Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin viran qoyduğu bütün kənd və şəhərlərin indiki vəziyyəti lentə alınıb tarix üçün saxlanmalıdır

Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz nəticəsində işğaldan azad edilmiş kənd və şəhərlərimizin görünüşü ürək ağrısı doğurur. Erməni xislətinin nə demək olduğunu bir daha görürük.

Bu, bəşər tarixində bəlkə də yeganə haldır ki, düşmən işğal etdiyi ərazilərdə nəinki insanları, qurulub-yaradılan hər şeyi, hətta təbiəti də məhv etməyə çalışıb. Ona görə də erməni daşnaklarının viran qoyduğu yurd yerlərimizin hamısının indiki dəhşətli vəziyyətini lentə alıb, gələcək tarix üçün saxlamalıyıq. Çünki son aylarda həmin yerlərdə aparılmış cüzi videoçəkilişlər gündəlik xəbərlər üçün yetərli ola bilər. Quruculuq işlərinə başlamazdan əvvəl genişmiqyaslı çəkilişlər aparılmalıdır.
Bizim tarixən sonradan ağrısını çəkdiyimiz hərəkətlərimizdən biri unutqanlıqdır. Məsələn, Azərbaycanın dahi şəxsiyyətlərindən olan Üzeyir Hacıbəylinin doğum və yubiley günlərini bir anlığa xatırlayaq. Mətbuatdakı yazılar, televiziyalardakı çıxışlar, müxtəlif tədbirlər və sair. Bəs Üzeyir bəylə bağlı arxivlərimizdə neçə dəqiqəlik kinolenti var? On-on beş dəqiqədən çox olmaz! Axı, Üzeyir bəy iki əsr əvvəl yox, 1948-ci ildə vəfat edib! Onun şah əsəri olan “Koroğlu” operasında Bülbül 400 dəfədən çox səhnəyə çıxıb, bu tamaşalardan biri lentə alınıbmı? Yox! Yalnız opera teatrı vaxtilə Leninqradda (indiki Sankt-Peterburqda) qastrolda olanda tamaşa bütövlükdə lentə alınıb, Koroğlu rolunda da Lütfiyar İmanov çıxış edirdi.
Lap yaxın vaxtlara aid bir misal da çəkim. Saz havalarının Ədalət kimi bənzərsiz ifaçısı bir də nə vaxt dünyaya gələcək? Onu bir həftə-on günlüyə Bakıya dəvət edib aşıq havacatının hamısını lentə, diskə yazdırmaq olmazdımı? Bu, musiqi sənətimizin başqa müqtədir ifaçılarına da aiddir.
Eyni sözləri vaxtilə teatr sənətimizin qüdrətli nümayəndələrinin çıxış etdikləri tamaşalar haqqında da demək olar.
Bu cür unutqanlıq sonralar əvəzolunmaz itkilərə gətirib çıxarır. Atalar isə deyib ki, sonrakı peşmanlığın faydası yoxdur. Unutqanlığın bədəli unudulmaqdır. Ona görə də Vətənimiz, xalqımız, tariximiz, mədəniyyətimiz, adət və ənənələrimizlə bağlı hər şeyə həssaslıqla yanaşmalıyıq.


Vaqif MUSAYEV,
Əməkdar jurnalist

28 Fevral 2021 00:54 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə