Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hamı reallıqlarla barışmalıdır

Həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev dünya ictimaiyyətinə məzmunlu və maraqlı mesajlar ünvanladı. Belə ki, fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında ölkə başçısı Azərbaycanın 44 günlük müharibənin bitməsindən sonra regionda yeni reallıq yaratdığını bildirməklə yanaşı, Ermənistanın və başqa dövlətlərin də bu reallıqla barışmalı olduğunu diqqətə çatdırdı.

Azərbaycanın erməni xalqı ilə hansısa bir probleminin olmadığını vurğulayan Prezident İlham Əliyev, həmçinin əlavə etdi ki, ölkəmizdə minlərlə erməni yaşayır. Müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız da bunu bir daha göstərir. Ən əsası, ölkə başçısı bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi başa çatdı və Azərbaycan bu problemi həll etdi. 35-dən artıq dünya media nümayəndəsinin 50 sualını cavablandıran Prezident İlham Əliyev böyük siyasi xadim və xalqının müdrik lideri olduğunu bir daha təsdiqlədi.
Hamıya aydındır ki, İkinci Qarabağ müharibəsinin mütləq qalibi Azərbaycan və Azərbaycan Prezidenti İlham Əliyevdir. 30 illik erməni işğalına son qoymaqla və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə Ali Baş Komandan qarşıya qoyduğu məqsədlərinə çatdı. Beynəlxalq siyasi mütəxəssislər də etiraf edirlər ki, Prezident İlham Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini bacardı. Dövlətimizin lideri xalqın dəstəyindən güc alaraq, milli problemimizi həll etdi və bununla da Azərbaycanı həm regional, həm də beynəlxalq müstəvidə möhkəmləndirdi.
Prezident İlham Əliyev 44 günlük müharibədə qalib gəlməklə həm də onu təsdiqlədi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir və bu prinsipə hər zaman sadiqdir. Fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında tutarlı və məzmunlu cavabları ilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan xalqının milli mənafelərinə uyğun addımlar atılır və postmüharibə dövründə istənilən anti-Azərbaycan meyillərin qarşısı qətiyyətlə alınacaq.
Bu gün Azərbaycan postmüharibə dövrünün problemlərini həll etməklə məşğuldur. Azad olunmuş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatı keçirən ölkəmiz bölgədə yeni iqtisadi inkişaf layihələrini də reallaşdırır. Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur. Bunlar ilkin addımlardır. Böyük qayıdış isə kompleks tədbirlər sistemindən ibarətdir. Prezident İlham Əliyev bununla bağlı mətbuat konfrasında bildirdi ki, birinci mərhələdə məqsəd azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır.
Ölkə başçısı cavabında mühüm bir məqama da toxunaraq bildirdi ki, azərbaycanlılar da Xocalıya qayıdacaqlar: “ Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır”. Bundan başqa, Prezident İlham Əliyev “Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz heç kimi tələsdirmək, məcbur etmək istəmirik” – deməklə böyük diplomatik müdrikliyə, uzaqgörənliyə malik siyasətçi kimi, bütün ədalətsizliklərə baxmayaraq, sülhsevər dövlətin lideri olduğunu da bütün dünyaya nümayiş etdirdi.
Böyük maraqla qarşılanan mətbuat konfransında Prezident İlham Əliyev postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinə də toxundu. Bu gün Ermənistanda gedən proseslərin ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıtdığını vurğulayan Azərbaycan lideri bunun günahkarlarının Ermənistanın əvvəlki və indiki rəhbərlərinin olduqlarını diqqətə çatdırdı. Prezident İlham Əliyev bir daha elan etdi ki, 20 il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Əgər vaxtında Azərbaycana qulaq assaydılar, bu gün belə rəzil duruma düşməyəcəkdilər – deyən Prezident İlham Əliyev birmənalı şəkildə vurğuladı ki, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan regionda yeni reallıq yaratmışdır və böyük seçimi olmayan Ermənistan bu reallıqlarla barışmalı, hesablaşmalıdır.
Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi başa çatdı və Azərbaycan bu məsələni həll etdi. İndi regionda formalaşmış yeni reallıqlara uyğun hərtərəfli addımların atılması vaxtıdır. Azərbaycan bu addımları atır və bundan sonra da atacağını hamıya elan edir.
Azərbaycan xalqı da əmindir ki, Prezident İlham Əliyevin yürütdüyu postmüharibə siyasəti qarşıya qoyulmuş məqsədlərin əldə olunmasına şərait yaradacaq.

Hacı Mehman FƏRZULLAYEV,
jurnalist

28 Fevral 2021 01:04 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə