sumqayıtın 3-cü mikrorayonunda mənzil istismar sahəsinin pasport qeydiyyatçısı olan Laura Lalayan “Krunk” təşkilatına üzv olmayan və maliyyə yardımı göstərməyən ermənilərin adlarının qarşısına qara xətt qoyaraq, siyahını təxribatı icra etmək tapşırığı almış Eduard Qriqoryana təqdim etmişdi. Heç kəs fərqinə varmırdı ki, niyə dağıdıcı dəstəni arxasınca aparan Qriqoryan hansısa binanın 1-ci mərtəbəsindəki erməniyə toxunmurdu, lakin 2-ci, yaxud da 3-cü mərtəbədəki erməni sakinləri hədəf seçirdi, məhz onlara divan tutur, öldürür və ya öldürtdürürdü. Çünki 1-ci mərtəbədəki erməni “Krunk” cəmiyyətinin üzvü idi və Ermənistanın mənafeyini müdafiə edirdi. Lakin öldürülən ermənilər siyasət meydanından uzaq idilər və "Krunk"a üzvlük haqqı ödəmirdilər. Öldürülmüş 80, 82 yaşlı erməninin siyasət nəyinə gərəkdi ki?
Sumqayıtdakı mitinqlərdə təxribatçı çıxışlar edənlərin kimliyi də sonradan bizə məlum oldu. Hadisələr davam edərkən baş verənlərin görüntüləri dünyanın müxtəlif ölkələrində yayılmışdı. Evlərin damına kameralar quraraq, hadisələri lentə alırdılar.
Hadisələr zamanı “kapitan” rolunu oynayan Qriqoryanı mən də tanıyırdım. “Paşa” ləqəbi ilə çağrılırdı. Dəfələrlə həbsdə yatmışdı. Buna görə də xüsusi xidmət orqanları onu ələ almışdı. Proseslər isə gizli gedirdi. Heç kəs Qriqoryanın niyyətindən xəbərdar deyildi. 3-cü mikrorayonda, avtovağzal ərazisində hadisələr başlananda Qriqoryan ön cərgədə dayanmışdı. Ünvanlara həmlələr zamanı da “flaqman” o idi.
Deyə bilərsiniz ki, Qriqoryan erməni soyadıdır. Azğınlaşan kütlə isə onun, yəni bir erməninin təxribatçı fikirlərinə inanaraq hərəkət edirdi. Məsələ onda idi ki, həmin vaxt bizdə beynəlmiləlçilik əhval-ruhiyyəsi hökm sürürdü. Yəni Sumqayıt 80-dən çox millətin nümayəndələrinin yaşadığı bir sənaye şəhəri idi. Bəlkə də onun arxasınca gedən gənclərin çoxu Qriqoryanın erməni olduğundan xəbərsiz idi. Azərbaycan dilini elə gözəl bilirdi ki, adam mat qalırdı. Hətta bir dəfə söhbət edəndə o, “filankəs mısmırığını salladı” şəklində bir cümlə işlətmişdi. Heç azərbaycanlıların bəziləri “mısmırıq” sözünün mənasını bilmirlər. Ləqəbi də “Paşa” olduğuna görə heç bir şübhə yaratmırdı. Onun arxasınca gedən gənclərimiz Sumqayıt zavodlarında fəhlə işləyən və siyasətdən uzaq adamlar idilər. Elə bizim özümüz də ilk əvvəl gedən proseslərdən xəbərsiz idik. Hadisələrin məkrli bir ssenari olduğu ağlımıza da gəlməzdi.
İsrailə köçmüş bir bakılı Tel-Əvivdə çıxan “Kruq” qəzetində dərc etdirdiyi “Bakı gündəliyi”ndə yazırdı: “Keçmiş həmvətənim olan qadın etiraf edirdi ki, Sumqayıt azərbaycanlıların erməniləri qəhrəmancasına qoruduqları şəhərdir. Qətllərə, əlbəttə, ermənilər rəvac vermişdilər. Tutulanların işinə isə qəsdən Rusiyanın məhkəmələrində baxılıb ki, çirkin niyyətlər ört-basdır edilsin”. İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özünün sensasion fikirlərilə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələrinin ildönümü ərəfəsində o bildirib ki, həmin dövrdə yaşanan hadisələri azərbaycanlılar deyil, SSRİ rəhbərliyinin köməyi ilə ermənilər həyata keçiriblər. “Ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalqdır”, -deyə erməni yazıçı bəyan edib.
Unuda bilmirəm ki, günahı olmayan adamlara Sumqayıt hadisələrinə görə cəzalar kəsdilər. İstintaq qanuna zidd formada aparıldı. Hadisələrin əsas təşkilatçısı bir tərəfdə qaldı, Moskvada Əhməd Əhmədova ölüm hökmü oxundu. Əhmədi də yaxşı tanıyırdım. Onun haqqında məqalə də yazmışam. Sonradan ata-anası ilə həmsöhbət olduq. Valideynləri bildirirdi ki, Əhməd müharibədən, dava-dalaşdan uzaq insan idi. O zaman Sumqayıt Dövlət Dram Teatrında çalışan Xalq artisti Afaq Bəşirqızı ilə bağlı da əsassız iddialar qaldırılmışdı. Mən özüm 9 dəfə prokurorluğa çağırılmışdım. Dostlarım mənə əvvəlcədən demişdilər ki, kitablarımın hamısını gizlədim. Çünki adım təhrikçi millətçilər siyahısına düşmüşdü. Əvvəlcə direktor işlədiyim məktəbə, sonra evimə gəlib yoxlama apardılar. Təsadüfən evimizdə yun darağı tapmışdılar. Məsələni qəlizləşdirərək həmin darağın silah məqsədilə istifadə oluna biləcəyindən şübhələnməyə başladılar. Yoldaşım dərhal içəri yun gətirərək daramağa başladı ki, həmin əşya silah deyil, bu məqsəd üçün istifadə olunur. Elə şeirlərim vardı ki, ələ keçsəydi, mənə də millətçi damğası vurula bilərdi.
Sumqayıt hadisələrindən sonra bir çox vətənpərvər insan incidildi, hamısına millətçi damğası vurdular. Əgər Sovet İttifaqı dağılmasaydı, bəlkə də o “xəmir” hələ çox su aparacaqdı.
Haqq nazilsə də, üzülməz. Bu gün müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, qəhrəman Milli Ordumuzun hünəri sayəsində dünya erməniliyi və onun qonşu torpaqlarını ələ keçirmək niyyətləri tam iflasa uğrayıb. Amma yenə də başlarına gələnlərdən ibrət dərsi almır, imkan düşdükcə dövlətimizi gözdən salmaq, Silahlı Qüvvələrimizi aşağılamaq cəhdində bulunur, Qarabağda dinc erməni əhalisinin incidildiyi barədə yalanlar uydurur, hətta 33 il öncə özlərinin törətdikləri Sumqayıt hadisələrini öz xeyirlərinə gündəmə gətirirlər.
Bəlkə Azərbaycanın “dəmir yumruğu” onlara azlıq edib?
 

Əvəz Mahmud LƏLƏDAĞ,
Sumqayıt Dövlət Universitetinin müəllimi,
şair-dramaturq

28 Fevral 2021 01:28 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə