Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın formalaşdırdığı yeni reallıq əməkdaşlığa və inkişafa zəmin yaradır

İkinci Qarabağ müharibəsinin yekunlaşmasından sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi reallıq yaranmışdır. Prezident İlham Əliyevin dediyi kimi, bu reallığı da məhz Azərbaycan yaratmışdır. İşğalçı Ermənistanın silahlı qüvvələrini ağır məğlubiyyətə uğradan Azərbaycan regionda beynəlxalq hüquq praktikasında yeni bir reallıq formalaşdırmışdır. Belə ki, uzun illərdir masa üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə rəsmi Bakı ərazi bütövlüyünü bərpa edərək, 30 illik erməni işğalına son qoymuşdur. Ən əsası, regionun ən köhnə münaqişəsini həll etməklə Azərbaycan Cənubi Qafqazda bu gün və gələcək üçün yeni təhlükəsizlik və əməkdaşlıq formatının yaranmasına nail olmuşdur. Hazırda böyük daxili siyasi təlatümlər burulğanında çapalayan Ermənistan da bu reallıqdan istifadə edərək, konkstruktiv qonşuluq siyasəti yürütməklə gələcəyini xilas edə bilər.

Ötən il sentyabrın 27-də səhər tezdən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-na keçən gecə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Müharibə dövründə Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün hərbi texnikasını tamamilə sıradan çıxarmaqla yanaşı, onun çoxsaylı canlı qüvvəsini də darmadağın etdi.
Qüdrətli Azərbaycan Ordusunun Qarabağın incisini - qədim zamanlardan bəri yalnız azərbaycanlıların yaşadığı Şuşanı geri qaytarması ilə Azərbaycan Ermənistanı diz çökdürdü. Ermənistan döyüş meydanındakı sonsuz ardıcıl məğlubiyyətlərdən sonra təslim olmaq məcburiyyətində qaldı. Noyabrın 10-da gecə İrəvan sakinləri Ermənistan Baş nazirinin həqiqətən təslim olmağı nəzərdə tutan bir sənəd imzaladığını, daha doğrusu, N.Paşinyanın Azərbaycan Ordusunun yaratdığı yeni vəziyyətlə razılaşdığını eşidərək, nəinki küçələrə çıxdılar, hətta hökumət binalarını – parlamenti və hökumət evini ələ keçirməyə və dağıtmağa da başladılar. Müharibə həqiqətindən şok olmuş kütlə qəzəbini boş bina və divarlardan çıxmağa çalışdı.
Əgər Dağlıq Qarabağda atəşkəs haqqında bəyannamədən irəli gələn siyasi nəticələrə nəzər salsaq, o zaman qeyd etmək olar ki, Ermənistan 30 il ərzində danışıqlar prosesində qarşısına qoyduğu məqsədlərdən heç birinə nail olmadı, əksinə, ötən müddət ərzində Azərbaycanın strateji tərəfdaşları ilə regionda formalaşdırdığı iqtisadi imkanlardan yararlanaraq, inkişaf etmək şansını qaçırdı. Ermənistanın yeni əraziləri ələ keçirmək məqsədi ilə Azərbaycana hücumu isə sentyabrın 27-də səhər başlanan müharibə “igid erməni ordusu”nun tamamilə məğlubiyyəti ilə sona çatdı.
Bir çoxları hesab edirdilər ki, bu hərbi gərginlik əvvəlki kimi çox zaman almayacaq. Yəni Azərbaycan bir neçə strateji əhəmiyyətli yüksəklikləri və bir neçə kvadratkilometr ərazini ələ keçirəcək və fəal döyüşlər bununla da başa çatacaq. Siyasi müşahidəçilər 2016-cı il Aprel döyüşlərinin nəticələrini nəzərə alaraq belə ehtimal irəli sürürdülər. Ancaq sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları tam başqa nəticələrlə başa çatdı. 44 günlük müharibə Azərbaycanın əzəli torpaqlarının erməni işğalından azad olunması ilə yekunlaşdı. Prezident İlham Əliyev dünən yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bir daha bildirdi ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi və 30 il olan danışıq nəticə vermədi: “Son 2 il ərzində danışıqlar aparılmırdı. Azərbaycan bu məsələni həll etdi. Status haradadır hər kəs onu bilir”.
Qeyd etmək lazımdır ki, ötən 30 ildə Ermənistanın müxtəlif havadarları dəfələrlə danışıqlar prosesinə yalnız ermənilərin maraqlarına cavab verən layihələr gətirməyə çalışırdılar. Bütün bu oyunlara, ədalətsizliklərə Azərbaycan Ordusu son qoydu, ədaləti bərpa etdi. Azərbaycan təkcə döyüş meydanında deyil, danışıqlar masasında da qalib gəldi. Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyev bütün erməniləri və onların havadarlarını döyüş meydanında yeni bir reallıq yaratması ilə məyus etdi. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində erməni tərəfinin süni şəkildə formalaşdırdığı Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə mifi dağıtdı. Azərbaycan xalqı nümayiş etdirdi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa dair heç bir qərar qəbul edilə bilməz.
Müharibə başa çatdı, indi işğal edilmiş ərazilərin bərpası, ev-eşiyindən didərgin düşmüş insanların geri qaytarılması və sülh şəraitində yaşamağın vaxtı yetişmişdir. Ən əsası, Azərbaycan uzun müddət işğal altında olan əraziləri azad etdikdən sonra regionda əməkdaşlığın yeni prioritetləri açılmışdır. Hamı başa düşür ki, Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olması yeni regional əməkdaşlıqdan çox asılıdır. Bunun üçün üçtərəfli razılaşmada göstərildiyi kimi, ən yaxşı başlanğıc yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Əslində, bu yeni əməkdaşlıq formatı gələcək inkişafda öz rolunu oynayacaq. Nəqliyyat kommunikasiyalarının açılması regionun bütün ölkələrinə – təkcə Azərbaycan və Ermənistana deyil, həm də Türkiyə, İran və Rusiyaya da fayda gətirəcək.
Təbii ki, regionda sülhü qorumaq üçün qüvvələr tələb olunur. Rusiya sülhməramlı kontingenti Azərbaycanın dəvəti ilə və üçtərəfli bəyannaməyə uyğun olaraq, Azərbaycanın suveren ərazisinə gəlmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Rusiya Federasiyası Minsk qrupunun yeganə həmsədridir ki, onun Cənubi Qafqazla sərhədi var. Ona görə də o, rəsmi Moskva da regionun sülh və sabitliyində birbaşa maraqlıdır. Şimal qonşumuzun Ermənistanla və Azərbaycanla münasibətlərini nəzərə alsaq, qeyd edə bilərik ki, o, müqavilənin həyata keçirilməsinin təminatçısı rolunu oynayır. Təbii ki, 44 günlük müharibədə öz güclü siyasi dəstək verməsilə fərqlənən qardaş Türkiyə də üçtərəfli bəyanatların yerinə yetirilməsində maraqlıdır və bu istiqamətdə öz dəstəyini əsirgəmir. Azərbaycan da öz növbəsində beynəlxalq hüquqa ciddi əməl olunmasını istəyir. Bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini, tanınmış sərhədlərin toxunulmazlığına beynəlxalq təminat verilməsini və köçkünlərin əsas hüquqlarının bərpasını nəzərdə tutur. Bundan başqa, Dağlıq Qarabağın statusu məsələsi noyabrın 10-da imzalanmış bəyannamədə qaldırılmır və rəsmi Bakı status məsələsinin birdəfəlik bağlandığını elan etmişdir. Bununla yanaşı, rəsmi Bakı dəfələrlə vurğulamışdır ki, Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.
Bir sözlə, Azərbaycan regionun siyasi və iqtisadi memarlığını müəyyənləşdirən yeni bir reallıq yaratmışdır. Hesablamalar göstərir ki, kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişafı həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcəkdir. Mütəxəssislərin sözlərinə görə, yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, çiçəklənmənin və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da investisiya axını və davamlı inkişaf deməkdir. İndi layihələndirilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, eləcə də bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını formalaşdıracaq. Bununla yanaşı, regionda reallaşdırılan bütün layihələrdən, məsələn, nəqliyyat, neft və qaz boru kəmərləri layihələrindən təxminən 30 il tamamilə təcrid olunmuş Ermənistanın qapalı dairədən çıxmaq və yeni layihələrin, xüsusilə də nəqliyyat layihələrinin iştirakçılarından biri olmaq imkanı əldə etmək şansı yaranmışdır. Əlbəttə, bu şansdan faydalanmaq Ermənistandan asılı olacaq. Ermənistan üçün yeganə çıxış yolu reallığı qəbul etmək və regionda əməkdaşlığa qoşulmaq və beləliklə, böhrandan çıxmağa çalışmaqdır.
 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

28 Fevral 2021 00:46 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə