Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələri və əlillərin sosial müdafiəsi daha da gücləndirilir

Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərkən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb. “Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.” – deyərək onları mənzillə təmin olunmaları münasibətilə təbrik edib. Şağan qəsəbəsində də reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra açılışı olduğunu bildirən dövlət başçısı orada minlərlə qazinin hər il müalicə alacağını, reabilitasiyadan keçəcəyini, öz sağlamlığını bərpa edəcəyini qeyd edib.
Çıxışında müharibə dövründə əlini, qolunu itirmiş qazilər üçün ən müasir protezlər sifariş edildiyini diqqətə çatdıran Prezident 300-dən çox qazimizin bu protezlərlə təmin ediləcəyini vurğulayıb. Bildirib ki, bu protezlər dünyanın aparıcı şirkətlərinin ən müasir məhsullarıdır. Həmin protezlər qazilərin normal həyata qayıtmasına kömək edəcək. Azərbaycan dövlətinin bu kateqoriyadan olan insanlara daimi və xüsusi dəstəyini xatırladan dövlət başçısı deyib: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.
Çıxışında son illər müavinətlərin, pensiyaların məbləğinin artırılmasını qeyd edən Prezident Azərbaycan dövlətinin sosial siyasətini bundan sonra da eyni şəkildə davam etdirəcəyini bildirib.
Həqiqətən də Azərbaycanda dövlət tərəfindən aztəminatlı, sosial dəstəyə ehtiyacı olanlara, onların problemlərinin həllinə xüsusi dəstək göstərilir. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı həmin şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin gücləndirilməsinə də imkan yaradıb. Bu vasitələrin növlərinin siyahısına ötən il daha 23 yeni növ əlavə edilib. Hazırda əlilliyi olan şəxslər 60 növ reabilitasiya vasitələri ilə təmin olunurlar. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşdə bildirib. Görüşün məqsədi Azərbaycanda reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi sahəsində əməkdaşlıq layihəsinin təqdimatı olub. Nazir ölkəmizdə reabilitasiya sisteminin təkmilləşdirilməsi işlərini, ötən il daha 6 bölgədə müasir reabilitasiya və sosial xidmət müəssisəsinin açıldığını, bu il 4 belə müəssisənin də açılacağını deyib. 2021-ci ilin sonuna nazirliyin reabilitasiya və sosial xidmət müəssisələrinin sayının 30 -dan çox olacağını, reabilitasiya xidmətləri göstərilənlərin illik sayının 30 minə çatacağını qeyd edib.

Görüşdə qeyd edilib ki, ötən il əlilliyi olan 11344 şəxs 35 000 reabilitasiya vasitəsi ilə təmin edilib. Dövlət başçısının tapşırığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərlə təminat proqramına da başlanılıb və bu sahədə ardıcıl işlər aparılır. Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin iştirakçılarına, onlardan yaralanmış hərbi qulluqçulara sosial-psixoloji və reabilitasiya dəstəyinin göstərilməsi, həmin şəxslərin tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə aparılması üçün görülən işlər dediklərimizə sübutdur. Azərbaycanda reabilitasiya vasitələri ilə təminat üzrə işlərin gücləndirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni layihələrin həyata keçirildiyi də diqqətə çatdırılıb. ÜST - nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı qeyd edib ki, 2021 - ci ili əhatə edən layihə çərçivəsində reabilitasiya vasitələrinə ehtiyacların müəyyən edilməsi sahəsində tədqiqatlar nəzərdə tutulur. Bu tədqiqatlar nəticəsində reabilitasiya vasitələrin növlərinin siyahısının daha da genişləndirilməsinə dair təkliflər hazırlanacaq.
Onu da demək yerinə düşər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın vaxtlarda Əmək münasibətləri və məşğulluq altsisteminin (ƏMAS) tətbiqi nəzərdə tutulur. ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq.Yeni sistem əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. ƏMAS-ın tətbiqi ilə əmək və məşğulluq sahəsində kağız üzərində aparılan bütün əməliyyat və yazışmaların, işçilərlə əmək münasibətlərinə dair məlumatların, ştat cədvəllərinin və s. elektronlaşması təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 60 şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib. Onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir. Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal--xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar. Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünüməşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.
Qeyd edək ki, ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnib. Bu pozitiv tendensiyanı 2018 – 2020 -ci illərin sosial mənzərəsində də aydın görmək olar. Qeyd olunan dövrdə pensiyaların minimal məbləği 82 faiz artaraq 200 manat, orta aylıq məbləği 43 faiz artaraq 298 manat təşkil edib. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 40 faiz artaraq 328 manata, əlilliyə görə pensiyaların orta aylıq məbləği 49 faiz artaraq 261 manata, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 46 faiz artaraq 240 manata çatıb.
Artım tempi müavinət və təqaüdlərdə, ünvanlı sosial yardımlarda da özünü göstərib. Son üç ildə müavinətlərin orta aylıq məbləği 95 faiz, maksimum məbləği 65 faiz artmaqla müvafiq olaraq 119 manata və 150 manata çatıb. Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 61 faiz artaraq 240 manata çatıb. Bu artımın əsasında eyni zamanda ehtiyac meyarı həddinin ildən-ilə artırılması dayanır. Ehtiyac meyarı həddi 2018 –2020-ci illərdə 38 faiz artaraq, 116 manatdan 160 manata, yaşayış minimumunun məbləği isə son üç ildə 23 faiz artırılaraq 155 manatdan 190 manata çatdırılıb.
Bütün bu artım dinamikası həmin ödənişlərə yönəldilən vəsaitlərin də artırılmasını şərtləndirmiş olur. Belə ki, 2018–2020-ci illərdə pensiya istiqaməti üzrə ayrılan illik vəsait 36 faiz və ya 1 milyard 188 milyon manat artaraq 4 milyard 477 milyon manata, müavinətlərə ayrılan illik vəsait 120 faiz artaraq 613 milyon manata, təqaüdlərə ayrılan illik vəsait isə 3,5 dəfə artaraq 326 milyon manata çatıb. Ümumilikdə büdcədən müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə illik xərclərin həcmində 97 faiz artım özünü göstərməklə, bu xərclər 588 milyon manatdan 1 milyard 156 milyon manata çatıb. Son üç ilin timsalında sosial ödənişlərdə baş verən ciddi artımlar ölkəmizin uğurlu inkişafı şəraitində bu artımların qarşıdakı dövrdə də ardıcıl şəkildə davam edəcəyini qeyd etməyə əsas verir.
Onu da qeyd edək ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 6297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.
Ölkəmizdə məşğulluq imkanlarının artırılması və əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aparılan işlər son üç ildə əmək müqavilələrinin sayının 30 faiz artması ilə nəticələnib. Əmək müqavilələrin sayı 2018 -ci ilin əvvəli ilə müqayisədə 393 min artaraq 1 yanvar 2021 -ci il tarixə 1 milyon 703 min 249 -a çatıb. Bu dövrdə Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunanların sayı 107 faiz artaraq 2020 -ci ildə 94 minə, o cümlədən ödənişli ictimai işlərlə təmin olunanların sayı 55 dəfəyə yaxın artaraq 48 minə çatıb. Özünüməşğulluq proqramı ilə əhatə olunanların sayı isə son üç ildə 11 dəfə artırılıb və 2020 -ci ildə 12600 nəfər bu proqrama cəlb olunub.


Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

28 Fevral 2021 00:10 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə